Oxumaq istəyənlərin qarşısı niyə alınır? – Bakıda kitabxana problemi
Məşhur aparıcı Azər Qərib Azərbaycan Milli Elmlər Akamediyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) iş vaxtının oxucular üçün əlverişli olmaması barədə fikirlərini bölüşüb.
1news.az-ın məlumatına görə, Azər Qərib tələbələrin çoxsaylı müraciətlərini nəzərə alaraq mövzuya toxunub:
“Mən savada maneə olan bir problemə toxunmaq istəyirəm. Sən demə, bu vaxta qədər tələbələr, məsələn Tibb Universitetinin tələbələri, AMEA-nın kitabxanasına gedib, lazımı kitabları orada oxuyurdular və kitabxana saat 22:30-a qədər işləyirdi.
Hal hazırda isə həmin kitabxana saat 17:30-da bağlanır və yalnız saat 16:30-da dərsdən çıxan tələbələr gəlib çata bilmirlər.
Üstəlik, Elmlər Akademiyasının kitabxanası artıq şənbə və bazar günləri də bağlı olur.
Bu problemdir, bu böyük bir problemdir, çünki oxumaq istəyən tələbələrdən biz ikiəlli yapışmalıyıq, bizim gələcəyimiz onlardan asılıdır. Biz isə onlara şərait yaratmaq əvəzinə, bu kimi hallarla imkanlarını daraldırıq”.
Aparıcı ümid edir ki, Elmlər Akademiyasını rəhbərliyi tələbələrin narahatçılığını nəzərə alıb, kitabxananın iş rejimini dəyişəcək:
“Gənclərimizin elmə həvəsini ən çox elə Elmlər Akademiyası dəstəkləməlidir... Təhsildən danışırıq, gənclərin oxumağa həvəsindən, və mən də həmişə görüşlərdə vurğulayıram ki, çox gəzən yox, çox oxuyan çox bilər.
İnanmayın ki, təhsilin faydası azdır, ay nə bilim onsuzda iş yoxdur, adamın gərək adamı olsun və s. Xeyr, sizin adamınız siz özünüz olmalısınız! Savad çoxaldığca şanslar da artır. Bu bir aksiomadır”.
Məsələ ilə bağlı MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq. Şöbədən bildirildi ki, MEK-in iş qrafiki rəhbərliyin qərarı ilə oktyabrın 3-də dəyişdirilib:
“Əvvəllər 23:00-a qədər işləyirdi. Hazırda 9:00-dan 18:00-a qədər fəaliyyət göstərir. Qərarın hansı səbəbə görə alındığı barədə məlumatım yoxdur”.
Fərid Ədalət