“Kütləvi” sözündən məhrum olan uğursuz aksiyalar - TƏHLİL
İnformasiya əldə etmək imkanlarının artması, manipulyasiya imkanlarının məhdudluğu mitinqləri kütləyə deyil, məhdud siyasi bazaya xitab vasitəsinə çevirib.
Müxalifətin mitinq taktikası hələ uzun illər əvvəl iflasa uğrayıb, son mitinqlərin yeganə uğuru bu uğursuzluğun bir daha təsdiqlənməsidir. Səbəblər müxtəlif və çoxsaylıdır, burada son onilliklər ərzində dünyada və bölgədə gedən qlobal dəyişikliklərdən tutmuş şəxsi eqoların hələ də ön planda saxlanması cəhdlərinə qədər müxtəlif amillər var. Biz bu amillərin bir neçəsinə toxunmağa çalışacağıq.
Xalq hərəkatı Azərbaycanda mitinqlərin vüsət alması ilə başladı. 1988-ci ildə Azadlıq meydanında keçirilən mitinqlər iştirakçı səviyyəsinə görə zamanının rekordunu müəyyənləşdirdi və bu rekord ötən 28 il ərzində yenilənmədi. Səbəblər çoxdur, əsas səbəb isə o zaman keçirilən kütləvi aksiyaların informasiyaya çıxış mahiyyəti daşıması idi. İnsanların alternativ informasiya əldə etmək imkanı məhdud idi və mitinqlərə toplaşaraq fərqli fikirlərlə, ideyalarla tanış olurdular.
XXI əsrdə bu durum köklü şəkildə dəyişib, müasir texnologiyalar, internet və sosial media cəmiyyətin informasiya əldə etmək imkanlarını 30 il əvvələ nisbətən müqayisə olunmaz səviyyədə artırıb. Bu baxımdan cəmiyyətin kütləvi aksiyalara marağı sıfıra enib. Artıq hər kəs istənilən informasiyanı sərbəst şəkildə əldə etmək imkanına sahibdir, bunun üçün müxalifətin mitinqinə getməyə ehtiyac yoxdur.
İkinci səbəb də informasiya məfhumu ilə bağlıdır. Qeyd etdiyimiz kimi mitinqlər insanların informasiya əldə etmək imkanlarının məhdud olduğu dövrdə daha populyar olub. Bu amil mitinq təşkilatçılarına kütlə ilə gen-bol manipulyasiya etməyə imkan verirdi. “Biz bir qanun layihəsi hazırlamışıq, əgər qəbul olunsa, Azərbaycanın bütün problemləri həll oluna bilər, amma bunun üçün hakimiyyətə gəlməliyik”, “Bir ixtira etmişik, onu xaricdə patentləşdirsək, təkcə həmin ixtiradan gələn pullarla Azərbaycan insanının yaşayış səviyyəsini birə beş artırmaq olar”, “Qərbdə heç kəs işləmir, dövlət hamıya müftə pul paylaşır, biz isə bu qədər resursumuz ola-ola səhərdən axşama kimi qəpik-quruşa işləyirik, əgər biz hakimiyyətə gəlsək...” tipli vədlərin real olub-olmadığını yoxlamaq üçün alternativ informasiya mənbəyi yox idi. Dövrün siyasətçiləri bu tip manipulyasiyalarla liderə çevrilir, öz ətrafına sosial baza toplayırdı. İndi mitinqlərdə bu tip manipulyasiyalar etmək faktiki mümkün deyil, verilən hansısa vədin real olub-olmadığını müəyyənləşdirmək üçün bəzən dəqiqələr, saatlar kifayət edir. Sosial baza ilə manipulyasiya imkanlarının obyektiv olaraq məhdudlaşması ənənəvi pafoslu çıxışlar etmək, vədlər vermək imkanını müxalifət partiyalarının rəhbərlərinin əlindən alır. Və cəmiyyətdə hər mitinqdən əvvəl “axı filankəs yeni nə deyə bilər” sualının ortaya çıxması təbiidir. Çünki hələ də 90-cı illərdə qalan partiya rəhbərlərindən fərqli olaraq cəmiyyət mitinqlər dövrünün keçmişdə qaldığını anlayır. Hər kəs başa düşür ki, sosial mediada paylaşılan hansısa maraqlı xəbərin altında gedən sağlam diskussiyaların verə biləcəyi effekt mitinqlərin verə biləcəyi effektdən daha çoxdur. Bunu təkcə müxalifətdəki rəhbərlər anlaya bilmir və hər dəfə fiaskoya uğramalarına rəğmən kütləvi aksiyalar keçirməkdə israrlarını davam etdirirlər.
Niyə? Müxalifətin dövrün tələbləri ilə ayaqlaşa bilmədiyi amilini qeyd etdik. Amma başqa səbəblər də var. Bu səbəblərdən biri 92-ci il eyforiyasının hələ də beyinlərdə qalmasıdır. Azərbaycanda ilk hakimiyyət dəyişikliyi xaosun tüğyan etdiyi dövrdə, davamlı mitinqlər yolu ilə gerçəkləşdirilib və indiki müxalifət o zaman qısa müddətə də olsa hakimiyyətə gəlib. 24 il keçməsinə rəğmən, 1992-ci illə 2016-cı ilin şərtlərini müqayisə edə bilməyən müxalifət hələ də hesab edir ki, 24 il əvvəl olduğu kimi kütləvi aksiyalarla hakimiyyətə gəlmək mümkündür. Müxalifətin ən böyük səhvi 1992-ci ildə hakimiyyət dəyişikliyinə hansı şərtlərin rəvac verdiyini aydınlaşdıra bilməməsidir. Əgər ötən illər ərzində bunu aydınlaşdıra bilsələr, təsadüflərin siyasi proseslərdə oynadığı rolu dəyərləndirsəydi, indi tam fərqli mənzərə ortaya çıxardı. Ən azı bu gün meydanda cəmiyyətdən ən azı 20 il geridə qalan müxalifət olmazdı.
Bəs, keçirdiyi aksiyaların qarşısında “kütləvi” sözünün artıq olduğunu görə-görə müxalifət niyə mitinqlər keçirməkdə israr edir? Mitinqlər radikal müxalifətdəki siyasətçilər üçün öz kasad sosial bazalarına “biz hələ varıq” mesajı vermək üçün yeganə vasitədir. Yəni, bu mitinqlər cəmiyyətə deyil, öz tərəfdarlarına xitab etmək məqsədi daşıyır. Müxalifət liderlərinin buna böyük ehtiyacı var, çünki partiyalarda parçalanma, rəhbərliyin fəaliyyətsizliyinə etiraz, siyasi fəaliyyətdən uzaqlaşma prosesi son illər daha sürətlə davam edir. Mitinq keçirərək cəmiyyətə deyil, öz azsaylı tərəfdarlarına “hələ mövcuduq” mesajı verən müxalifət bununla siyasi ömürlərini uzatmağa çalışır.
Başqa bir məqam daha var. Müxalifət nə qədər tərəfdara sahib olduğunu özü də dəqiq bilmir. Seçkilərdə uğradıqları ard-arda məğlubiyyətlərdən sonra tərəfdarlarının sayı ilə bağlı radikal müxalifət partiyaları rəhbərlərində ciddi suallar yaranıb və mitinqlər keçirməklə öz sosial bazalarının miqdarını təxmin etməyə çalışırlar. Hər mitinqdən sonra aksiyadakı çıxışların, təkliflərin deyil, mitinqdə nə qədər iştirakçı olub sualının ön plana çıxması da bununla bağlıdır. Amma son on gündə keçirilən mitinqlər radikal müxalifət partiyalarının rəhbərlərinə bu sualın da cavabını da vermiş olub. Əvvəllər müxalifət icazəsiz aksiyalar keçirməyə cəhd göstərərək say azlığını “mitinqə icazə verilmədi deyə, insanlar gəlməkdən çəkinir” bəhanəsi ilə izah etməyə çalışırdısa, artıq bu bəhanə də müxalifətin əlindən çıxıb. Bakı şəhər İcra Hakimiyyəti sentyabr aksiyalarının keçirilməsinə razılıq verib və bu aksiyaların şəhər mərkəzində, metro stansiyasının yaxınlığında keçirilməsini məqbul sayıb. Gerçəklik budur - icazəli mitinqə bu qədər az sayda insan toplaşırsa, müxalifət artıq sosial bazasının nə qədər olduğunu özü də etiraf etməyə məcburdur.
Bakı polisinin rəsmi məlumatına görə, sentyabr ayında Milli Şuranın və Müsavat Partiyasının 3 mitinqində birlikdə 4 minə qədər iştirakçı olub. Bu artıq "sosial baza" anlayışının altında olan rəqəmdir. Reallıq budur ki, istənilən rayon icra hakimiyyətinin məhəlli səviyyəli bir tədbirində 1000-1500 nəfər iştirak edir. Mitinq keçirən müxalifət qrupları özləri də elan ediblər ki, bu aksiyada təkcə paytaxtda olan üzv və tərəfdarları iştirak etmir. Bu rəqəmin içində respublikanın bütün bölgələrindən gəlmiş üzvlər var. Hazırda təkcə paytaxtda 3 milyona yaxın əhali yaşayır. Bir daha təkrarlamaqda fayda var ki, bu sadə həqiqət göstərir ki, söhbət sosial bazadan deyil, yalnız partiya rəhbərliyindən, onların yaxın ətrafının bir yerə toplaşmasından gedir.
Müxalifətin mitinq sevdası yalnız sosial bazanın miqdarını müəyyənləşdirmək məqsədi ilə bağlıdırmı? Burada başqa bir məqam da var. Cəmiyyətin informasiyaya çıxış imkanının artması ilə kütlə ilə manipulyasiya imkanlarının azaldığını qeyd etmişdik. Keçirilən bu tədbirlərlə müxalifət öz məhdud bazasını radikallaşdırmağa, cəmiyyətdə qarşıdurma meylləri yaratmaq üçün insanların şüuruna şübhə toxumları səpməyə çalışır. Məsələn, son mitinqdə cəmiyyəti “dindarlar” və “ateistlər” olaraq bölməyə cəhd edilib, Əli Kərimli bu iddiası ilə həm siyasi mübarizədə din amilini yenə önə çəkib, həm də son dərəcə həssas məsələ olan dini inanc məsələsini qabartmaqla qarşıdurma yaratmaqda maraqlı olduğunu göstərib. Burada xarici qüvvələrin sifarişi ilə cəmiyyətdə xaos yaratmaq niyyəti aşkar görünür.
“Xarici qüvvələrin sifarişi” ifadəsi təsadüfi deyil, çünki müxalifət düşərgəsində son zaman gedən proseslər, qarşıdurmalar, qarşılıqlı ittihamlar mitinq taktikasına üstünlük verənlərin müstəqil hərəkət etmədiyini göstərir. ABŞ Konqresinin Tom Lantos İnsan Haqları Komissiyasında Azərbaycanda insan haqlarının durumu və bunun ABŞ siyasətinə təsirilə bağlı dinləmələr ətrafında baş verənləri xatırlamaq kifayətdir. REAL hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirlinin tədbirə dəvət olunduqdan sonra son anda dinləmələrdən kənarlaşdırılması müxalifət daxilində qarşılıqlı ittihamlara səbəb olub. Erkin Qədirli adının dəvətlilər siyahısından çıxarılmasında müxalifəti günahlandırıb və Sərkisyan haqqında söylədiyi fikirlərin qurbanı olduğunu iddia edib. Onun yerinə dinləmələrə Əli Kərimlinin oğlunun dəvət edilməsi REAL və AXCP arasında ittihamları artırıb. Prosesin ümumi təhlili göstərir ki, xaricdə “Azərbaycanda ən güclü müxalifət mənəm” yarışı gedir və bu yarışda iştirak edənlər Qərbin sifarişlərini olduğu kimi yerinə yetirdiklərini isbatlamağa çalışırlar. Hansı formada? Təbii ki, Qərbin dəyərlərini cəmiyyətə daha yaxşı kim aşılayır şəklində. Polemikanın “Erkin Qədirli seksist, homofob, ikrah doğuran”dır, “xeyr, deyiləm, siz özünüz beləsiniz” şəklində getməsi bunu göstərir. Bu cür “atışmalar”ın bir məqsədi var - Qərbin gözündə ön plana çıxmaq, rəqib müxalif qüvvədən daha güclü olduğu isbatlamaq.
Polemika göstərir ki, Qərbin gözündə hörmət qazanmaq üçün müxalifət mentalitetlə uyğun gəlməyən istənilən dəyərin daşıyıcısı olduğunu isbatlamağa, bunun üçün öz müttəfiqlərini belə vurmağa hazırdır.
Erkin Qədirlinin dinləmələrdən kənarlaşdırılması barədə statusunda yazdığına diqqət yetirək: "Adamlar məndən incidi. Dedilər ki, onlar mənə güvənirdi, mənsə onları pis vəziyyətdə qoydum və s. İşin emosional tərəfi ilə bağlı nəsə demədim, amma məsələni izah edə biləcəyimi yazdım. İzahımı istəmədilər. Dedilər ki, qərar qəbul olunub. Konqresmenlər tədbirin pozula biləcəyini ehtimal edərək belə qərar veriblər. Çünki oraya jurnalistlər gələcək, erməni təşkilatlarından qatılanlar da ola bilər. Yəni, güman üzərində verilmiş bir qərar oldu. Dedilər ki, ermənilər, ya da jurnalistlər tədbirin başında, ya da ortasında mənim iştirakıma etiraz edə bilərlər, bu da dinləmənin gedişatını poza bilər".
Demək ki, beynəlxalq təşkilatların əsas tələblərindən biri "erməniləri incitməməkdir". Və illərlə bu tədbirlərdə davamlı iştirak edənlər, Azərbaycan hakimiyyəti əleyhinə çıxış edənlər "erməniləri incitməmək" tələbinə əməl edənlər, bu tələbi yerinə yetirənlərdir. Zatən, tədbirdə Erkin Qədirlini əvəz edən AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimlidən (yeri gəlmişkən, elə o dinləmələrdə də bu statusla iştirak edib) bircə sıra o tərəfdə Armen Saakyan əyləşib. Armen Saakyan Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın oğludur.
Burda artıq şərhə ehtiyac yoxdu...
APA Analitik Mərkəzi