“Fuad Poladov kimi bir adam teatrdan gedirsə...” - Fəxrəddin Manafov
Xalq artisti Fəxrəddin Manafov Fuad Poladovun Akademik Milli Dram Teatrından getməsinə münasibət bildirib.
1news.az xəbər erir ki, aktyor Teleqraf.com-a açıqlamasında baş verənlərin ona pis təsir etdiyini deyib:
“Bu, mənə çox pis təsir etdi. Teatrda xoşagəlməz hadisələr baş verir. Rəhbərlik dəyişilir, amma problem həll edilmir. Yenə deyirəm, bilmirəm nə baş verir, bilmirəm nəyə görə gənc aktyor ordan çıxıb, yoxsa çıxarılıb. Mən sadəcə, mediadan eşitdiklərimi, gördüklərimi deyirəm. Deməli, orda nəsə baş verir ki, Azərbaycan teatrında yeganə professional, - bunu qorxmadan və tam məsuliyyətimlə deyirəm - və dünya səviyyəsində peşəkar olan bir aktyor, teatra o qədər töhfələr vermiş insan teatrdan gedir. Demək o məcburiyyət qarşısında olub.
Təsəvvür edə bilməzsiniz ki, Fuad necə gözəl insandır. Onun qədər öz peşəsinə sadiq, öz peşəsinə dəlicəsinə sevgisi, münasibəti bugünkü aktyorların heç birində görməmişəm. O baxımdan düşünürəm ki, əgər belə bir insan, belə bir böyük aktyor, mənim özümə örnək hesab etdiyim bir adam teatrdan gedirsə, deməli, orda nəsə baş verir. Və baş verənlərin səbəbi məhz aktyorun özündə deyil. Onu tanımasaydım, bunu deməzdim. O məcburiyyət qarşısında bu addımı atıb. Orda nə baş verdiyini isə araşdırmaq lazımdır. Yəqin bu Mədəniyyət və Turizm Nazirliyinin teatr şöbəsi tərəfindən öyrənilməli, araşdırılmalıdır. Fuad Poladovun getməsi Azərbaycan teatrına, Akademik Milli Dram Teatrına böyük zərbədir. Əgər o gedirsə, bu teatda kim qalacaq? Bu məsələnin bir tərəfidir.
O biri tərəfdən mənə elə gəlir ki, Fuad müəllim tamaşaçıları intizarda qoymaz, tamaşaçıların Fuad müəllimə böyük ehtiyacı var. Ümidvaram ki, o, bunları da nəzərə alacaq.
Ona ancaq səbr, səbr və səbr arzulayıram. Mən onu çox istəyirəm. İnşallah, hər şey yoluna qoyulacaq”.
1news.az