Zakir Həsənov: “Əlimizdən gələni edib torpaqları işğaldan azad etməliyik”
Azərbaycan Respublikası müdafiə naziri Zakir Həsənov Qurban bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.
1news.az Müdafiə Nazirliyinin (MN) saytına istinadən xəbər verir ki, Z.Həsənov zabitləri, gizirləri, miçmanları, çavuşları, əsgərlər və matrosları səmimi qəlbdən təbrik edərək onlara möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə uğurlar arzulayıb.
Nazir deyib ki, milli-mənəvi dəyərlər xalqın mənəvi sərvətidir və həmrəylik, dostluq, halallıq, bərabərlik və mərhəmət kimi yüksək əxlaqi hisslər aşılayan, bu günümüzə qədər yaşadılan Qurban bayramı Azərbaycanda yüksək səviyyədə qeyd olunur.
Aprel döyüşlərindən də danışan nazir bildirib ki, aprel döyüşləri Silahlı Qüvvələrimizin döyüş ruhunun, döyüş qabiliyyətinin və gücünün təsdiqi oldu. Torpaqlarımızın bir qismi işğaldan azad edildi:
“Cənab Ali Baş Komandan “Biz imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci erməni dövləti yaransın” fikrini dəfələrlə vurğulayıb. Biz də prezidentin və Azərbaycan xalqının etimadını doğrultmaq üçün əlimizdən gələni edib torpaqları qısa bir müddətdə işğaldan azad etməliyik.
İnanıram ki, bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması naminə xidməti borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərinizi artıracaqsınız”.
1news.az