Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlanıb
Bu il mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticəsinə əsasən ümumilikdə 2365 nəfər müəllim adını qazanıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə bu gün Təhsil Nazirliyində keçirilən press brifinqdə müəllimlərin işə qəbulu üzrə yekun statistika açıqlanarkən qeyd olunub. Bildirilib ki, müəllim adını qazananlardan 1800 nəfəri kənd məktəblərində həvəsləndirmə yerləri tətbiq olunan vakant yerləri seçib.
Tədbirdə, həmçinin transfer.edu.az portalına müraciət edən tələbələr barədə məlumat verilib. Cari ildə təhsilalanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilib. Bu, tələbə köçürülməsində şəffaflığın, rahatlığın və sadələşmiş prosedurun yaradılmasına xidmət edir. Ümumi müraciət edənlərin sayı 241 nəfər olub ki, onlardan 83 nəfərə müsbət cavab verilib. Cari ildə orta-ixtisas təhsili müəssisələri tələbələrinin də bu portal vasitəsilə köçürülməsi nəzərdə tutulub.
1news.az