Azərbaycanlı iş adamının 1-ci sinifdə oxuyan oğlu yuxarı sinif şagirdləri tərəfindən amansızlıqla döyülüb
Ukraynanın Xarkov şəhərində Azərbaycan əsilli iş adamı, Ukrayna ordusunun ehtiyatda olan general-leytenantı Vüqar Ələsgərovun azyaşlı oğlu etnik zəmində hücuma məruz qalaraq amansızlıqla döyülüb.
1news.az xəbər verir ki, bu barədə APA-ya V. Ələsgərov özü məlumat verib.
O bildirib ki, 1-ci sinifdə oxuyan oğlu təhsil aldığı Xarkov şəhəri 71 saylı orta məktəbdə yuxarı sinif şagirdlərin hücumuna məruz qalıb.
V. Ələsgərovun sözlərinə görə, oğlu amansızlıqla döyülüb, ona müxtəlif bədən xəsarətləri yetirilib:
“Hadisə barədə mənə həyat yoldaşım məlumat verdi. Dərhal özümü hadisə yerinə yetirdim. Körpə uşağı qəddarcasına döyüblər. Oğlumun dişləri sındırılıb, bədəni və başından xəsarətlər alıb. Mən məktəbin direktoru Olqa Vorobyovadan hadisə haqda məlumat almaq istəyərkən o mənim üstümə yuxarı sinif şagirdlərini çağırıb, hədə-qorxu gəlməyə başladı. Direktor “Sizin Ukraynada nə işiniz var ki, bunlar da başınıza gəlsin?!” dedi. Mən düz 30 il Ukrayna ordusunda xidmət etmişəm. Hadisə barədə polisə də məlumat vermişəm. Lakin polis məsələyə laqeyd yanaşır. Biz bunu özümüzə qarşı basqı kimi qiymətləndiririk” – deyə V. Ələsəgərov qeyd edib.
1news.az