Müsəlman ölkələrin jurnalistləri islamofobiyaya qarşı birgə mübarizə aparacaqlar
Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası Konfransının iştirakçıları Bəyanatla çıxış ediblər.
Həmin bəyanatı olduğu kimi diqqətinizə çatdırırıq:
“İslam dini mütərəqqi ümumbəşəri dəyərlər sisteminin, ümumdünya mədəni irsinin və humanizm ideallarının formalaşması və inkişafında mühüm rol oynayıb. Çoxəsrlik zəngin ənənələrə malik müsəman ölkələri bu gün də sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun güclənməsinə, beynəlxalq aləmdə siyasi, iqtisadi və mədəni proseslərin qarşılıqlı əməkdaşlıq şəraitində inkişafına dəyərli töhfələr verir. Bu mənada 57 müsəlman ölkəsini birləşdirən İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsi, müasir beynəlxalq münasibətlərin inkişafı, dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi işində fəal iştirakı xüsusi qeyd edilməlidir.
Hazırda bir çox müsəlman ölkəsində təhlükəsizliyi təhdid edən neqativ proseslər, hətta sabitliyin pozulması, milyonlarla insanın həyatına təhlükə yaradan, qaçqın və köçkünə çevrilməsinə səbəb olan vətəndaş qarşıdurmaları, qanlı münaqişələr, habelə sülh və əmin-amanlığı təcəssüm etdirən İslam dini haqqında yanlış rəy formalaşdırmaq cəhdləri biz jurnalistləri narahat etməyə bilməz.
Təəssüflə qeyd edirik ki, Qərbin islamofob dairələri, onların idarə etdiyi transmilli KİV-lər və təşkilatlar müsəlman dünyasında baş verən hadisələri, prosesləri birtərəfli və əsasən qərəzli formada təqdim edirlər. Elə bu səbəbdəndir ki, beynəlxalq ictimaiyyətdə müsəlman ölkələri və İslam dini haqqında yanlış təsəvvür yaranır. Beləliklə, İslam terrorla eyniləşdirilir, hər bir müsəlman isə potensial terrorçu obrazında təqdim olunur.
Yaranmış vəziyyət ümumi mənafe naminə müsəlman ölkələri arasında mövcud olan fikir ayrılıqlarının aradan qaldırılmasını, vahid mövqeyin formalaşdırılmasını tələb etdiyi kimi, həm də informasiya sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsini zərurətə çevirib.
2012-ci ildə Qabonun paytaxtı Libervill şəhərində İƏT-ə üzv ölkələrin informasiya nazirlərinin 9-cu toplantısında informasiya sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə ciddi qərarlar qəbul edilib. 2014-cü il dekabrın 3-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən növbəti toplantıda isə İƏT-ə üzv ölkələrin jurnalistləri assosiasiyasının yaradılması ilə bağlı təkliflər səsləndirilib və iştirakçılar tərəfindən müsbət qarşılanıb.
Hesab edirik ki, İƏT-ə üzv ölkələrin jurnalistlərini birləşdirən təşkilatın yaradılması İslam dəyərlərinin qorunması və təbliği, müsəlman xalqları arasında qarşılıqlı əlaqələrin, həmrəyliyin inkişaf etdirilməsi, Qərbin islamofob dairələri tərəfindən İslam dininə qarşı aparılan kampaniyanın qarşısının alınması, İslam coğrafiyasında bölücülük fəaliyyətinin ifşa olunması işinə böyük töhfə verə bilər.
Biz – 2016-cı il oktyabrın 3-də Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən konfransın iştirakçıları İslam Əmkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının yaradılmasına dəstəyimizi bəyan edirik.
Müasir dövrdə çevik informasiya fəaliyyətinin qurulmasında vahid koordinasiya mərkəzinin əhəmiyyətini və müsəlman ölkələri arasında informasiya mübadiləsinin gücləndirilməsi zərurətini nəzərə alaraq, bu məsələnin İƏT-ə üzv ölkələrin informasiya nazirlərinin 11-ci toplantısının müzakirəsinə çıxarılmasını, “İslam Əmkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası”nın hərtərəfli dəstəklənməsini, habelə 2017-ci ildə Bakı şəhərində İƏT-ə üzv dövlətlərin jurnalistlərinin iştirakı ilə yeni taranmış qurumun I konfransının təşkili üçün İslam Əməkdaşlıq Təşkilatının Katibliyindən müvafiq tədbirlərin görülməsini xahiş edirik”.
1news.az