Azərbaycanın Rusiyadakı səfirliyində referendumla əlaqədar seçki məntəqəsi yaradılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi - referendumun keçirilməsi haqqında imzaladığı Sərəncamdan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün ölkəmizin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu cari ilin 26 sentyabr tarixinə təyin edilmiş səsvermə ilə əlaqədar səfirlikdə seçki məntəqəsinin yaradılması barədə əmr imzalayıb.
1news.az-a səfirlikdən verilən xəbərə görə, əmrə əsasən səfirlikdə təsis edilmiş 17 - Yasamal III seçki dairəsinin 48 №li seçki məntəqəsinin işinin yüksək səviyyədə təşkili üçün Fəaliyyət Planı təsdiq olunub.
Fəaliyyət Planına görə məntəqədə bütün lazımi texniki avadanlıqlar, müvafiq kabinələr quraşdırılıb. Seçicilərin sərbəst şəkildə səs vermələri üçün zəruri olan hər cür şərait təmin edilib. Bundan əlavə, səsvermə prosesinin mətbuatda işıqlandırılması məqsədilə Rusiyada akkreditə olnumuş Azərbaycan KİV nümayəndələri tədbirə akkreditə olunublar.
Rusiyada müvəqqəti və daimi əsasda yaşayan, səfirliyin konsulluq uçotuna götürülmüş Azərbaycan vətəndaşları referendumla bağlı məlumatlandırılıblar. Eyni zamanda, burada xidməti ezamiyyətdə olan vətəndaşlarımız da öz seçki hüquqlarından istifadə edə biləcəklər.
1news.az