Dörd KİV-in adı Mətbuat Şurasının “qara siyahı”sına salınıb
Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin iclası keçirilib.
1news.az Şuraya istinadən xəbər verir ki, iclasın gündəliyinə 2 məsələ daxil edilib.
İlk olaraq MŞ sıralarına qəbula baxılıb. Şuraya ərizə ilə müraciət edən kütləvi informasiya vasitəsinin baş redaktorları dinlənilib. Onlar həmin KİV-lərin fəaliyyət istiqamətləri barədə məlumat veriblər. İdarə Heyəti üzvləri «Milli Məclis», «Elm-Nauka», «Le Carrefour» («Yol qovşağı»), «Bələdiyyə həyatı», «Vedibasar», «Şəki bələdiyyəsi» qəzetlərinin, «Multikulturalizm», «Olimpə doğru», «Mədəniyyət.az», «Xəbərlər məcmuəsi» və «Elm və həyat» jurnallarının, «Report.az», «Medianews.az», «Olimpnews.az», «Avropa.info», «Arazmedia.az», «7news.az» saytlarının MŞ-yə qəbuluna səs veriblər.
Daha sonra Mətbuat Şurasının Şikayətlər üzrə komissiyasının və «reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının rəyləri əsasında qərarların qəbulu məsələsinə baxılıb. «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasının sədri Vüqar Rəhimzadə rəhbəri olduğu komissiyanın bu müddətdə 2 iclasının keçirdiyini, 20-dək məsələyə baxıldığını bildirib.
O, «Qanun və şah», «Dünyaxeber.com», «Yukaz.az» saytlarının adlarının MŞ-nin «qara siyahı»sına salınması üçün kifayət qədər əsasların olduğunu nəzərə çatdırıb, «365info.az» və «Haqqınsəsi.com» saytları ilə bağlı isə əlavə araşdırmalara ehtiyac olduğunu deyib. Məsələ səsə qoyulub və qərara alınıb ki, «Qanun və şah» qəzetinin, «Dünyaxeber.com», «Yukaz.az» saytların adları MŞ-nin «qara siyahısı»na daxil edilsin. Digər 2 sayta isə MŞ-nın xəbərdarlığı olunub. Onlarla bağlı araşdırmalar davam etdiriləcək.
İclasda «Bizim dövr» qəzetinin adının MŞ-nin «qara siyahı»sına yenidən qaytarılması barədə qərar çıxarılıb.
1news.az