“İsgəndər” müəmması: Rusiyanın Ermənistanı silahlandırması nəyə xidmət edir? – FOTO
Məlum olduğu kimi, sentyabrın 21-də İrəvanda Ermənistanın formal müstəqilliyinin 25 illiyi münasibətlə hərbi parad keçirilib.
1news.az-ın məlumatına görə, paradda Ermənistanın Rusiyadan aldığı bəzi yeni silahlar, o cümlədən “İsgəndər-M” operativ-taktiki raket kompleksləri də nümayiş etdirilib.
Məlumata görə, KTMT çərçivəsində silah təchizatı razılaşması əsasında Ermənistana bir diviziyon “İsgəndər-M” raket komleksləri verilib.
Məsələ ondadır ki, 500 kilometr məsafə qət edən və müxtəlif tipli döyüş başlıqları, hətta nüvə başlıqları ilə təchiz olana biləcək bu yeni raket sistemini Rusiya indiyədək heç bir ölkəyə satmayıb.
Məlumat üçün bildirək ki, “İsgəndər” raketi - Rusiyada (Votkinsk Zavodu Dövlət-İstehsalatı Assosiasiyası) istehsal olunan mobil, qısaməsafəli ballistik raket sistemidir. 2006-cı ildə istehsal olunub və 2007-ci ildə Rusiya Ordusunda silahlanmaya qəbul olunub. “İsgəndər” raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir.
“İsgəndər” operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri “İsgəndər-M” raketləridir. “İsgəndər-M” raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir.
Rusiya hərbi nəşrlərində məlumat verilir ki, “İsgəndər-M” kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl “Patriot” və “Aegis” hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir.
Rusiya hərbi sənayesi “İsgəndər-M” raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb. Raketlərin son modifikasiyası hədəfi cəmi 10 metr dəqiqliyi ilə vura bilir.
Hazırda “İsgəndər-M” Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur və onun dünyada analoqu mövcud deyil.
Kompleks iki raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. “İsgəndər-M” iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur.
Beləliklə, “İsgəndər-M” komplekslərinə qarşı müdafiə dünyada praktiki olaraq mövcud deyil və təsadüfi deyil ki, Rusiya bu raketləri ABŞ-ın Avropada raketdən müdafiə sisteminə qarşı cavab kimi Kalininqradda yerləşdirib.
Raketlərin Ermənistanda yerləşdirilməsi isə Azərbaycanın son illərdə öz silahlı qüvvələrini hədəfi dəqiq vuran raket sistemləri və düşmən raketlərinə qarşı ən yeni müdafiə kompleksləri ilə təchiz etməsinə cavabdır.
Xatırladaq ki, ilin əvvəlində Rusiya Ermənistana 200 milyon dollar güzəştli silah krediti verib. Həmin kredit əsasında alınacaq silahların siyahısında “İsgəndər-M” raketləri yer almırdı. “Rosoboroneskport”un meneceri deyib ki, raketlərin verilməsinə dair müqavilə həmin kreditdən vəsaitlər cəlb edilmədən həyata keçirilib. Xəbər verildiyi kimi Ermənistan 200 milyon dollarlıq kredit hesabına Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemləri və “Solntsepyok” TOS-1A ağır odsaçan sistemləri almalıdır.
“Vedemosti” qeyd edir ki, bu vaxta qədər “İsgəndər” raketləri heç bir ölkədə ixrac edilməmişdi. Bu raketlərin ixrac variantı 280 kilometr uçuş radiusuna malikdir. KTMT üzvü olan ölkələrdən birinin Müdafiə Nazirliyinə yaxın mənbə deyib ki, Azərbaycan Rusiya, Ukrayna və İsraildən uzaqvuran reaktiv yaylım atəşi sistemləri alandan sonra Ermənistanda bu silahların yaşayış məntəqələrinə zərbələr üçün istifadə ediləcəyinə dair qorxu yarandı.
Mənbə xatırladıb ki, aprel döyüşləri zamanı müdafiə naziri Zakir Həsənov Xankəndinə dağıdıcı zərbələr barədə xəbərdarlıq edib. Mənbə bildirib ki, bu baxımdan “İsgəndər” raketləri Azərbaycanın belə planlarının reallaşması baxımından ciddi çəkindirici amil ola bilər.
Heç kəsə sirr deyil ki, bundan öncə də Rusiya dəfələrlə Ermənistana silah satıb, bəzi hallarda isə bağışlayıb. Rəsmi Moskva bu addımını regionda balansı qorumaq istəməsi ilə əsaslandırmağa çalışıb. Maraqlıdır, işğalçı dövləti silahlandırmaqla Rusiya hansı balansın qorunmasından danışır və bunu hansı beynəlxalq qanunvericiliyə əsasən edir? Əslində bu sualın cavabı hər kəsə aydındır. Heç kəsə sirr deyil ki, Rusiya işğalçı Ermənistanı silahlandırmaqla ancaq öz şəxsi maraqlarını güdür.
Əksər ekspertlər də bildirirlər ki, Rusiya tərəfindən ciddi silahların Ermənistana verilməsi yolverilməzdir. Ermənistan işğalçı bir dövlətdir. 20 ildən artıqdır öz havadarları vasitəsilə, Azərbaycanın torpaqlarını işğal altında saxlayır. Buna görə də Rusiyanın Ermənistanı silahlandırması heç bir hüquqi, siyasi çərçivəyə sığmır.
ABŞ-ın “Stratfor” analitik mərkəzinin analitiklərinin fikrincə, Ermənistanın silahlandırılması Dağlıq Qarabağla bağlı uzun müddətdir davam edən Azərbaycanla münaqişəni kəskinləşdirə bilər:
“Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən bazasında artıq “İsgəndər” raketləri var. Lakin, indi sistemin Ermənistanın əlinə keçməsi rəsmi İrəvana sistemi istədiyi kimi istifadə etmək hüququ verir.
Təkmilləşdirilimiş raket əleyhinə müdafiə sisteminin Dağlıq Qarabağ münaqişəsinin gələcək gedişatını formalaşdıracağı qaçılmazdır. Azərbaycan öz hərbi imkanlarını gücləndirir, Ermənistan isə Azərbaycanın onların silahlı qüvvələrini aşkar olaraq üstələdiyindən narahatdır”.
Məsələyə münasibət bildirən millət vəkili, parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev Rusiyanın Ermənistanı silahlandırmasının təəssüf və təəccüb doğurduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan Rusiyaya yanaşmada tək sözdə deyil, əlaqələrdə də strateji tərəfdaş kimi davrandığı halda, rəsmi Moskvanın bu addımı bizim ona qarşı olan münasibətinin əksini ortaya qoyur:
“Bizim Rusiya ilə strateji tərəfdaşlığımız Ermənistanla müqayisədə daha geniş ticari, iqtisadi əməkdaşlıqda, rus mədəniyyətinə qayğıda, Qərbdəki bəzi dairələrin təzyiq və təkliflərinə rəğmən onların antiRusiya planlarında yer almamaqda özünü göstərir. Bütün bunların qarşılığında isə Rusiya tərəfindən işğalçı dövlətə böyük dəstək verildiyini görürük. Rusiya addımını iki dövlət arasında balans yaratması ilə əsaslandırır. Kimlə kimin arasında balans yaradır? Torpağı işğal edilən ölkə ilə işğalçı ölkə arasında necə balans yaratmaq olar? Elə isə nə üçün Rusiya eyni balansı Suriyada da yaratmır? Nə üçün Bəşər Əsəd rejiminə etdiyi kimi İŞİD-ə də yardım etmir?
Bəziləri “İsgəndər” raketlərinin Rusiyanın Ermənistandakı hərbi bazasına, bəziləri isə ermənilərə verildiyini söyləyirlər. Məndə olan məlumata görə, həmin raketlər ermənilərə verilib. Verilməsəydi belə həmin raketlərin İrəvanda keçirilən hərbi paradda nümayiş olunması artıq çox şeydən xəbər verir”.
Millət vəkili “İsgəndər” raketlərinin Rusiyanın Ermənistana ayırdığı 200 milyon dollarlıq kredit sazişi çərçivəsində verilməsi xəbərinə də münasibət bildirərək istənilən halda rəsmi Bakının məsələdə öz qətiyyətli mövqeyini ortaya qoyacağını vurğulayıb:
“Paradda göstərilən texnika ondan xəbər verir ki, burada söhbət həcmi milyard dolları keçən yeni bir hərbi dəstəkdən gedir. Bu nə üçün edilir? Məlum olduğu kimi, bu ilin yayında Moskvada Rusiya prezidentinin moderatorluğu altında iki ölkənin dövlət başçıları arasında danışıqlar keçirildi. Danışıqlarda Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsi müzakirə olundu. Bundan boyun qaçıran tərəfə bir milyard dollardan artıq yardım edən, ona müasir hərbi silahlar verməklə Rusiya nə dərəcədə səmimi görünür və hansı dərəcədə vasitəçilik tələblərinə cavab verir?
Qəti şübhə etmirəm ki, Azərbaycan bunun həm simmetrik, həm də asimmetrik cavabını verəcək. Parad keçirilən gün Azərbaycan müdafiə sənayesinin yeni pilotsuz uçuş aparatlarının təqdim edilməsi ilə rəsmi Bakı buna simmetrik münasibətini ortaya qoydu. Asimmetrik addımlar isə bu olacaq ki, çox ehtimal ki, rəsmi Bakı Rusiya ilə apardığı geniş hərbi əməkdaşlığa yenidən baxmalı olacaq. Əgər Azərbaycan Rusiyadan silah alıb ona milyardlarla dollar gəlir verdiyi halda bu gəlirin bir hissəsi torpaqlarımızı işğal edən dövlətə ianə şəklində verilirsə təbii ki, biz bunu görməzlikdən gələ bilmərik”.
Ernənistanda son dövlərdə baş verən proseslərə toxunan S.Alıyev ermənilərdən fərqli olaraq azərbaycanlıların Rusiya xalqını və bayrağını təhqir etmədiklərinə diqqət çəkib:
“Hər kəsə yaxşı məlumdur ki, ermənilər Azərbaycan torpaqlarının işğal edilməsində sadəcə bir alətdirlər. Belə olan halda Rusiya ilə əməkdaşlığı pozitiv yöndə qurmağa çalışırıq. Elə bir hal yadıma gəlmir ki, hətta ən ağır günlərdə, Rusiyanın Dağlıq Qarabağ məsələsində ermənipərəst mövqeyi açıq şəkildə ortada olanda belə Azərbaycanda Rusiyanın bayrağı yandırılsın, ruslar o dərəcədə təhqir olunsunlar. Amma son ildə Ermənistanda baş verən proseslər zamanı həm Rusiyanın bayrağını yandırdılar, həm də rus xalqı, Rusiya rəhbərliyi addlmbaşı təhqir olunur. Bütün bunların qarşılığında Rusiyanın ermənipərəst siyasətini davam etdirməsi təəccüb doğurur”.
Münaqişənin həll edilməmiş qalmasının Rusiyanın özü üçün də təhlükə yaratdığını deyən millət vəkili, hansı yolla olursa olsun Azərbaycanın öz torpaqlarını geri qaytaracağına əminliyini ifadə edib:
“Rusiya unutmamalıdır ki, Qafqazın cənubu müstəqil dövlətlərdisə, Qafqazın şimalı Rusiyadadır. Bu regionu bu dərəcədə hərbiləşdirməklə Rusiya nəyə nail ola bilər? Aprel döyüşləri göstərdi ki, hansı yolla olursa olsun Azərbaycan öz torpaqlarını geri qaytaracaq və Azərbaycan danışıqlar xatirinə danışıqların aparılmasına getməyəcək və münaqişənin müddətinin uzadılması faktı ilə də barışmayacaq. Yəni, Rusiyanın Ernənistanı silahlandırması regionda partlayışa gətirib çıxara bilər. Ona görə də ümid edirəm ki, Rusiya rəhbərliyi də öz ölkəsinin, öz xalqının milli maraqlarından çıxış edərək üzərinə düşən vasitəçilik missiyasını yerinə yetirməyə çalışacaq. Münaqişənin həlli Azərbaycanın olduğu kimi, regioununda maraqlarını qoruyub saxlamaq baxımından Rusiyanın da marağındadır”.
Babək Cahandarov