BSU-da Azərbaycan xalqının siyasi antropologiyası fənni tədris ediləcək
Azərbacanda ilk dəfə olaraq Bakı Slavyan Univesitetində (BSU) Azərbaycan xalqının siyasi antropologiyası fənni tədris ediləcək. Hələlik fənn bakalavr pilləsinin yuxarı kursları üçün nəzərdə tutulub.
Məlum oduğu kimi, siyasi antropologiya Qərbin müasir siyasi elmində ən aktual intizamdır və mötəbər ənənələrə malikdir. Postsovet məkanı üçün bu intizam yeni və az tanınandır. Hətta humanitar meyilli Rusiyanın aparıcı universitetlərində siyasi antropologiya kursunun tədrisi son 10-15 ilə aiddir. Belə ki, ABŞ, Kanada və Avropanın aparıcı elmi mərkəzlərində siyasi antropologiya bir çox elmi araşdırmaların, dissertasiyaların, məqalə və monoqrafiyaların predmetinə çevrilib.
1news.az-ın verdiyi xəbərə görə, Beynəlxalq münasibətlər və ölkəşünaslıq kafedrasının müdiri, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev bunu təhsil sahəsində proqressiv addım kimi dəyərləndirib:
“Biz hamımız dərk edirik ki, müasir dünyada gedən siyasi proseslərin dərk edilməsi üçün beynəlxalq münasibətlərlə əlaqəli olan vacib intizamları dərindən öyrənmək lazımdır. Bu mənada siyasi antropologiya fənni xüsusi maraq və əhəməiyyət kəsb edir. Müvafiq intizamların sistemli öyrənilməsi hadisələri xaricdən göründüyü kimi deyil, onların geosiyasi və etniksiyasi proseslərini kompleks dərk edilməsinə imkan verəcək.
Siyasi antropologiya bütün lazımi intizamları – tarix, etnik psixologiya və politologiyanı özündə birləşdirərək hər bir xalqın, eləcə də Azərbaycan xalqının istər beynəlxalq, istərsə də ənənəvi siyasi vəziyyətini obyektiv qiymətləndirməyə imkan verir. İstənilən xalqın siyasi xarakteristikası ona xarici təsirin əsas hissəsi olmaqla geosiyasi qatları daha dəqiq görməyə imkan verir. Azərbaycanda humanitar elmlər sahəsində müasir nailiyyətlərin tətbiq edilməsi məsələsi dəfələrlə qaldırılıb. Xüsusən də bu sahədə akademik Ramiz Mehdiyevin çağırışlarını qeyd etmək olar. O, haqlı olaraq hesab edir ki, dünya elmi tərəfindən təsdiq edilmiş müasir intizamların tətbiqi olmadan universitet səviyysində humanitar elmlərin təbliğ edilməsinin keyfiyyətini yüksəltmək və siyasi proses və tarixi reallıqları düzgün dərk etmək mümkün olmayacaq”.
Professor həmçinin qeyd edib ki, kurs çərçivəsində tələbələr siyasi antropologiya və onun nailiyyətləri ilə bağlı lazımi məlumatları əldə edəcəklər. Əsasən də, prioritet məsələ kimi Azərbaycan xalqının siyasi antropologiyasına xüsusi diqqət ayrılacaq.
M.Əliyev universitetin rektoruna bu maraqlı təşəbbüsün həyata keçməsi üçün minnətdarlığını bildirib:
“Minnətdarıq ki, Nurlanə xanım Əliyeva bu məsələyə müsbət yanaşdı və siyasi antropologiyanın tədris edilməsi üçün lazımi, eləcə də texniki vəsaitlərin təmin edilməsində yardımçı oldu. Həmçinin o, kafedramıza siyasi elmlər sahəsində tədrisin səvviyyəsinin yüksəldilməsi üçün yeni təkliflərlə bağlı çıxış etməyi göstəriş verdi”.
Siyasi antropologiya kursunu BSU-nun Beynəlxalq əlaqələr və ölkəşünaslıq kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Eldar Əmirov tədrid edəcək. E.Əmirovun elmi işi Azərbaycan xalqının siyasi antropologiya məsələlərinə həsr olunub.
1news.az