Roma Papasının Bakıya səfər tarixinin proqramı məlum oldu
Roma Papası Fransiskin Azərbaycana qarşı münasibəti çox müsbətdir.
1news.az-ın verdiyi xəbərə görə, bu sözləri jurnalistlərə Katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete Roma Papasının Azərbaycana səfərinə həsr olunmuş mətbuat konfransında bildirib.
O bildirib ki, Papanın Azərbaycana səfəri ölkəmizlə Vatikan arasında münasibətlərin inkişafına kömək edəcək.
Onun sözlərinə görə, təsadüfi deyil ki, səfər Azərbaycanda multikulturalizm ili ərəfəsində baş tutacaq:
“Roma Papası Azərbaycanı tolerant ölkə kimi tanıyır”.
Mətbuat konfransında bildirilib ki, Roma Papasının Bakıda səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri ilə görüşləri nəzərdə tutulub.
Papa Fransiskin səfəri çərçivəsində Məryəm Ana kilsəsini, Şəhidlər xiyabanını ziyarət edəcək, eləcə də digər dinlərdən olan icmaların nümayəndələri ilə görüşəcək.
Roma Papası Bakıya sentyabrın 30-da Gürcüstana səfərindən sonra gələcək.
İyulun 1-də Vatikandakı Müqəddəs Pyotr meydanında Papa Gürcüstan və Azərbaycana səfərlərinin səbəbini açıqlayıb:
“Mən Qafqazdakı bu ölkələrə səfər edərək onların qədim xristian köklərini qeyd etmək, eləcə də burada sülh və ümidi ucaldacağam”.
Qeyd edək ki, iyunun sonlarında ermənilərin ali kilsəsinin dəvəti ilə İrəvanda üçgünlük səfərdə olub.
1news.az