Rəşad Quliyev: Azərbaycanın zəngin tarix və mədəniyyətini dünyaya tanıtmaq ən vacib və ən əsas sahəmizdir
1news.az-ın Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyevlə müsahibəsi:
- Almaniyada beynəlxalq təskilat olaraq qeydiyyatdan keçən Dünya Azərbaycanlıları Assambleyasının məram və məqsədi nədir?
- İlk öncə sizə və saytınızın rəhbərliyinə, başlatdığımız vacib layihənin ölkə ictimaiyyətinə çatdırılması üçün şərait yaratdığınıza görə təşəkkür edirəm. Cəmiyyətlə aramızda körpü qurulması baxımından mətbuatın dəstəyi bizim üçün çox önəmlidir.
Sualınıza gəlincə, deyə bilərəm ki, Dünya Azərbaycanlıları Assambleyası (DAA) 06 sentyabr 2016-cı il tarixində rəsmi olaraq Almaniya Federativ Respublikasının rəsmi orqanları tərəfindən beynəlxalq ictimai qurum olaraq qeydiyyatdan keçib. Qurumumuzun yaranma zərurəti var idi. Ona görə ki, bu gün dünyanın müxtəlif ölkələrində Azərbaycan adlı 465 cəmiyyət fəaliyyət göstərir. Bu təşkilatların birgə koordinasiyasını təşkil edən, dünyaya haqq səsimizi çatdıracaq beynəlxalq səviyyəli təşkilata ehtiyac var idi.
Adlarını çəkib antipiar etmək istəmədiyim, digər təşkilatların da bu istiqamətdə ciddi cəhdləri oldu. Bu günə qədər həmin təşkilatlar zaman-zaman bu fəaliyyəti qarşılarına məqsəd olaraq qoymuşdu. Düşünürəm ki, yaranan digər beynəlxalq səviyyəli təşkilatlar, qarşıya qoyulan hədəflərə doğru istiqamətdə getmədi. Birilərinin illərdir ad uğrunda mübarizələri onları konkret hədəf uğrunda mübarizədən yayındırmışdı. Fakt budur ki, bu cür məsələlər ümumi işimizə mane olur.
Bu gün dünyada haqqımızı müdafiə etməli olduğumuz, qanayan yaramız Dağlıq Qarabağ məsələsinə diqqət ayırmaq, dünyanın başına alıb gedən “erməni soyqrımı” yalanlarına dur demək əvəzinə, kim haqlıdır mübarizəsini aparmaq məcburiyyətində qalmışdıq.
Bu baxımdan milli məsələmizi dünya gündəminə daşıyacaq bir təşkilata ehtiyac var idi, məhz bu məqsədlə yola çıxaraq DAA-nı qurduq.
Dünya Azərbaycanlıları Assambleyası dünya üzərində yaşayan 50 milyondan artıq azərbaycanlının insan haqlarının, milli mədəni hüquqlarının təmin olunmasını qarşısına məqsəd qoymuş beynəlxalq ictimai təşkilatdır.
Biz, millətindən, dinindən, irqindən, cinsindən və siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəsi azad, xoşbəxt və firavan, Azərbaycan Respublikasını isə sivil, demokratik, azad, vahid, müstəqil və demokratik dünya ailəsinin bir üzvü olaraq çiçəklənən dövlət kimi görmək istəyirik.
Biz bütün dövlətlərin ərazi bütövlüyünə, o cümlədən də insanların, bütün xalqların hüquqlarına, dini azadlıqlarına hörmətlə yanaşır, dünyanın başqa xalqlarından da azərbaycanlıların hüquqlarına hörmətlə yanaşmalarını istəyirik.
- Dünyada Dağlıq Qarabağ məsələsi ilə bağlı ədalətsizlik hökm sürməkdədir. BMT-nin vacib qətnaməsi, Avropa Parlamentinin, Avropa Şurasının, ATƏT-in və digər beynəlxalq qurumların qəbul etdikləri qətnamələrə baxmayaraq, hələ də beynəlxalq aləm qətnamə qəbul etməkdən başqa real addımlara keçmir. Bu baxımdan təşkilatınız Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün hansı işləri görməyi düşünür?
- Bu gün Dağlıq Qarabağ problemi artıq daxili problem, milli münaqişə olmaqdan çıxıb. Bu problem artıq dünyanın problemi, əsas mövzusu vəziyyətinə gəlib.
Biz bir təşkilat olaraq beynəlxalq hüquq normalarına əsasən fəaliyyət göstəririk. Beynəlxalq hüquq normalarına əsasən Dağlıq Qarabağ və ətrafındakı 7 rayon Azərbaycanın tərkib hissəsidir.
Biz, 1992-ci ildə BMT-yə üzv qəbul edilərkən 86.6 min kvadratmetrlik ərazi ilə qəbul edilmişik. Bu çox önəmli məsələdir. Artıq dünya bizi bu sərhədlər çərçivəsində qəbul edir və bu müzakirə mövzusu deyil. Bir də beynəlxalq hüquqda xalqların öz müqəddaratını təyin etmə prinsipi var. Erməni işğlçıları bu prinsipləri manipuliasiya edirlər. Halbuki bu prinsip Dağlıq Qarabağa tətbiq edilə bilməz. Təsəvvür edin ki, bu gün Almaniya Federativ Respublikası 1 milyon suriyalı qaçqını ölkəsinə qəbul edir. Təbii ki, bir neçə il sonra bunların sayı bir neçə dəfələrlə artmış olacaq və bir müddət sonra bu bölgəyə köç etmiş ərəblərin qalxıb müqqədərtımızı təyin etmək istəyirik, prinsipimiz var, deyə bilməzlər. Bu gün dünyanın elə bir ölkəsi yoxdur ki, orda on illər, hətta yüz illərdir başqa xalqlar yaşamasın, hər bir millət bu prinsipdən istifadəyə qalxsa dünyanın düzəni dəyişər. Bu baxımdan ermənilərin bu iddiası yersız və absurddur.
Dağlıq Qarabağ məsələsi bizim fəaliyyətimizin əsas prioritetini təşkil edir. Bütün gücümüzlə bu məsələdə haqlı mövqeyimizi beynəlxalq təşkilatlara, dünyanın bu tip münaqişələrlərlə məşğul olan qurumlarına, fəaliyyət göstərdiyimiz ölkənin yerli hakimiyyət orqanlarına, toplumuna çatdırmağı özümüzə borc hesab edirik.
Bir önəmli məsələni də qeyd etmək istərdim. Bu ilin aprel ayında erməni separatçıları atəşkəs rejimini pozaraq bölgədə əldə olunmuş sabitliyi pozmaq istədi və nəticədə çox güclü silahlı münaqişə yarandı. Bu o bölgələrdə baş verdi ki, burada həmçinin sivil əhali yaşayırdı. Onlarla evlər dağıdıldı və s.
Mövzu ilə əlaqədar oxuyun:
Aprel -2016: Dağlıq Qarabağda cəhbə xəttindəki döyüşlərin nəticəsi nə deyir?
Bununla bağlı Avropa Parlamentinin prezidenti Şultsa müraciət ünvanladıq və o buna dərhal reaksiya verərək ermənilərin işğal etdiklər əraziləri boşalmasının vacib olduğunu qeyd etdi.
Bu çox önəmli bəyanat idi. Çünki o ərəfələr erməni diasporası yalan və riyakarlıqla məşğul idi və beynəlxalq qurumlarda guya belə bir fikir formalaşdırmağa çalışırdılar ki, Azərbaycan Silahlı Qüvvələri onlara qarşı (sivilləri nəzərdə tuturam) ağır artilleriya tətbiq edir. Bu ərəfədə cənab Şultsun bu addımı onların səslərinin kəsilməsinə layiqli bir cavab oldu və biz, bunu hələ qeydiyyatdan keçmədiyimiz ilk aylarda etmişdik. Fürsətdən istifadə edərək cənab Şultsa qətiyyətli mövqeyinə görə də çox təşəkkür edirəm.
Təbii ki, o ərəfədə bir neçə erməni lobbilərinin “mirzəlik” rolunu həyata keçirən Avropada müxtəlif mətbuat orqanları var idi.
Biz paralel olaraq onlara qarşı hərtərəfli mübarizə apardıq. Buna misal olaraq “The European” jurnalının rəhbəri, Weimer Media Şirkətlər Qrupunun rəhbəri Wolfram Weimerin “das christlische wird attackiert” yəni “xristiyanlar hücuma məruz qalır” yazısı idi.
Bu yazını o, həm öz jurnalında, həm də Almaniyanın NTV telekanalının saytında dərc etdirmişdi. Əvvəlcə Almaniyada yaşayan azərbaycanlıları, Almaniyada yaşayan türk vətəndaşlarını təşkilatlandıraraq onun Facebook səhifəsinə informasiya hücumu təşkil etdik.
Bunların qarşısında o, əlbəttə heç bir arqument gətirə bilmədi. Digər tərəfdən 100-ə yaxın almanın, Almaniyada yaşayan digər millətlərin imzası ilə etiraz məktubu hazırladıq və sifarişli yazara anlatdıq ki, Azərbaycan xalqı tarixən dünyaya tolerantlıq nümunəsi göstərib, hətta bu gün Bakının mərkəzində erməni kilisəsi də fəaliyyət göstərir.
Artıq bu sifarişçi mirzə 3 aya yaxındır müraciətimizə cavab vermir. Hətta biz ona təkzib vermək, Azərbaycan xalqından üzr istəmək və alternativ fikrin işıqlandırılmasına şərait yaratmaq tələbi irəli sürmüşük. Bunlar edilməyəcəyi təqdirdə ona qarşı məhkəmə iddiası qaldıracağımızı bəyan etmişdik. Bu vaxt artıq bitdi və bizim yalnız bir yolumuz qaldı – məhkəməyə getmək!
- Almaniyada yaşayan millətlər, əsasən alman xalqı ölkəmiz haqqında hansı məlumatlara malikdirlər?
- Almanlar Azərbaycanı ümumi məlumatlarla tanıyırlar. Ölkəmizin zəngin mədəni tarixə irsə sahib olduğunu müəyyən qədər bilirlər. Ancaq bu kifayət etməz. Yalnız Almaniyada deyil, hətta qonşu ölkə Rusiyada, canı canımızdan olan Türkiyədə də, dünyanın ucqar nöqtəsində yerləşən, Avstraliya, Yaponiyada, bir sözlə dünyanın hər bir nöqtəsində ciddi fəaliyyət içərisində olmalıyıq. Almaniyada da haqqımızda ciddi məlumat boşluğu var. Məsələn, almanlar hələ də bilmirlər ki, onların dədə-babaları keçmişdə Azərbaycanda işləmək, yaşamaq üçün ölkəmizə təşrif buyurublar və burada almanların yaşadığı kəndlər, kilsələr mövcuddur. Bu gün qardaş Türkiyədə belə ölkəmizi yaxından tanımayan insanlar mövcuddur. Buna görə düşünürəm ki, bütün ölkələrdə paralel ciddi iş aparmaq lazımdır.
Mövzu ilə əlaqədar:
Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illiyi ilə bağlı tədbirlər keçiriləcək
- Almaniyada təhsil alan tələbələrimizin fəallığı hansı səviyyədədəir?
- Baxmayaraq ki, bu gün Almaniyada yüzlərlə, hətta minlərlə azərbaycanlı gənc təhsil alır, tələbələrin ölkəmizin təbliğatındakı fəallığı yetərli hesab oluna bilməz. Bir neçə dəfə ayrı-ayrı tələbə qrupları ilə görüşlər keçirmiş, danışıqlar aparmış, bunların səbəbini öyrənməyə çalışmışıq.
Almaniyaya gələn tələbələrin əksəriyyəti dərslərinə istiqamətlənir, özlərinə çevrə toplamağa başlayırlar. Yerli cəmiyyətlərimizin fəaliyyətinə fəal dəstək olmurlar. Toplantılarına fəal qatılmırlar. Əlbəttə hər şeyin bir səbəbi olduğu kimi bunun da bir səbəbi var. 90-cı illərin tələbələri ilə müqayisə etsək arada böyük fərqin olduğunu görərik.
Bunun da ən böyük səbəbi də budur ki, o zamankı tələbələr milli hərəkat ab-havasında böyümüş bu prosesin fəal iştirakçıları olmuşdular. Təəssüf ki, hazırda Avropada təhsil alan tələbələrin böyük əksəriyyəti öz qayğıları ilə məşğul olan bir təbəqəyə çeviriliblər.
Məncə dövlət tərəfindən təqaüd alan gənclərin milli vətənpərvərlik hissləri və fəaliyyəti nəzərə alınmalıdır, yaxud onlar bu ölkələrə təhsilə göndərilirkən onlarla bu barədə söhbətlər aparılmalıdır.
- Ümumiyyətlə, dünyaya səpələnən azərbaycanlılar ölkəmizlə bağlı həqiqətlərin təbliğində fəaldırlarmı?
- Nisbətən müsbət qiymətləndirmək olar, ancaq bu işin üzərində də ciddi işləmək, təşkilatlandırma prosesini sürətləndirməyə ehtiyac var. Bu məsələ üzərində ciddi durmalı olduğumuz məsələdir.
- Assambleyanın maliyyələşməsi işini necə təşkil edirsiniz? Bunun üçün dövlət dəstəyi varmı?
- Sualınıza belə cavab vermək istərdim. Bu yaxınlarda Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun APA informasiya agentliyində müsahibəsi getmişdi. Orda Nazim müəlllim qeyd etmişdi ki, hər şeyi dövlətin boynuna yıxmaq olmaz və təşkilatlar alternativ maliyyə mənbələrinin tapılması haqqında düşünməlidirlər. Mən də bu fikirə qatılıram. Təşkilat qurub rəsmi qurumların qapısında yardım gözləmək siyasətindən ilk növbədə xilas olmağı bacarmalıyıq. Biz bunu artıq bacarmışıq. Təşəbbüs qrupu formalaşdırdıqdan bu günə qədər, onlarla müxtəlif səpkili tədbirlər keçirmişik, onlarla təmsilçilik təsis etmişik. Bir neçə ölkələrə səfərlər etmişik. Saytımız qurulur, bütün bunları yalnız öz resurslarımız hesabına etmişik. Bu yaxında Danimarka, İsveç, Yaponiya, Kanada, Azərbaycanda müxtəlif tədbirlərimiz oldu.
Bunları heç bir rəsmi qurumdan yardım almadan etdik. Fevralın 4-də Almaniyanın Köln şəhərində Ameron Hotel Regentdə Dünya Azərbaycanlılarının Köln Forumunu təşkil edəcəyik.
Mövzu ilə əlaqədar oxuyun:
Dünya Azərbaycanlılarının Köln Forumu keçiriləcək
Bu Azərbaycan müstəqillik tarixində yeni yaranan bir təşkilatın ilk hadisəsidir. Belə ki, müstəqil qurum bu cür böyük miqyaslı tədbirə təşkilatçılıq edir. Tədbirdə 25-ə yaxın dünyanın hər qitə və materikini təmsil edəcək nümayəndələr, ziyalılar, təşkilat rəhbərləri, iş adamları, siyasət adamları dəvət olunacaqlar və qatılacaqlar. Biz də öz növbəmizdə Azərbaycanın rəsmilərini dəvət edəcəyik. Əminik ki, onlar da bu tədbirə qatılacaqlar.
Qarşıda dekabrın 2-si Polşanın Varşava şəhərində Poşa Azərbaycan Gənc Alimlərinin Konfransını təşkil edəcəyik.
- DAA artıq dünyanın ayrı-ayrı ölkələrində öz nümayəndəliklərini yaradır. Onların missiyası nə olacaq?
- Dünya Azərbaycanlılar Assambleyası nümayəndəliklərinin qurulma prosesi hər gün davam edir. Biz qarşımıza çox qısa bir zamanda dünyanın bütün, materik, qitə və ölkələrini əhatə etmək hədəfini əsas hədəf olaraq qoymuşuq.
- Azərbaycanın mədəniyyəti, tarixi və incəsənətini tanıtmaq istiqamətində planlarınız nədir?
- Artıq dünyanın 20-yə yaxn ölkəsində təmsilçimiz var və sevindirici haldır ki, bu say hər keçən gün artır. Zəngin Azərbaycan tarixi və mədəniyyətini dünyaya tanıtmaq ən vacib və ən əsas sahəmizdir. Bu istiqamətdə tədbirlər proqramımız hazırlanmaq ərəfəsindərdir. Tezliklə bu istiqamətdə real və effektiv lahiyələrimizi müşahidə edəcəksiniz.
Hər halda əsas amalımız fərqli xalq və millətlərə, dövlətlərə bu zənginliklərimizi tanıtmaq, ölkəmiz arasında dövlətlərlə ikili və qarşılıqlı münasibətlərin güclənməsinə dəstək verməkdir. Eyni zamanda Azərbaycanın da dünya ailəsinin güclü bir üzvü olması üçün əlimizdən gələni edəcəyik.
Dünya Azərbaycanlıları Assambleyası dünyada ölkəmizin müsbət imicinin formalaşması, ölkəmizə dostlar qazandırmaq üçün bütün soydaşlarımızla səylərini birləşdirəcəkdir.
Dəyişməyən xəttimiz və sərhəddimiz dövlətçilikdir. Biz dövltəimizə düşmən olanlardan başqa, hər kəslə yaxından əməkdaşlıq edəcək, ümumilli mənafe üçün çalışacağıq. Yaratdığınız imkandan istifadə edərək, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza müraciət edirəm: Gəlin umu-küsüləri, intriqaları kənara qoyaraq dostluq, qardaşlıq sülh içərisində birgə addımlayaq!
1news.az