TAP boru kəmərinin Albaniya hissəsinin tikintisinə başlanılıb - FOTO
Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) qaz boru kəmərinin Albaniya hissəsinin tikintisinə başlanılıb.
1news.az xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG-nin saytında məlumat verilir.
Bildirilir ki, bu münasibətlə Fier şəhəri yaxınlığında keçirilən mərasimdə Albaniyanın Baş naziri Edi Rama, bu ölkənin energetika və sənaye naziri Damian Gjiknuri və TAP-ın icraçı direktoru Yan Bradşou iştirak edib.
Baş nazir E.Rama və D.Gjiknuri layihənin Albaniya üçün əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, ölkənin ən böyük xarici sərmayələrin biri kimi TAP Albaniyanın enerji sektorunun inkişafına müsbət təsir göstərəcək və digər xarici investisiyaların stimullaşdırılmasına kömək edəcək.
TAP-ın icraçı direktoru Y.Bradşou deyib: “TAP son bir neçə il ərzində çox böyük tərəqqi əldə edib və bunu əyani sübutu isə məhz bu gün burada görünür. Bütün bu işlər - TAP-ın həyata keçirilməsi Albaniya hökuməti ilə əməkdaşlığımızın nəticəsidir”.
İndiyədək TAP-ın tikinti işləri çərçivəsində Albaniyada 23 kilometrlik hissə partlamamış hərbi sursatdan təmizlənib, 12 kilometr boru marşrut xətti boyunca düzülüb, 8 kilometr boru qaynaq edilib. Həmçinin boruların 56 faizi gətirilib, yollar və körpülərin modernləşdirilməsinin 94 faizdən çoxu başa çatıb, işçi qüvvəsinin 90 faizi isə məhz Albaniyadandır.
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TAP layihəsi Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Buradan TAP boru kəməri Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. Boru kəməri burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək.
Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.
Boru kəmərinin uzunluğu 871 kilometr (Yunanıstan – 547 kilometr, Albaniya – 211 kilometr, Adriatik dənizi – 105 kilometr, İtaliya – 8 kilometr), diametri isə 48 düymdür (sualtı hissə - 36 düym). Bu il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. Bu il Azərbaycanın TAP layihəsinə 278 milyon dollar ayırması planlaşdırılır.
TAP üzrə tələb olunan kapital xərcləri 5 milyard dollardır. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir. Boru kəmərinin 2020-ci ildə istismara verilməsi nəzərdə tutulur. TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).
1news.az