Milli Məclisin payız sessiyasında ilk plenar iclası keçirilib
Sentyabrın 30-da Milli Məclisin 2016-cı il payız sessiyasının ilk plenar iclası keçirilib.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, parlamentin sədri Oqtay Əsədov sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Oqtay Əsədov beynəlxalq və yerli müşahidəçilərin sentyabrın 26-da Azərbaycanda keçirilən referendumun demokratik və şəffaf şəraitdə keçirildiyini təsdiqlədiklərini söyləyib. Sədr qeyd edib ki, bu ümumxalq səsverməsi Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətə xalqımızın güclü dəstəyini nümayiş etdirdi.
Sonra sədr Milli Məclisin yaz sessiyasındakı fəaliyyəti haqqında danışıb. Bildirib ki, parlament Konstitusiyada nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini tam yerinə yetirib. Bu dövrdə 15 iclas keçirilib, 196 qanun və qərar qəbul olunub. Parlamentin beynəlxalq əlaqələri də çox sürətlə inkişaf edib. Milli Məclisin nümayəndə heyətləri üzv olduqları beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak ediblər. Parlamentin yaz və növbədənkənar sessiyalarından sonrakı dövrlərdə 33 ölkəyə 85 səfər həyata keçirilib. Milli Məclisdə 26 xarici dövlətdən, 8 beynəlxalq təşkilatdan 35 nümayəndə heyəti qəbul edilib. Deputatlar Rusiyada, Qazaxıstanda, Belarusda keçirilən parlament seçkilərində, həmçinin Tacikistanda keçirilən referendumda müşahidəçi kimi iştirak ediblər.
Plenar iclasda cari məsələlər müzakirə edilib.
Daha sonra gündəlikdəki məsələlərə baxılıb.
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Konstitusiya Qanunu ikinci oxunuşda müzakirə edilib. Dəyişikliyə görə sənədin 1.0.3-cü maddəsində “Qanununda nəzərdə tutulan dövlət və ya yerli özünüidarə orqanı tərəfindən qəbul” sözləri “ Qanununun 4.1-ci maddəsində müəyyən” sözləri ilə əvəz edilir. Qanunun 4.1.3-cü və 80.0.2.3-cu maddələri yeni redaksiyalarda verilir.
İclasda Milli Məclisin 2016-cı il payız sessiyasının qanunvericilik işləri planı təsdiqlənib.
Deputat Cavid Osmanov Milli Məclisin regional məsələlər komitəsinin, deputat Kamran Nəbizadə isə gənclər və idman komitəsinin üzvü seçilib.
Daha sonra “Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans-Anadolu təbii qaz sisteminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi, “Azərbaycan Respublikası Hökuməti ilə Fələstin Dövləti Hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə İsveç Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası Hökuməti ilə Malta Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası ilə QİSÇ, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond arasında Çərçivə Sazişinin təsdiq edilməsi haqqında” qanun layihələrinə baxılıb.
İclasda “Meliorasiya və irriqasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də nəzərdən keçirilib. Dəyişikliyə əsasən sənədin 12-ci maddəsinə “Meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyət orqanının yaratdığı qurumun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur” məzmununda dördüncü hissə əlavə edilir.
“Mədəniyyət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən sənədin 24.4-cü maddəsi ləğv edilir.
Deputatlar, həmçinin Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Poçt haqqında” Qanunda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Reklam haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə, “Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə, “Qiymətli kağızlar bazarı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxıblar.
“Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsəsən sənədə “Akvakultura subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə - 50 manat” məzmunlu yeni 18.69-cu maddə əlavə edilir.
“Aviasiya haqqında” Qanunda dəyişikliyə görə sənədin 6-1.1.14-cü və 6-1.1.15-ci maddələri ləğv edilir.
İclasda “Yol hərəkəti haqqında” Qanunda əlavələr və dəyişikliklər də müzakirə edilib. Dəyişikliklərə əsasən, “CE”, “D” və “DE” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnun müvafiq olaraq 21, 23 və 26 yaşdan verilməsi nəzərdə tutulur. “C” və “DE” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə sahəsində təcrübə üç ildən, “D” kateqoriyasında isə beş ildən az olmamalıdır.
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən sənədin 10-cu maddəsinin IV hissəsinin 2-ci bəndində “cəzaçəkmə müəssisələrindən və ya həbsdən” sözləri “azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından” sözləri ilə əvəzlənir.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklərə görə sənədin 17.1-ci maddəsində “mənzildə” sözü “yaşayış yerində” sözləri ilə, “mənzilə” sözü ilə “yaşayış yerinə” sözləri ilə əvəz edilir.
İclasda, həmçinin “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında, “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında, “Mühasibat uçotu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb.
“Kredit büroları haqqında” Azərbaycan Respublikası qanununun layihəsi də müzakirə edilib. Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə 4 fəsil, 23 maddədən ibarət olan qanun layihəsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, Qanunun əsas məqsədi fiziki və hüquqi şəxslərə öz öhdəliklərinin icrası barədə uzunmüddətli məlumat bazasının formalaşdırılması yolu ilə maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, borc münasibətlərində maliyyə intizamının möhkəmləndirilməsi və ölkədə maliyyə sisteminin sabitliyinin təmin edilməsidir.
Qeyd edilib ki, kredit büroları banklar və digər borc verən təsisatlar, bank olmayan kredit təşkilatları və investisiya təsisatları banklardan və kredit verən institutlardan kredit və yaxud digər formada borc götürmüş və ya belə bir borcu götürmək arzusu olan fiziki və hüquqi şəxslərin əvvəlki borclarının tarixi və həmçinin borc almaq istəyənin ödəmə qabiliyyətinin qiymətləndirilməsinə imkan verən digər məlumatların toplandığı bir məlumat bazasıdır. Başqa sözlə, bu kredit bürosu elə bir məlumat bazasıdır ki, orada kredit almaq istəyən hər bir şəxsin əvvəlki borcları, onların ödənmə intizamı, ödənmə statusu, o cümlədən vaxtı keçmişlər varsa onlar barədə, nə qədər müddətdə vaxtı keçməsi, ödəmə qrafiki kimi digər məlumatları özündə əks etdirən məlumat bazasıdır.
Qanun layihələri səsə qoyularaq qəbul edilib.
İclasda Avropa Parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.
1news.az