Azərbaycanda film komissiyaları yaradılacaq
Azərbaycanda kinematoqrafiya sahəsində film komissiyaları yaradılacaq.
1news.az-ın APA TV-yə istinadən verdiyi xəbərə görə, bu, yeni hazırlanan “Kinematoqrafiya haqqında” qanun layihəsində öz əksini tapıb.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov bildirib ki, kino ilə bağlı hazırda qüvvədə olan qanun 1998-ci ildə qəbul olsa da, artıq o vaxtdan indiyə qədər Azərbaycan xeyli inkişaf yolu keçib və kino ilə bağlı tam yeni qanun layihəsinə ehtiyac var. Onun sözlərinə görə, 12 fəsil, 40 maddədən ibarət olan yeni qanun layihəsində filmlərin istehsalı və yayımlanması, milli kinematoqrafiyanın təbliği və qorunması sahəsində yaranan münasibətlər tənzimlənir.
Qanun layihəsinə əsasən, kinematoqrafiya sahəsində film komissiyaları yaradılacaq. Komissiyalar Azərbaycanda audivizual əsərlərin və filmlərin istehsalına dəstək göstərən publik hüquqi şəxs olacaq. Film komissiyaları öz fəaliyyətini "bir pəncərə" prinsipi əsasında quracaq və müraciət edən prodüserə audiovizual əsərlərin və filmlərin istehsalına xidmətlər təqdim edəcək.
Bundan başqa, layihədə Azərbaycanda fəaliyyət göstərən yayım müəssisələri üçün milli ekran vaxtı müəyyənləşdirilib. Vaxtın həcminin müəyyənləşdirilməsi və tətbiqi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçiriləcək. Milli ekran vaxtına riayət edilməsinə nəzarəti də məhz həmin orqan həyata keçirəcək.
Qanun layihəsində həmçinin Azərbaycanda kinematoqrafiya sahəsinə güzəştli kreditlərin verilməsi də nəzərdə tutulur. Bu da müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.
Eyni zamanda Azərbaycan ərazisində fəaliyyət göstərən kinozallardan və kinoteatrlardan aztəminatlı əhalinin, əlillərin və sağlam imkanları məhdud 18 yaşınadək uşaqların, müharibə iştirakçılarının güzəştli istifadə etmələrinə şərait yaradılacaq.
Layihədə həm də milli film şəhadətnamələrinin verilmə qaydası da müəyyən edilib. Belə ki, istehsalçı filmin istehsalını 1 ildən artıq müddətə dayandırarsa və film yayıma verilməzsə, filmin yayım dövrünə qədər verilən həmin şəhadətnamə müvafiq icra hakimiyyətinin qərarı ilə ləğv ediləcək və milli film istehsalçısına həmin filmlə əlaqədar verilən güzəştlər ləğv ediləcək.
Azərbaycanda milli filmlərin televiziya yayımı rəsmi dildə həyata keçiriləcək, xarici filmlərin televiziya yayımına isə yalnız Azərbaycan dilinə dublyaj olunduqda icazə veriləcək.
Layihə birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
1news.az