Meteoroloqlardan xəbərdarlıq: Havanın temperaturu aşağı enəcək, dağlıq rayonlarda sulu qar yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 16-17-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.
Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək.
Sentyabrın 15-i gündüz şimal və qərb rayonlarından başlayaraq sentyabrın 18-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
1news.az