Prezidentin tarixi nitqi: reallığın dolğun təqdimatı və strateji tezislər – Newtimes.az | 1news.az | Xəbərlər
Siyasət

Prezidentin tarixi nitqi: reallığın dolğun təqdimatı və strateji tezislər – Newtimes.az

14:23 - 14 / 10 / 2016
Prezidentin tarixi nitqi: reallığın dolğun təqdimatı və strateji tezislər – Newtimes.az

Son zamanlar bir sıra dairələr Azərbaycanla bağlı əsassız fikirlər ortaya atırlar. Bununla həm mövcud reallığı təhrif edir, həm də rəsmi Bakının yeritdiyi siyasətin gerçək məzmununa kölgə salmağa çalışırlar. Onlar bu hərəkətləri ilə faktiki olaraq haqsızlığa yol verir və vəziyyəti daha da mürəkkəbləşdirirlər. Risklər, qeyri-müəyyənliklər artır.

Bütün bunların fonunda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ifadə etdiyi fikirlər çox aktual məqamlara aydınlıq gətirir. Dövlət başçısı Azərbaycanın yeritdiyi siyasəti, onun real məzmununu, əldə etdiyi uğurları və qarşılaşdığı haqsızlıqları dəqiq söyləyib. Müasir dünyada baş verən hadisələrin dərin təhlilini verən ölkə rəhbəri, böhranlı vəziyyətin hökm sürdüyünü deyib. Həmin proses müxtəlif sahələri əhatə edir. Buna baxmayaraq, Azərbaycanda sürətli inkişaf müşahidə edilir. Ölkə rəhbərliyinin apardığı siyasət öz bəhrələrini verir. Bütün sahələr üzrə Azərbaycan uğur qazanır. Ancaq bir sıra dairələrin qərəzli münasibəti də özünü göstərməkdədir. O cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar əsası olmayan fikirlər söyləyir və Azərbaycanı günahlandırmağa çalışırlar. Bütün bunlara ən yaxşı cavab cənab Prezidentin çıxışında verilib. Onlar üzərində geniş dayanmağa ehtiyac vardır.

İnkişaf dinamikası: kimləri narahat edir?

Cənubi Qafqazda Azərbaycan daha çox beynəlxalq birliyin diqqət mərkəzindədir. Bunun konkret səbəbi məhz bu ölkənin regionda bütün sahələrdə daha çox irəliləyişə nail olmasındadır. Dost dövlətlər buna sevinirsə, obyektiv tərəfdaşlar məmnun qalırsa, elə dairələr də var ki, açıqca mane olmağa çalışırlar. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması vəziyyətə ayrıca gərginlik verir. Sirr deyil ki, bəzi dairələr də bu faktdan istifadə etməyə cəhd göstərərək Azərbaycana qarşı qərəzli və qeyri-adekvat addımlar atmaqdadırlar.

Belə bir reallığın mövcud olduğu şəraitdə ölkə rəhbərliyinin müstəqil və ardıcıl siyasi mövqe nümayiş etdirməsi olduqca vacib faktordur. Prezident İlham Əliyev qətiyyətli, müstəqil və milli maraqlara tam uyğun olan siyasi xətti ilə Azərbaycanı bütün bu ziddiyyətli vəziyyətlərdən məharətlə irəliyə doğru aparmaqdadır. Dövlət başçısının sədrliyi ilə Nazirlər Kabinetinin cari ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu, bir daha öz təsdiqini tapıb.

İlham Əliyevin həmin iclasdakı çıxışı həm nitqin məzmununa görə, həm də burada qaldırılıb təhlil edilən məsələlərin miqyasına görə birmənalı olaraq tarixi xarakterlidir. Prezident qlobal səviyyədə formalaşan ümumi mənzərənin dinamikası ilə regional və milli miqyasda olan reallıqlar arasında olduqca maraqlı və həqiqi bağlantılardan bəhs edib, onların dərin təhlili əsasında konkret nəticələr çıxarıb. Aydın görünür ki, Azərbaycan dövlətinə müasir çağırışları dərindən bilən və onları nəzərə alaraq milli dövlətçiliyə xidmət edən siyasət yeridən peşəkar lider rəhbərlik edir. İlham Əliyevin nəzəri hazırlığı ilə praktiki fəaliyyəti tam uyğunluq təşkil edir. Elitar siyasi-diplomatik təhsil almış lider dünyanın qlobal geosiyasi trendlərinin risklərlə dolu labirintlərindən gənc müstəqil dövləti ustalıqla irəliyə doğru apara bilir.

Burada vurğulanmalı olan vacib məqam İlham Əliyevin tam səmimi və şəffaf fəaliyyət göstərməsidir. Ölkə rəhbərinin istənilən məsələ ilə bağlı dediklərində bunu görmək mümkündür. O cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud reallığı səmimi ifadə etməsi diqqəti daha çox çəkir. İlham Əliyev seçdiyi fəaliyyət kursunun uğuruna və ədalətliliyinə inandığı üçün hər kəsin yanında düz sözü deyə bilir. Onu vurğulayaq ki, Azərbaycan rəhbərinin bu səmimi və əsaslı davranışı rəqibi özündən çıxarır və o, açıqca yalan danışmağa məcbur olur, çünki ədalətli deyil, haqsızdır və buna görə də həqiqəti etiraf edə bilmir. Nəticəsi odur ki, daim yalan söyləyir.

Nazirlər Kabinetinin sözügedən iclasında dövlət başçısı müasir qlobal geosiyasi vəziyyətin dolğun təhlilini verib. Əvvəlcə dünya iqtisadiyyatında böhranın davam etməsinə diqqət çəkib. Prezident indiki vəziyyəti tarixin ən ağır dönəmlərindən biri kimi xarakterizə edib. Doğrudan da, bu fikirdə dərin məna var – hazırda dünya demək olar ki, bütün sahələrdə böhranlarla üz-üzədir. Buraya iqtisadiyyatla yanaşı, siyasət, diplomatiya, demoqrafiya, ekologiya, beynəlxalq münasibətlər, mənəvi-əxlaqi dəyərlər, dinlər və sivilizasiyalararası münasibətlər və başqa sferalar daxildir. Həmin reallığa görə ölkə başçısı neftin qiymətinin kəskin aşağı düşməsi prosesi ilə müxtəlif regionlarda dini toqquşmalar, risklər və təhdidləri bir kontekstdə təqdim edir. İlham Əliyev bu bağlılıqda ifadə edir: "...Dünya iqtisadiyyatında böhranlı vəziyyət davam edir. Bu böhrandan həm təbii resurslarla zəngin olan ölkələr, eyni zamanda, istehlakçı ölkələr əziyyət çəkir. Təbii ki, neftin qiymətinin kəskin şəkildə düşməsi neftlə zəngin olan ölkələrin iqtisadiyyatına mənfi təsir göstərmişdir...

Dünya böhran içində: reallığın dərin təhlili

2016-cı ildə dünyada siyasi və hərbi böhran yaşanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar, müharibələr alovlanır, risklər, təhdidlər artır. Yaxın Şərqdə vəziyyət deyə bilərəm ki, kritik həddə çatmışdır. Yaxın Şərqdə müşahidə olunan qarşıdurma çox böyük fəlakətə gətirib çıxara bilər. Çünki hamımız yaxşı görürük ki, vəziyyət getdikcə kəskinləşir".

Bu proseslərin fonunda Prezidentin miqrant böhranına diqqət çəkməsi çox məntiqidir. Çünki özünü dünyanın demokratiya beşiyi sayan və ən çox inkişaf etmiş geosiyasi məkanın qlobal böhran vəziyyətinə necə reaksiya verməsi olduqca önəmlidir. Hələlik Avropa bu sınaqdan çıxa bilmir. Qərb insanların faciəvi taleyinə dözümsüz yanaşır, ədalətli ola bilmir, onlarla qeyri-sivil rəftar edir. Məsələn, "İslama stop" çağırışları edir, qarşılarında tikanlı məftillər çəkir, miqrantları qəfəslərə salır, onlara qarşı adi məişət həyatında belə çoxlu haqsızlıqlar edir.

Bunun ciddi mənfi siyasi təsirləri müşahidə edilir. Dövlət başçısı bununla bağlı bildirir: "Miqrant böhranı öz növbəsində Qərb ölkələrində radikal partiyaların xeyrinə işləyir, onlar daha çox səs toplayırlar. Bu, ilk növbədə, onu göstərir ki, cəmiyyət artıq onlara daha böyük dəstək verir, eyni zamanda, əgər gələcəkdə bu meyil davam etsə bu partiyalar hakimiyyətə gələcəklər, – ondan sonra onların siyasətinin nədən ibarət olacağı heç kəs üçün sirr deyil, – beləliklə, sivilizasiyalararası qarşıdurma dərinləşəcək".

Bizcə, mövcud reallığın dərin və obyektiv təhlilinə əsaslanan düzgün strateji nəticədir. Müstəqil dövlət xarici siyasətində bu məqamı mütləq nəzərə almalıdır. O cümlədən, Prezidentin xüsusi vurğuladığı kimi, Avropaya münasibətdə rəhbər tutulmalı mövqe ilə bağlı məsələdə diqqətli olmaq gərəkdir. Həmin aspektdə bəziləri "Avropaya inteqrasiya" ifadəsini işlədəndə yuxarıda vurğulanan məqamları unutmamalıdırlar.

Ölkə rəhbəri haqlı olaraq sual edir: "Ancaq biz hara inteqrasiya etməliyik? Bəziləri deyirlər ki, kiminsə xoşuna gəlmək üçün, yaxud da ki, donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. Özləri etiraf edirlər, Avropa İttifaqının ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! "Müsəlmanlara stop" deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?!".

Bu, olduqca əhəmiyyətli məqamdır. Azərbaycan Avropadan fərqli olaraq tolerantlıq, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası əməkdaşlığa üstünlük verən ölkədir. Burada fərqli inanc və mədəniyyət sahibləri əsrlərdir ki, dinc yanaşı yaşayırlar. Bu qiymətli dəyərləri olan bir ölkə yuxarıda vurğulanan sahələrdə ciddi böhran yaşayan bir məkana necə inteqrasiya ola bilər? Bu, irəliyə doğru addım olmazdı. Həmin səbəbdən, Azərbaycan sürətlə dəyişən qlobal kontekstə uyğun siyasət yeritməli və onun üçün əsas meyar milli maraqlar olmalıdır. İlham Əliyev bu tezisi daima müdafiə edir və onu yolundan heç kəs döndərə bilməz.

Bütün bunlara görə Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaş kimi əməkdaşlığı dərinləşdirir. Aİ-nin 9 ölkəsi ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb, 15 ildir ki, Avropa Şurasının üzvüdür və Qərbin digər təşkilatları ilə sıx əlaqələr inkişaf edir. Lakin, yenə vurğulamağa dəyər ki, bu, harasa inteqrasiya deyil, qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlıq formatıdır. Müasir dövrdə müstəqil dövlət üçün ən uyğun olanı budur. Çox sevindirici haldır ki, Cənubi Qafqazda bu cür siyasətin aparıcısı Azərbaycandır!

Müstəqil mövqe: Cənubi Qafqazın lideri

Azərbaycan həm daxili siyasətində, həm də beynəlxalq miqyasdakı fəaliyyətində öz mövqeyini qoruyub saxlayır, iradəsini ortaya qoyur. Ardıcıl olaraq keçirdiyi mötəbər beynəlxalq tədbirlər bunun sübutudur. Bu sırada dövlət başçısı V Bakı Beynəlxalq Humanitar Forumunu, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu, "Formula-1" yarışını, Ümumdünya Şahmat Olimpiadasını, Roma Papası Fransiskin Azərbaycana səfərini ayrıca qeyd edir. Ölkə rəhbəri bu işlərlə dünyada baş verənləri müqayisə edərək, yaranmış vəziyyəti konkret xarakterizə edir: "Bax, biz bu işləri görürük. Amma ətraf yanır, yan-yörə alovlanır, risklər artır. Biz isə öz xoşbəxt həyatımızı və xoşbəxt gələcəyimizi qorumalıyıq və qoruyuruq. Azərbaycanda sülh, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, insanlar rahat yaşayır, quruculuq işləri aparılır. Şəhərlərimiz gözəlləşir, abadlaşır, bütün işlər çox yaxşı gedir".

Müstəqil siyasətin bəhrəsi bundan ibarətdir! Vurğulanan uğurlar ölkə başçısının milli maraqlara üstünlük verərək atdığı addımlarının nəticəsidir. İlham Əliyevin cəmiyyətə verdiyi mesajlardan biri bundan ibarətdir və xalq da öz rəhbərini çox gözəl dərk edir, ona dəstəyini əsirgəmir. Prezident məsələnin bu aspektini də öz nitqində xüsusi vurğulayıb. O cümlədən İlham Əliyev Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar keçirilən referendum haqqında danışarkən çox maraqlı məqamlara aydınlıq gətirib.

Dövlət başçısı ilk növbədə referendumun şəffaf keçdiyini vurğulayıb. Bunu müşahidəçilər də açıq etiraf ediblər. Şikayətlər olduqca azdır və onlar ciddi faktorlarla bağlı deyillər. Bu, Avropanın bir sıra qurumları üçün də bir örnəkdir. Çünki onlar yerli-yersiz Azərbaycanı tənqid etməyə çalışırlar. Reallıq isə göstərir ki, vəziyyət tamamilə fərqlidir. Azərbaycanda seçkilər beynəlxalq standartlara uyğun aparılır və cəmiyyət azad şəkildə öz fikrini bildirir.

Bunlarla yanaşı, İlham Əliyev referendumun çox vacib bir nəticəsini dəqiq ifadə edir. Məsələ ondan ibarətdir ki, bu səsvermədə də xalq öz iqtidarı ilə bir yerdə olduğunu dünyaya nümayiş etdirdi. Onun əhəmiyyətini dövlət başçısı aşağıdakı kimi qiymətləndirir: "Referendumun ikinci əsas nəticəsi ondan ibarətdir ki, Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz dəstəyini verdi. Bu da əslində bizim siyasətimizə növbəti dəfə xalq tərəfindən verilən böyük dəstəkdir... Bu, bizim üçün böhranlı ildə növbəti bir test, sınaq idi". Deməli, xalq növbəti dəfə öz rəhbərinə etimadını bildirib və ona görə də müstəqil daxili və xarici siyasət kursu bundan sonra da davam etdiriləcək.

Vurğulanan məqamların fonunda Prezidentin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ifadə etdiyi fikirlər çox aktualdır. Hər şeydən əvvəl onu deyək ki, dövlət başçısı münaqişənin əsl mahiyyətini ətraflı xarakterizə edib. İndiyə qədər heç bir siyasətçi reallığı bu dərəcədə açıq-aydın təsvir etməyib. Təsadüfi deyil ki, bu məqam ermənilərə çox güclü təsir göstərib və bütün imkanlarını toplayıb İlham Əliyevin ifadə etdiyi tezisi təkzib etməyə çalışır, lakin heç bir tutarlı fikir söyləyə bilmirlər. Çünki Azərbaycan rəhbəri münaqişə və ona təsir edən qüvvələr haqqında obyektiv fikir söyləyib, mövcud real vəziyyəti təqdim edib.

Bir tərəfdən, Azərbaycan bu məsələ ilə bağlı beynəlxalq arenada fəallığını daha da artırır. BMT ilə yanaşı İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və Qoşulmama Hərəkatı çərçivəsində də problemin ədalətli həllinə fayda verə biləcək proseslər gedir. Yeri gəlmişkən, erməniləri məsələnin bu tərəfi də narahat edir. Çünki hiss edirlər ki, illərdir onlara havadarlıq edənlərin əllərindən bir sıra məqamlar çıxmaqdadır. Münaqişə nə qədər geniş əhatəli müzakirə edilərsə, onu məhdud dairələrin nəzarətdə saxlaması da bir o qədər çətin olar.

Təcavüzkarın havadarları: bağlı qapılar arxasındakı ədalətsizliklər

Bu məsələ həm də ona görə əhəmiyyətlidir ki, Prezidentin də vurğuladığı kimi, təcavüzkara havadarlıq var. Onun fonunda bir tərəfdən min cür bəhanə ilə Ermənistanı müdafiə edir, digər tərəfdən də Azərbaycanın qarşısını kəsməyə çalışırlar. Bu barədə açıq danışmağın zamanı çatıb. Çünki bəzi dairələr elə yalanlar uydurur, o dərəcədə qərəzli və qeyri-konstruktiv mövqe nümayiş etdirirlər ki, insanlar əsl həqiqəti dərk etməkdə çətinlik çəkirlər. İlham Əliyev həmin kontekstdə çıxışında vurğulayıb: "Amma siz də, Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi. Ona görə bu məsələyə aydınlıq gətirilməlidir. Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar dörd qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa öz qərarlarına hörmət etsinlər. Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur".

İndi həmin havadarlardan bəziləri sətiraltı Ermənistanın işğalçı siyasətini dəstəkləyərək Azərbaycan rəhbərliyini ittiham etməyə çalışır, Azərbaycan liderinin guya münaqişəni həll etməyə hazır olmadığını deyirlər. Bu kimi iddialara dövlət başçısı çox gözəl cavab verib. İlham Əliyev Amerikadan səslənən son bəyanatlardan birinin "təəccüb doğuran bir bəyanat" olduğunu deyib. Eyni zamanda, vurğulayıb ki, "Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq ən azı insafsızlıqdır".

Məsələ ondan ibarətdir ki bu cür bəyanatlar ABŞ, Rusiya, Fransa prezidentlərinin "status-kvo qəbuledilməzdir" tezisi ilə heç uzlaşmır. Belə çıxır ki, həmsədr dövlət başçılarının söylədikləri fikirləri belə öz siyasətçiləri bəzən təkzib edirlər ki, bu da onların mövqeyindəki ziddiyyətlərdən xəbər verir. Həm də onu göstərir ki, gizlicə Ermənistanın işğalçı siyasətinə dəstək verənlər vardır. Daha düşündürücüsü odur ki, bütün bunlar təsadüfi deyil. Yəni hansısa siyasətçinin yol verdiyi xəta deyil. Prezident İlham Əliyev çıxışında konkret olaraq ifadə edib: "...Amma bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin. Biz indi bunları açıqlamırıq. Çünki diplomatiyanın öz qaydaları var. Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada "beşinci kolon"a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək".

Bəli, reallıq bundan ibarətdir. İllərdir ki, vasitəçilik edənlər ədalətli davranmırlar. Sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, bağlı qapılar arxasında isə ermənilərin təcavüzünə haqq qazandırmağa çalışırlar. Onlar Azərbaycanı məcbur etməyə çalışırlar ki, öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına razılıq versin. Təbii ki, ölkə başçısı bu kimi təzyiqləri qəbul edən deyil, o, bütün varlığı ilə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir və bundan sonra da edəcək. Ancaq bir sıra siyasətçilərin məhz belə mövqeyinə görə Azərbaycan Prezidentini "günahkar" kimi təqdim etməyə çalışması nə etik qaydalara, nə ədalət prinsipinə, nə də insafa sığır. Onların ən yaxşı cavabı cənab Prezidentin aşağıdakı fikirlərindədir: "Bu, heç vaxt, olmayacaq. Nə qədər ki, biz iqtidardayıq, – referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq, – heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik".

Yuxarıda vurğulanan məqamlar bir daha sübut edir ki, Azərbaycana təzyiq edib, onu güzəştə getməyə məcbur etməyə çalışanlar ciddi müqavimətə rast gəliblər. Ölkə rəhbərliyi tutduğu mövqedən qətiyyən kənara çıxmır və çıxmayacaq. Ona görə də müxtəlif tədbirlərdə bir sıra hallarda ermənilərin havadarları qərəzli və Azərbaycanı əsassız ittiham edən fikirlər səsləndirirlər.

Onlar anlayırlar ki, Azərbaycan sürətlə inkişaf edir və heç zaman öz haqqını kimsəyə verməyəcək. Lakin ədalət naminə həmin dairələr düzgün nəticələr çıxarmalıdırlar. Təcavüzkarın, zalımın müdafiəsinə son verməli və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında obyektiv mövqe tutmalıdırlar. Bakı onlardan yardım ummur, sadəcə, tərəfsiz mövqe tutub, Azərbaycana öz torpaqlarını azad etməyə mane olmamalıdırlar. Bütün süni diplomatiya oyunlarına, "ərazi bütövlüyünü tanıyırıq" kimi gəlişigözəl sözlər deyib, reallıqda işğalçıya dəstək vermələrinə "stop" deməlidirlər. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında etdiyi tarixi çıxışının tezislərini diqqətlə öyrənib, lazımi nəticələr çıxarmaları bütün tərəflər üçün faydalı olardı! Çünki orada həqiqət anı, reallıqlar və ədalətli analiz vardır!

Kamal Adıgözəlov

Paylaş:
884

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər