Meksika Konqresi Deputatlar Palatasında Meksika-Azərbaycan Dostluq Qrupu yaradılıb | 1news.az | Xəbərlər
Siyasət

Meksika Konqresi Deputatlar Palatasında Meksika-Azərbaycan Dostluq Qrupu yaradılıb

16:25 - 22 / 09 / 2016
Meksika Konqresi Deputatlar Palatasında Meksika-Azərbaycan Dostluq Qrupu yaradılıb

Meksika Konqresi Deputatlar Palatasında Meksika-Azərbaycan Dostluq Qrupunun təsis edilməsi ilə əlaqədar tədbir keçirilib.

1news.az-a Azərbaycanın Meksikadakı səfirliyindən verilən xəbərə görə,  tədbirdə çıxış edən dostluq qrupunun sədri, Miçoakan ştatının deputatı Alfredo Anaya Orosko bildirib ki, dostluq qrupunun təsis edilməsi ölkələrimiz arasında əməkdaşlığın inkişafına göstərilən yüksək diqqətin, qarşılıqlı marağın göstəricisidir. Bu baxımdan, qrupun təsis edilməsi hazırda mövcud olan dostluq əlaqələrinin möhkəmlənməsinə və xalqlarımızın bir-birini daha yaxından tanımasına xidmət edəcək.

O, qeyd edib ki, Azərbaycanın tarix boyunca inkişafı, önəmi və İslam dünyası üçün nümunə olması təqdirəlayiq haldır. Azərbaycan zəngin və qədim mədəni irsə malikdir, eləcə də müsəlman ölkələri arasında yüksək dini tolerantlıq məkanıdır. 1918-ci ildə təsis edilmiş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman dünyasının ilk demokratik respublikasıdır. Müstəqilliyin bərpa edilməsindən sonra MDB və Şərqi Avropanın digər ölkələri ilə müqayisədə Azərbaycanda insan inkişafı indeksi, iqtisadi inkişaf və savadlılıq yüksək səviyyəyə çatıb, işsizliyin və cinayətin aşağı səviyyəsi qeydə alınıb.

Anaya Orosko Meksikanın bütün tarixi boyunca açıq xarici siyasət yürütdüyünü, diplomatik münasibətlərin beynəlxalq ictimaiyyətə xidmət missiyasının bir hissəsi olduğunu bildirib. O vurğulayıb ki, Meksika və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 24 il ötür. O vaxtdan bəri hər iki ölkə iqtisadi-ticari, təhsil, mədəniyyət, turizm sahələrində əməkdaşlıq əlaqələrinin qurulması üçün güclü iradə nümayiş etdirib. Artıq iki ölkə arasında qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsiplərinə əsaslanan dostluq münasibətləri formalaşıb, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli siyasi zəmin mövcuddur.

Azərbaycanın Meksikadakı müvəqqəti işlər vəkili Mehriban Səmədova bildirib ki, bu gün Azərbaycan regionun aparıcı dövlətidir. Cənubi Qafqazda bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilir və ölkəmizdə bütün sahələrdə sürətli inkişaf gedir. Dostluq qrupunun təsis edilməsi ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsinə, iqtisadi, ticari, turizm və mədəniyyət sahələrində əməkdaşlıq müqavilələrinin imzalanmasına və qarşılıqlı səfərlərin təşkil edilməsinə mühüm töhfə olacaq.

M.Səmədova Azərbaycan Hökuməti tərəfindən Latın Amerikasında ilk olaraq 2008-ci ildə Meksikada səfirliyin açıldığını və bunun ölkələrimiz arasında əməkdaşlığın inkişafına göstərilən yüksək diqqətin, qarşılıqlı marağın göstəricisi olduğunu vurğulayıb.

Səfirliyin fəaliyyətə başlamasının parlamentlərarası əlaqələrin inkişafına təkan verməsindən və Ermənistanın Azərbaycana qarşı təcavüzündən söz açan diplomat məsələyə dair Meksika Konqresi Deputatlar Palatasında 2011-ci ildə qəbul edilmiş qətnamə barədə məlumat verib. Bildirib ki, həmin qətnamədə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğal edilməsi, azərbaycanlı əhalinin, xüsusən də Xocalı soyqırımı zamanı öldürülməsi, fiziki zərərə və mənəvi əzaba məruz qalması, habelə 1994-cü ildə bağlanmış atəşkəs rejiminin Ermənistan tərəfindən pozulması pislənilir. O, qətnamənin Azərbaycan xalqı və dövlətinə, münaqişənin ədalətli həlli prosesinə böyük siyasi və mənəvi dəstək olduğunu diqqətə çatdırıb, Deputatlar Palatasına təşəkkürünü ifadə edib.

Meksika Xarici İşlər Nazirliyinin Avropa İdarəsi rəisinin müavini Aleksandro Masias Orteqa qeyd edib ki, dostluq qrupunun təsis edilməsi XXI əsrdə diplomatik sahədə əməkdaşlıq üçün xüsusi önəmə malikdir. Bu, xalqlarımız arasında icraedici, qanunverici və digər sahələrdə birgə daha yaxşı və sıx şəkildə əməkdaşlıq etmək üçün vacib amildir.

Daha sonra dostluq qrupunun üzvləri və M.Səmədova qrupun təsis edilməsi haqqında aktı imzalayıblar.

Dostluq qrupunun təsis edilməsi haqqında aktda qeyd olunur ki, qrupun üzvləri Azərbaycanla yaxından əməkdaşlıq edəcək. Bu sənəd davamlı və səmərəli dialoqa, xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə, yeni və daha yaxşı əməkdaşlıq yollarının inşasına töhfə olacaq. Həmçinin sənəddə xalqlar arasında sülh şəraitində birgəyaşayış prinsiplərinə, ölkələrin ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına, qanunun aliliyinə, beynəlxalq əməkdaşlığa, insan hüquqlarının qorunmasına, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsinə hər zaman hörmətlə yanaşmağa, beynəlxalq münasibətlərdə zorakılıq hallarının qarşısının alınmasına çağırış edilir.

Dostluq qrupuna Miçoakan ştatının deputatı Alfredo Anaya Orosko sədrlik edəcək. Ümumilikdə 10 deputatdan ibarət qrupun beş üzvü Meksikada hazırda iqtidarda olan İnqilabi İnstitusional Partiyasının üzvləridir.

1news.az

Paylaş:
656

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər