“Səbailli gənclər “Ağ ölümə” yox deyir!” mövzusunda tədbir keçirilib – FOTO
Bu gün paytaxtın mərkəzindəki 132-134 saylı Təhsil Kompleksinin akt zalında “Səbailli gənclər “Ağ ölümə” yox deyir!” mövzusunda tədbir tədbir keçirilib.
1news.az-ın məlumatına görə, tədbir yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulmuş işlər çərçivəsində Səbail Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının və Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə rayonun bütün orta və ali təhsil ocaqlarında Narkomaniya əleyhinə işlər və Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili – Ombudsmanın təşəbbüsü ilə keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində baş tutub.
Səbail rayon İcra Hakimiyyəti rəhbərliyinin, Dövlət Komissiyası İşçi Qrupunun, ağsaqqalların, pedaqoji işçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin, orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbiri 132-134 saylı Təhsil Kompleksinin direktoru, əməkdar müəllim Sara Xanlarova açaraq tədbirin məqsədi barədə məlumat verib.
Tədbirdə bildirilib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.
Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Səbail rayon komissiyasının sədri Eldar Ağayev rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verib, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Qeyd edilib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.
Səbail rayon Polis İdarəsinin rəisi, polis polkovniki Əli İbrahimov müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə danışıb. Bildirib ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün aktual xarakter daşıyır. O, rayonda narkomaniyaya qarşı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat verib.
Tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun nümayəndəsi Eldar Sadıqov, Ombudsman aparatının şöbə müdiri Faiq Ağayev, Respublika Narkoloji dispanserinin həkimi Afət Məmmədova, Səbail Rayon Polis İdarəsi Narkotiklərlə mübarizə bölməsinin əməkdaşı, polis leytenantı Bəhrəm Qasımzadə, İçəri şəhər “Cümə məscidi” dini icmasının nümayəndəsi hacı Elşən Əlizadə və digər çıxışçılar ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd ediblər. Bildiriblər ki, narkomaniya cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur.
Çıxışlarda narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümyandələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamısının zəruriliyi vurğulanıb.
Tədbirdə narkomaniyanın fəsadları ilə bağlı film nümayiş etdirildi, yeniyetmələrə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verilib, tədbir iştirakçılarının təklifləri dinlənilərək onları maraqlandıran suallar cavablandırılıb və iştirakçılara narkomaniyanın fəsadlarını göstərən bukletlər paylanıb.
1news.az