Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 190-260, Kiçik Qafqazın çaylarında 230-360, Lənkəran-Astara bölgəsi çaylarında isə 140-330 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, noyabrın 4-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 200 m3/s olmaqla ongünlük normanın 107 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 166 m3/s olmaqla ongünlük normanın 89 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 10 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 150 m3/s olmaqla, ongünlük normanın 178 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 205 m3/s təşkil edərək ongünlük normanın 243 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, noyabrın 4-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Bankədə 7, Araz çayının Novruzlu məntəqəsində 4 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 538 sm (2015-ci il noyabrın 04-də 493 sm), Salyanda 404 sm (2015-ci il noyabrın 04-də 322 sm), Bankədə 279 sm (2015-ci il noyabrın 04-də 241 sm), Araz çayının Novruzlu məntəqəsində isə 256 sm (2015-ci il noyabrın 04-də 210 sm) təşkil edir.
1news.az