Bu gün həm ailə qurdular, həm də referendumda iştirak etdilər – FOTO
39 saylı Kəpəz I (Gəncə) seçki dairəsinin 15 saylı məntəqəsində iki gənc - bəylə gəlin səs veriblər.
Hər iki gənc həyatlarının ən əlamətdar günündə toy libaslarında seçki məntəqəsinə gələrək səsvermə hüquqlarından istifadə ediblər.
Bu qeyri-adi hadisəyə şahidlik edən seçicilər də gənclərin sevincinə qoşularaq onlara səadət arzulayıblar.
Səsvermədən sonra bəy Xaliq Aydınlı sevincini belə ifadə edib:
“Həyatımızın ən əziz, unudulmaz günüdür. Həm ailə qururuq, həm də tarixi referendumla bağlı səs vermədə iştirak edirik. Hər ikimiz qərara gəldik ki, bu hadisəni unudulmaz etmək və həyatımızın mənasına çevirmək üçün toy karvanı ilə birlikdə seçki məntəqəsinə gələk və səsvermə hüququmuzdan istifadə edək”.
Bəyin anası Zəminə Nəsibova isə deyib: “Mən xoşbəxtəm, bu gün həyatımın ən unudulmaz günlərindən biridir. İnanıram ki, respublikamız üçün çox mühüm olan referendum günündə qurulan ailəni hər zaman sevinc və səadət müşayiət edəcək”.
Seçicilərin alqış sədaları altında toy karvanı şənlik evinə yola salınıb.
AZƏRTAC