Mübariz Əhmədoğlu: Moskva ermənilərin “Rusiyadan qaçmaq” şantajına düşməsi presedent ola bilər
RF prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Y.Uşakov Dağlıq Qarabağ tənzimlənməsində Rusiyanın nikbin olmadığını bildirdi. Y.Uşakov Rusiya Xarici İşlər Nazirliyinin deyil, Kremlin təmsilçisidir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın siyasətində əsas ikitirəliyi yaradan Rusiya Xarici İşlər Nazirliyi olub. Səbəb də bəllidir.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Ermənstandakı vəziyyətlə bağlı xəbəri şərh edərkən bildirib:
“Amma indi Kremlin təmsilçisinin də Dağlıq Qarabağ məsələsindəki mövqeyi dəyişir. Bu ermənilərin uğurudur. Uğurun nə müddətə davam edəcəyi isə hələlik bəlli deyil. Bəlli olan odur ki, ermənilər Kreml üzərində bu uğuru şantajla əldə etdilər. Ermənistan rəsmiləri və siyasiləri antiRusiyaçılığa yeni stimul verdilər, “Rusiyadan qaçacağıq” sloqanını ən aktual mövzuya çevirdilər. İyul ayında Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan Yerevanda olarkən bildirdi ki, Ermənistan Rusiyadan qaça bilər: “Əgər Azərbaycan çox lazımdırsa (Rusiyaya), bizi buraxsınlar. Qoy buraxsınlar, biz baxaq, kimə lazımıqsa, onun yanına gedərik. Əgər biz bunlara (ruslara) lazım deyiliksə”. Yaxınlarda politoloq Andranik Miqranyan diqqətçəkən açıqlama verdi: “Bizim hakimiyyətin (RF) yuxarı eşelonlarına fikir çatdırmaq imkanımız var. İndi biz çalışırıq çatdıraq ki, əgər ermənilər Azərbaycanla qarşıdurmada Qarabağı itirəcəklərsə Rusiya avtomatik olaraq Ermənistanı itirir. Bu halda Rusiya Cənubi Qafqazdan kənarda qalacaqdır...İndi Moskvada bu anlayış var”. Onun firkrincə, əvvəllər də belə hallar olub. A.Miqranyan Ermənistandan kənarda yaşayan ermənilər haqda xarakterik açıqlama verdi: “Biz ermənilərdə belə bir xarakter var: Biz əvvəlcə vətəndaşı olduğumuz, yaşadığımız ölkənin maraqlarından çıxış edirik, sonra isə öz milli mənşəyimizi və tarixi vətənimizi xatırlayırıq”.
Ermənilərin şantajları nəticə verdi; Rusiya hökuməti Dağlıq Qarabağ məsələsində ermənilərin nöqteyi-nəzərincə Azərbaycanpərəst mövqeyindən imtina etdi və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin yubanması istiqamətində fəaliyyət göstərməyə başladı.
Prezident V.Putin Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etdi. Görüşdə bildirildi ki, razılaşdırılan məqamlar var. Bəzi məqamlar isə yaxın vaxtlarda yenidən müzakirə olunub razılaşdırılacaq. Yaxın günlərdə prezidentlərin yeni görüşünü gözləyirik. Parisdən görüş təşkil etmək təşəbbüsü gəldi. Nəticəsiz qaldı. Az sonra ABŞ-ın Ermənistandakı səfiri R.Millz bəyan etdi ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü yaxında olacaq və bu görüşü Rusiya prezidenti V.Putin təşkil edəcək. İndi isə artıq bir neçə ay keçib. Rusiya nəinki görüş təşkil etmir, əksinə pessimizm yaymaqla məşğuldur.
Rusiyanın dövlət siyasətində qeyri-ardıcıllığı indiki gərgin dövrdə onun üçün arzu olunmayan vəziyyət yaradır.
Erməni diasporunun Kremlin siyasətinə təsir gücü ABŞ-ı Moskvadakı erməni diasporunu yenidən dəyərləndirməyə vadar edir. ABŞ ermənilərdən Rusiyanın əleyhinə istifadə edib. Hətta yaxınlarda S.Sərkisyan da etiraf etdi ki, Rusiyadakı ermənilər casusluqla məşğul ola bilərlər. Belə olan təqdirdə Kreml Moskvada vaxtı ilə antisovet olan ermənilərin indi də yenidən antiRusiya istiqamətində aktivləşməsinə rəvac verdi.
Putinin S.Sərkisyan tərəfindən inkarı ənənəyə çevrilir.“Rusiyadan qaçmaq” siyasəti artıq dəbə çevrilir. “Rusiyadan qaçmaq” şantajının Rusiyanın dövlət siyasətinə təsir edən ən təsirli rıçaq olduğu aşkarlandı. Kreml bu şantajı qəbul etdi və bu şantajı dəf etmək imkanının olmadığını təsdiq etdi. Ermənistan heç yerə qaça bilməz.
S.Sərkisyan ABŞ–da olarkən onunla heç bir dövlət rəsmisi görüşmədi. İnvestisiya cəlb etmək niyyəti də boşa çıxdı.
Ermənistan NATO-ya verdiyi vədləri yerinə yetirə bilmir. Qarşılıqlı ittihamlar başlayıb. NATO Ermənistanı qrant yeməkdə, Ermənistan isə NATO-nu Dağlıq Qarabağ məsələsində Azərbaycanpərəst mövqedə ittiham etdi.
Ermənistanın uydurma tarixi və coğrafiyası Rusiyanı əvəz edilməz dövlətə çevirib.
“İskəndər” digər dövlətləri Ermənistandan uzaqlaşdırır, onu Rusiyadan daha asılı edir. Rusiyadan narazı olan, qaçmaq istəyən dövlətlər var. Ermənistandan fərqli olaraq bu dövlətlərin qaçmaq şansı şantaj deyil, reallıqdır. Qazaxıstan və Belarus Rusiyanın AİB və KTMT üzrə müttəfiqləridir. Hər iki dövlətin Rusiyadan həm strateji və həm də praktiki məsələlərdə xeyli narazılığı var. Hər iki dövlətin yolu açıqdır, istənilən istiqamətə “qaça” bilərlər.
Azərbaycanın özünün manevr imkanları hədsiz çoxdur. Azərbaycan MDB məkanında müxtəlif dövlətlərlə, o cümlədən Belarus və Qazaxıstanla müxtəlif inteqrativ layihələrdə iştirak edə bilər. Vaxtilə Lizinq İttifaqı ideyası gündəlikdə idi. Ukrayna, Gürcüstan və s. dövlətlər qoşula bilər.
Azərbaycanın İran və Türkiyə ilə qonşuluqda yerləşməsi Kremlin antiAzərbaycan davranışı fonunda Rusiya üçün xoş olmayan nəticələr yarada bilər.
Ermənistana dəstək verməklə Rusiya ərazi bütövlüyü prinsipindən imtina etdi. Millətlərin öz müqəddəratını təyinetmə prinsipinə üstünlük verdi. Rusiyanın Yaxın Şərq siyasətində bu özünü göstərəcək. Mütəxəssislər Yaxın Şərqdə bu istiqamətdə müxtəlif tədbirlər keçirə və Rusiya siyasətinin mahiyyətini açıqlaya bilər- Bu gün hansı vəd verməyindən asılı olmayaraq, gələcəkdə Rusiya yalnız separatizmin bayraqdarı olacaqdır. Bu fikir Yaxın Şərq dövlətlərində Rusiyanın siyasətinə ciddi əngəl yaradacaq.
Erməni separatizminin dəstəkləməsi Şimali Qafqaz regionunda milli-azadlıq hərəkatının güclənməsinə stimul verə bilər.
Ermənilərin təyinatı və funksiyası Rusiya dövlətini sarsıtmaqdan ibarətdir. İndi də bu variantı seçiblər.
Roma Papasının regiona səfəri Dağlıq Qarabağ tənzimlənməsi kontekstindən Azərbaycanın xeyrinə, Ermənistanın əleyhinədir.
Oktyabrın 2-də Azərbaycana səfər etməklə Roma Papası Fransisk Cənubi Qafqaz regionuna səfərinə yekun vurdu. Diqqətçəkən ümumiləşdirmələr var:
Roma Papasının Ermənistana verdiyi yeganə üstünlük Ermənistana olan səfərini Cənubi Qafqaza olan səfərindən ayırması, əvvələ salmasıdır. Roma Papası Ermənistanda olarkən “erməni soyqırımı” terminini işlətmədi. İşlətdiyi “soyqırım” termini ümumidir. 2015-ci il aprelin12-də Vatikanda dini tədbir zamanı Roma Papası assuriyalılar, yunanlarla yanaşı “erməni soyqırımı” terminini işlətmişdi. Amma sonradan Türkiyənin təsiri ilə “erməni soyqırımı” termini işlətməkdən imtina etdi. Ermənistana səfərdə Roma Papasının ən əsas hədəfi prozelitizm idi. Roma Papasının fikrincə, ermənilər stabil dini əqidəyə sahib deyillər. Ona görə, ermənilərin mümkün qədər çoxunu katolisizimə cəlb etmək lazımdır. Roma Papası ermənilərin Türkiyə siyasətinin əleyhinə getdi. Ermənistandan Türkiyəyə tərəf iki ağ sülh göyərçini uçurdu. Bu Türkiyə-Ermənistan münasibətlərinin sülh yolu ilə tənzimlənməsinə işarədir. Ermənilərin isə Türkiyə ilə münasibətləri normallaşdırmaq fikri yoxdur. Ermənilərin ən əsas məqsədi nəyin bahasına olursa olsun Türkiyəni cəzalandırmaqdır.
Roma Papası Fransiskin Ermənistanda Dağlıq Qarabağla bağlı verdiyi bəyanatlar tamamilə erməni maraqlarının ziddinədir: a) Roma Papasının II Qareginlə imzaladığı sənəddə dini fərqliliyin mövcudluğu, müxtəlif dini və etnik icmaların birgə yaşayışı əsas götürülüb. Roma Papası Dağlıq Qarabağda ermənilərin və azərbaycanlıların birgə yaşayışının tərəfdarıdır və imzaladığı sənəddə də bu rəsmən təsdiq olunub. Ermənistanda isə faşist nəzəriyyəsi hökm sürür. Bu nəzəriyyəyə görə, azərbaycanlılar və ermənilər birlikdə yaşaya bilməzlər.
Roma Papası dərəcəsinə, statusuna görə, xeyli üstün dini liderdir. O, II Qareginə acıqlana bilərdi ki, müharibə ritorikasından əl çəksin. II Qaregin Dağlıq Qarabağda müharibənin qızışdırıcılarından biridir. Vaxtaşırı erməni hərbçiləri ilə görüşür.
b) “Bir parça torpaq” anlayışı Ermənistana daha çox aiddir. Bir parça torpaqdan ötrü ermənilər belə böyük riskə getməməlidirlər.
c) Papa Dağlıq Qarabağ məsələsində ermənilərin “həll” hesab etdiklərini həll variantı kimi qəbul etmədi.
Roma Papası Fransiskin Azərbaycana səfərində isə Ermənistanda verdiyi bəyanatlarını Ermənistandakı mövqeyinin tamamladı:
Papa bütün dünyaya mesaj verdi ki, Azərbaycan cəmiyyəti tək millətli və tək dinli cəmiyyət deyil. Bununla da Azərbaycan cəmiyyətinin Ermənistandan, ermənilərdən müsbət fərqli olduğunu nümayiş etdirdi.
Gürcüstana səfərdən sonra Azərbaycanda təmtəraqla qarşılanması hər halda xristian dünyası üçün Azərbaycanla bağlı müəyyən müsbət nəticələrin qavranılmasını daha da asanlaşdırır. Roma Papası Fransiskin Azərbaycana səfərində ən vacibi məqam Azərbaycan Prezidentinin ailə üzvləri ilə ailəsində olması, tanışlığı idi. Roma Papası bircə ABŞ prezidenti B.Obamanın ailə üzvləri ilə görüşüb. Ermənistanda və Gürcüstanda belə görüşlər keçirtmədi. Nəzərə alaq ki, S.Sərkisyanın kürəkəni M. Minasyan Vatikanda səfirdir, deməli S.Sərkisyanın qızı Vatikanda yaşayır. Yalnız etimadnaməni qəbul edərkən M.Minasyan həyat yoldaşı ilə birlikdə Roma Papasının audiensiyasında olublar.
Roma Papası Azərbaycana səfərinin həm ümumi, özəl təfərrüatları bütün dünyaya Azərbaycanı müsəlman dövləti olaraq dünya xristianları üçün çox böyük əhəmiyyətini nümayiş etdirdi.
Xüsusi olaraq qeyd edək ki, Roma Papasının Azərbaycana səfəri onun müsəlman dövlətinə ilk səfəri deyildi. Vatikanla digər müsəlman dövlətlərin əlaqələri olub. Amma Vatikanla ən sıx əlaqədə olan müsəlman dövləti İrandır. İranın Vatikanla əlaqələrinin tarixi Azərbaycanın Vatikanla əlaqələri tarixindən qabaqdadır. Müasir dövrdə İranın bütün prezidentləri Vatikanla əlaqə saxlayıblar. İranın eks-prezidenti Mahmud Əhmədinecadın Vatikanla əlaqələri daha məzmunlu olsa da amma bütün digər prezidentlərin də, Vatikanla əlaqələrində kifayət qədər siyasi və geosiyasi tutum var. Hatəmi Roma Papası ilə görüşüb. Hatəmi Roma Papasının dəfn mərasimində iştirak etdi. Eləcə də H.Ruhani də bu ilin yanvarında Vatikanda Roma Papası Fransisklə görüş keçirdi. Ona görə, Roma Papasının Azərbaycana səfəri bizim bəzi qonşularda qısqanclıq yaratmamalıdır.
Rusiya ərazisində “İskəndər-M” raketinin yerdəyişməsinə reaksiya verən Qərb, Ermənistanda yerləşdirilməsinə reaksiya vermir.
Qərbin “İskəndər” raketlərinin dislokasiyasına münasibəti paradoksdur və Azərbaycana qarşı ikili standartın təkzibolunmaz nümunəsidir. Rusiyanın “İskəndər-M” adlı raketi Qərb dünyasında və NATO-da kifayət qədər qorxu mənbəyidir. Qərb və NATO birgə müdafiə sistemləri yaratmaqla Rusiyanın hava məkanına nəzarəti gücləndirmək istəyir. Bunun qarşısını alan vasitə isə Rusiyanın “İskəndər-M” raketləridir. Kalininqrad vilayəti Rusiyanın Avropaya ən yaxın ərazisidir. “İskəndər-M”i Rusiya Kalininqradda, yəni öz ərazisində yerləşdirir və Qərb dünyası bu məsələyə narahatlıqla reaksiya verir. Həm də ola bilər bu sadəcə məlumatdır. Kalininqradda “İskəndər-M”in yerləşdirilməsi təsdiq olunmayıb. Kalininqradda “İskəndər-M”in yerləşdirilməsi ilə bağlı məlumatların yayılmasından az öncə Ermənistanda hərbi paradda “İskəndər” nümayiş olundu. Qərb bu günədək zərrə qədər olsun “İskəndər-M”in Ermənistanda yerləşdirməsinə reaksiya vermədi. Paradoks alınır. Rusiya öz ərazisində “İsgəndər-M”i yerləşdirə bilməz, amma Ermənistanın ərazisində “İskəndər-M” yerləşdirə bilər. Ermənistanın ərazisində yerləşdirilən “İskəndər-M”in təsir zonasına NATO dövləti olan Türkiyə də düşür.
Qərbin Ermənistana belə münasibəti dəfələrlə təkrarlanıb. 2011-ci ilin oktyabrında Moldova Ermənistana 5 milyon dollarlıq raket, eləcə də ən müasir raket atıcı qurğular, şaxtalar satdı. Müqaviləni Moldovanın baş nazir V.Filat imzaladı. Həmin silahları Ukrayna aviakompaniyası Ermənistana daşıdı. Liviyaya silah daşımaqla məşğul olan bu Ukrayna aviakompaniyası həmin vaxt Latviya tərəfindən icarəyə gotürülmüşdü. Ukrayna təyyarəsi Moldovanın silahını Ukrayna və Gürcüstan ərazisi vasitəsilə Ermənistana çatdırdı. Ukrayna, Gürcüstan və Moldova GUAM üzvləridir. latviya antirusiya, Ermənistan isə Rusiyanın forpostudur. Faktiki bütün GUAM üzvləri özlərinin bu təşkilat üzrə tərəfdaşları Azərbaycanın əleyhinə işlədilər. Rusiyanın hərbi bazası olan, Rusiyanın strateji müttəfiqi hesab olunan Ermənistanın əlavə silahlanmasında iştirak etdilər. Sonrakı hadisələr bəllidir, GUAM tədricən zəiflədi. Ukrayna ATƏT-ə sədrliyi dövründə MDB məkanındakı münaqişələr, xüsusilə Dağlıq Qarabağ münaqişəsi üzrə ərazi bütövlüyü prinsipinin dəstəklənməsini prioritetə çevirə bilmədi. Az keçmiş Ukrayna hadisələri baş verdi. Ukraynanın özünün ərazi bütövlüyü pozuldu. Aİ-nin “Şərq Tərəfdaşlığı” Proqramı və GUAM isə tamamilə iflic vəziyyətə düşdü.
Ermənistan isə həmin silahları aldıqdan sonra ərazisində bu silahlarla ən azı iki dəfə hərbi təlim keçirdi. Hərbi təlimin mövzusu Azərbaycanın Qərbə neft və qaz daşıyan kəmərlərini həmin raketlərlə dağıtmaq idi.
Bu gün bütün dünyada baş verənlər göstərir ki, Qərb dünyası baş verənlərə adekvat reaksiya vermək imkanında deyil. Amma Qafqaz, o cümlədən Dağlıq Qarabağ münaqişəsi Suriya münaqişəsinə nisbətən coğrafi baxımdan Qərbə daha yaxındır.
1news.az