ANAMA: Sumqayıtda partlamamış top mərmisi aşkarlanıb – FOTO
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri sentyabrın 20-də Sumqayıtda qazıntı işləri aparılan ərazidə bir təhlükəli əraziyə baxış keçiriblər. Bu zaman bir partlamamış hərbi sursat - 122 millimetrlik top mərmisi (OF-462) aşkar edilərək götürülüb. Gün ərzində 100 kvadratmetr ərazi yoxlanılıb.
1news.az-a ANAMA-nın mətbuat xidmətindən bildiriblər ki, aprelin 7-dən sentyabrın 20-dək agentlik tərəfindən Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində ümumilikdə 646 ev və həyətyanı sahəyə, 3 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə, 1 şərab zavoduna və 1 çınqıl karxanasına baxış olub. Nəticədə 3481 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 41 mina aşkarlanaraq zərərsizləşdirilib.
1news.az