Mübariz Əhmədoğlu: Sərkisyan Ağdamda hərbi təlim keçirməklə Kremlin cızdığı dairədən çıxdığını nümayiş etdirmək istəyir
Ermənistan prezidenti, Dağlıq Qarabağda anadan olan S.Sərkisyan Dağlıq Qarabağa, Ağdama, Kəlbəcərə dəfələrlə gəlib. Oralarda hərbi təlim keçirmək barədə əmr verib, bəzilərində özü iştirak edib.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənistanın Dağlıq Qarabağda təlimlər keçirməsilə bağlı xəbəri şərh edərkən deyib:
“İşğal altında olan Kəlbəcərdə anadan olmuş Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov isə valideynlərinin məzarını ziyarət edə bilmir. Bu məqsədlə Kəlbəcər torpağına ayaq basan kimi özlərini qərb sivilizasiyasının daşıyıcısı kimi təqdim edən ermənilər onlardan birini öldürdülər, ikisini isə həbs etdilər. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin yubanması bir çox paradoksallığı ortalığa qoyub. S.Sərkisyanın və D.Əsgərovun işğal altında olan torpaqlarımıza ayaq basmalarının polyar zidd nəticə yaratması əyani misaldır.
Belə paradoksallıqlardan biri də beynəlxalq ictimaiyyətin xüsusilə ABŞ-ın və Rusiyanın mövqeyində baş verənlərdir. Hal-hazırda Rusiyanın mövqeyində baş verənlərdə müəyyən qədər sabitlik var. Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə çalışır, amma istəyir ki, həm Ermənistan, həm də Azərbaycan onun orbitində qalsın”.
Politoloq qeyd edib ki, RF hərbi bazanın Ermənistanda yerləşdirilməsinin məqsədi və funksiyaları Rusiyadan çox Ermənistana xidmət edir.
“Amma istər-istəməz baza Rusiyanın bazasıdır. Ona görə də Rusiya Ermənistanı incitməmək şərti ilə Dağlıq Qarabağı Azərbaycana qaytarmaq kursunu götürüb. Ermənilər Rusiyanın daxilində xeyli güclüdürlər və Rusiyanın bu siyasətində ziddiyyətlər yarada bilirlər.
Amma əsas paradoksal ABŞ-ın mövqeyində baş verir. C.Uorlik S.Sərkisyanın Dağlıq Qarabağa səfər etməsini əsaslandıran kimi S.Sərkisyan Ağdamda hərbi təlimlər keçirməyə başladı. Əlbəttə S.Sərkisyan təkcə bir faktorla işləmir, digər faktorları da əsas götürür. S.Sərkisyan bilir ki, dördgünlük aprel müharibəsini dayandıran Kremldir. Kreml atəşkəs razılaşmasının əldə olunmasını Xarici İşlər Nazirliyinə deyil, Rusiya Müdafiə Nazirliyinə, nazir S.Şoyquya tapşırdı”.
M.Əhmədoğlu bildirib ki, S.Sərkisyan indi Ağdamda hərbi təlim keçirməklə Kremlin cızdığı dairədən çıxdığını nümayiş elətdirmək istəyir:
“Eləcə də o da bəllidir ki, S.Sərkisyan seçkilərə hazırlaşır və Dağlıq Qarabağ məsələsində mövqeyinin sərtliyini hökmən göstərməlidir. Hətta özünü təkzib etməli olsa da sübut etməlidir ki, “Ağdam erməni torpağıdır”. Amerikalı həmsədrin bu vaxta qədər D.Əsgərovun, Ş.Quliyevin və H.Həsənovun Kəlbəcərə səfəri zamanı baş verənlərə münasibət bidirməməsi diqqət çəkir.
Əgər ermənilər deyirlərsə ki, mülki Azərbaycan vətəndaşı erməni mayorunu öldürüb, bu təkcə fərd olaraq azərbaycanlının üstünlüyü deyil, həm də ermənilərin mayorunun zəifliyidir; Erməni mayoru nə səviyyədədir ki, silahsız azərbaycanlı maşında, hər-tərəfli silahlanmış, yanında başqa bir zabit yoldaşının arvadı ola-ola onu öldürə bilir”.
M.Əhmədoğlu sonda qeyd edib ki, C.Uorlik bu vaxta qədər D.Əsgərovun həbs olunmasına reaksiya vermədiyi halda, həvəslə S.Sərkisyanın Dağlıq Qarabağa səfər etməsini alqışlayır və bununla da S.Sərkisyanı növbəti təxribatçı əməllərə sövq edir.
“Belə məntiqi nəticə çıxarmaq olar ki, S.Sərkisyanın Dağlıq Qarabağa getməsini, Dağlıq Qarabağda hərbi təlimlərin keçirməsini eləcə də D.Əsgərovun, Ş.Quliyevin işğal altındakı ərazilərə gedərkən həbs olunmasının xaç atası amerikalı həmsədr C.Uorlikdir. Amerikalı həmsədr Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində vəziyyəti dörd günlük aprel müharibəsindən əvvələ qaytara bildi. Hadisələr eyni ssenari üzrə gedir. Sonuncu dəfə ermənilər Dağlıq Qarabağın ərazisində 2014-cü ildə hərbi təlim keçirmişdilər. İndi isə o vaxtdan bəri sakitlik idi. İndi yenidən başlayıblar.
Ağdam ərazisindəki hərbi təlimlər zaman və sonra baş verən proseslər hamının yadındadır. Bu hadisələr aprel müharibəsinə gətirib çıxardı. İndi də ermənilər və Uorlik hadisələri müharibəyə aparır. Amma bu ola bilər dörd günlük müharibə olmasın. Müddətini deyə bilmərik, amma bir şey aydındır ki, bu müharibənin nəticələrini ermənilər təkzib edə bilməyəcəklər”.
1news.az