Müəllifi guya Mikayıl Cabbarov olan məqalə ilə bağlı Təhsil Nazirliyi və “Respublika” qəzetinin birgə bəyanatı
“Respublika” qəzetində dərc edilən, müəllifi guya ki təhsil naziri Mikayıl Cabbarov olan, məqalənin təfərrüatları bəlli oldu. Oktyabrın 27-si “Respublika” qəzetində dərc edilən məqalə nazirlik sturkturları tərəfindən təqdim edilib və statistik məlumatlara əsaslanır.
1news.az-ın verdiyi məlumata əsasən, bu haqda “Respublika” qəzetinin və Təhsil Nazirliyinin birgə bəyanatında deyilir.
Təhsil Nazirliyinin rəsmi saytında yerləşdirilən bəyanatda qeyd edilir ki, anlaşılmazlıq əməkdaşlar tərəfindən məsələnin tam öyrənilməməsi səbəbindən yaranıb və lazımsız söz-söhbətlərə yol açıb.
Nazirlik və qəzet bu məsələ ilə bağlı əlavə şərh verməyi lazımsız sayır.
Xatırladaq ki, daha əvvəl dövlət qəzeti olan “Respublika” qəzetində müəllifi təhsil naziri Mikayıl Cabbarov göstərilən “Azərbaycanda müstəqillik dövründə təhsilin inkişafı” adlı məqalə dərc edilib.
Materialda ölkədə müstəqillik dövründə təhsil sahəsinin inkişafı barədə geniş məlumat təqdim olunub, statistik məlumatlar işıqlandırılıb.
Bundan sonra Təhsil Nazirliyi bu məqalənin nazirlə heç bir əlaqəsi olmadığı haqda məlumat yayıb.
Nazirliyin mətbuat xidməti bu məqalənin Mikayıl Cabbarova aid olmadığını və onun hazılanması ilə bağlı qəzetin redaksiyasından Təhsil Nazirliyinə müraciət edilmədiyini bildirib.
Baxmayaraq ki, qəzetin özü bu publikasiyanın nazirliklə razılaşdırıldığını iddia edirdi.
1news.az