Azərbaycan XİN başçısı Kolumbiya Milli Konqresinin nümayəndə heyəti ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikası Milli Konqresinin birinci vitse-prezidenti, xanım Daira de Xezus Qalvis Mendesin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən 1news.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Kolumbiya arasında ikitərəfli münasibətlərin inkişafı, gələcək əməkdaşlıq perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. E. Məmmədyarov Azərbaycan və Kolumbiya arasında siyasi əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edərək, iqtisadi-ticarət və turizm sahəsində əməkdaşlığın inkişafı üçün səylərin artırılmasının vacibliyini söyləyib. O, Kolumbiya hökuməti və “Kolumbiyanın İnqilabi Silahlı Qüvvələri” (FARC) təşkilatı arasında tarixi sülh sazişinin imzalanması münasibətilə Kolumbiya xalqına təbriklərini çatdırıb.
Ermənistan-Azərbaycan münaqişəsinə dair son vəziyyətlə bağlı ətraflı məlumat verən nazir Ermənistanın işğalçı və siyasət yürütməsi nəticəsində münaqişənin hələ də həll olunmadığını təəssüflə qeyd edib, Kolumbiyanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ədalətli mövqeyini yüksək qiymətləndirib.
Xanım Daira de Xezus Qalvis Mendes ölkəsinin Azərbaycanla bütün sahələrdə, xüsusilə iqtisadiyyat və ticarət sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib. Qonaqlar Bakıda keçirilən Humanitar Forum və onun gündəliyində duran məsələlərin müasir dünya üçün aktual xarakter daşıdığını vurğulayıblar.
1news.az