1 dollar 2 manat ola bilər - qorxunc proqnoz
“Mənim gözləntim odur ki, fövqəladə hadisə baş verməsə ilin sonuna dollar 1.80 olacaq”.
1news.az xəbər verir ki, iqtisadçı ekspert Samir Əliyev “Qafqazinfo-ya müsahibəsində deyib.
Onun sözlərinə görə, neftin qiyməti qalxmasa, siyasi gərginlik olmasa ən aşağı rəsmi məzənnə 1.80 olacaq. Amma 2 manatdan da çox ola bilər:
“Burada daxildə əsas məsələ hökumətin nə etmək istəməsi ilə bağlıdır. Görəsən, ölkənin maliyyə kapitanları manatı ucuzlaşdırmaqda maraqlıdırlarmı? Burada monetar siyasət həyata keçirən Mərkəzi Bankla fiskal siyasət yürüdən Maliyyə Nazirliyi arasında fikir ayrılığı yaranır. Mərkəzi Bank manatın məzənnəsinin saxlanılmasına, inflyasiyaya məsuldur. Devalvasiyalarda ən çox zərbəni Mərkəzi Bank alır. Maliyyə Nazirliyi isə fiskal qurum olaraq büdcənin icrasına məsuldur. Milli valyuta ucuzlaşanda qiymətlər bahalaşır. Qiymətlər bahalaşanda isə vergi daxilolmaları artır. Maliyyə Nazirliyi manatın devalvasiyasında maraqlıdır. Hökumət də buna maraqlı görünür, çünki manat real dəyərini bazarda tutmayıb”.
Ekspert sözlərinə əlavə edib ki, bundan sonra Mərkəzi Bank valyutasını qorumaq siyasəti yürüdəcək:
“Birinci növbədə düşünməliydik ki, manatı saxlamaq üçün valyuta ehtiyatlarını tükətməyə dəyərdimi? Təcrübə göstərir ki, Mərkəzi Bank 15 milyard valyuta ehtiyatının böyük bir hissəsini, yəni 11 milyardı xərcləyib. Nəticədə isə yenə manat öz dəyərini iki dəfə itirib. Bundan sonra isə ehtiyatları çox qənaətlə xərcləyəcək. Mərkəzi Bankın hazırkı valyuta ehtiyatı ölkəni 5-6 ay idxalla təmin edə bilər. 4 milyardı Mərkəzi Bank üçün qırmızı xətt hesab edirəm. Deməli, Mərkəzi Bank artıq manatı qorumayacaq, öz ehtiyatını manatın kəskin ucuzlaşmasının qarşısını almaq üçün saxlayacaq”.
1news.az