Cavab zərbəsi: nə üçün Şərqi Avropadakı seçkilərdə rusiyayönümlü güclər qalib gəlir?
Son bir ayda bütün dünyanın başı ABŞ-dakı prezident seçkilərinə qarışdığı bir vaxt hamının diqqətindən yayılan, Rusiyanın isə bundan məharətlə istifadə etdiyi elektoral proseslərin şahidi olduq.
Söhbət Bolqarıstan, Moldova və Fransadakı seçkilərdən gedir. Sonuncu haqqında dekabr ayında fikir yürütmək olarsa, digər iki ölkədəki seçkilər artıq başa çatdı. Moldovada və Bolqarıstanda prezident seçkilərinin nəticəsi kimi hakimiyyətə rusmeylli qüvvələrin gəlmələrini rəsmi Moskvanın qələbəsindən başqa, Avropanın iqtisadi və ideoloji siyasətinin iflasa uğraması kimi də başa düşmək olar.
Hər iki ölkədə xalqın əksər hissəsinin bir neçə il öncə qərbmeyilli mövqe sərgiləməsinə baxmayaraq (prezident və parlament seçkilərində qərbmeylli siyasi qüvvələri seçiliblər), xalqın gözlədiklərini ala bilməmələri onları Rusiyaya yaxınlaşdırmağa vadar etdi. Siyasi elmdə buna Deprivasiya deyilir. Deprivasiya - subyektin əldə etməyə səy göstərdiyi, ümid bəslədiyi vəziyyətlə reallıq arasındakı ziddiyyətdən irəli gələn narazılıq əhvalıdır. İqtisadi tənəzzül, vergilərin və qiymətlərin kəskin şəkildə artması, standart norma və dəyərlərin məhv edilməsi, sosial statusun itirilməsi, şəxsi uğurların başqalarının uğurları ilə və hansısa "normativ" vəziyyətlə müqayisəsi zamanı mənfi nəticələrin aşkara çıxması və s. deprivasiya amilləri kimi çıxış edir. Radikal ideologiyalar, şüarlar və simvolik aksiyalar, siyasi rejimə münasibətdə etimadsızlıq, tələblərin ifadə edilməsinin ənənəvi üsullarına inamın azalması deprivasiyanın artmasına və etiraz hərəkətlərinin aktivləşməsinə səbəb olur. Bu siyasi etirazları da seçkilər öncəsi biz Moldova və Bolqarıstanda gördük. Deprivasiyanın nəticəsi olaraq isə, hər iki ölkədə xalq mövcud rejimləri deyil, alternativlik təqdim edən rusmeylli qüvvələrə səs verdi.
Hər iki dövlətin parlamentli respublika olmasına baxmayaraq, oradakı prezident seçkilərini gözardına vurmaq siyasi səhv olardı. Çünki, prezidentin hər an Konstitusiya dəyişikliklərindən tutmuş, parlamenti buraxmaq kimi səlahiyyətləri var. Parlamentli respublikalarda dövlət başçısı sayılan prezidentin - hökumətin təşkilində, ölkənin idarə edilməsindəki rolu nominal xarakterli olmasına baxmayaraq siyasi proseslər hər an dəyişə bilər. Baş nazirin başçılıq etdiyi hökumət parlament tərəfindən formalaşdırılır və onun qarşısında siyasi məsuliyyət daşıyır (məsələn, parlament hökumətə etimadsızlıq göstərə bilər ki, bu da hökumətin istefasına gətirib çıxarır). Bununla bərabər parlamentli respublikada dövlət başçısı parlamenti vaxtından əvvəl buraxa bilər. Keçən həftə sonu Bolqarıstan və Moldovada baş tutmuş prezident seçkiləri göstərir ki, yeni parlament seçkiləri olacağı təqdirdə xalqın etimadını, məhz prezident seçkilərində qalib gələn partiyalar qazanacaqlar.
Təsadüfi deyil ki, rusmeylli Moldova prezidenti İqor Dodon baharda parlamentin buraxılmasını istəyir. Hakimiyyətə gələr – gəlməz ilk verdiyi bəyanatlardan biri də məhz bu olub. Səslərin 52,37% qazanan Dodonun fikrincə bugünkü Moldova parlamenti legitim deyil və yeni seçkilərə ehtiyyac var. Əgər parlament çoxluğu prezidentin fikri ilə razılaşmasa, o zaman sonuncunun referenduma getmək, konstitusiyanı dəyişmək kimi demarşlardan istifadə edə biləcəyi də inkar edilmir.
Prezident kimi ilk səfərinin Moskvaya ediləcəyini bildirməsi onu göstərir ki, yaxın vaxtlarda Moldovanın Rusiyanın maraqlarından çıxış edəcəyinin şahidi olacayıq. Krımı Rusiyanın bir parçası hesab edən İqor Dodon bununla da öz ərazisindəki etnik münaqişələrin Kişinyovun əleyhinə həll edilməsinin qarşısını alacaq. Rusiyanın Moldovaya və bu ölkədəki münaqişə ocaqlarına təsir imkanının yetəri qədər olduğunu anlayan Moldovanın yeni prezidenti görünür, “Gömrük İttifaqı”na daxil olmaqda da qərarlıdır. Seçkiöncəsi proqramında Sosialistlərin lideri bəyan etmişdi ki, Rusiya ilə strateji əməkdaşlıq münasibətlərinin bərpasına çalışacaq, Moldova məhsullarının Rusiya bazarlarına qaytarılması və energetika sahəsində münasibətlərin normallaşdırılması istiqamətində fəaliyyət göstərəcək. İqor Dodon düşünür ki, Rusiya ilə münasibətləri normaya qoymaq sahəsində hansısa güzəştlər əldə edəcəkdir, ancaq, əslində bu belə olmayacaq. Moskva Kişinyova qarşı təzyiq alətləri olan milli – etnik kartından istifadə etməyə davam edəcəkdir.
Bolqarıstanda isə, rusmeyilli general Radevin qalib gəlməsi bu ölkənin də Qərb ilə olan siyasətinə ciddi təsir edəcəkdir. Bolqarıstanın Baş naziri Boyko Borisovun seçkilərdən sonra istefa verməsi də Rusiyanın lehinə olan hadisələrdəndir.
Qeyd etmək yerinə düşər ki, Bolqaristan Rusiya üçün mühüm ölkələrdəndir. Vacib geosiyasi mövqedə yerləşən Bolqarıstan Rusiyanın “Cənub axını” və digər layihələrində mühüm rol oynaya bilər. “Türk axını”nın reallaşması təqdirində də Bolqarıstan dəhliz rolunu oynayacaqdır. Digər tərəfdən, iqtisadi və sosial problemlər yaşayan Bolqarıstan üçün Rusiya kimi dövlət ilə münasibətləri normallaşdırmaq mühüm əhəmiyyət kəsb edir. Bundan əvvəlki hakimiyyət qərbpərəst mövqeyi ilə seçilirdi.
Beləliklə, Moldova və Bolqarıstandakı seçkilər Şərqi Avropa ölkələrinin Qərbə tam olaraq inteqrasiya oluna bilməmələrini ortaya qoymuş oldu.
Akademik Ramiz Mehdiyevin hələ bir il əvvəl “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti” adlı məqaləsində vurğuladığı kimi, öz tolerantlığı və multikulturalizmi ilə seçilən Avropa XXI əsrin əvvəllərində dərin böhran keçirir.
Hazırda Aİ məkanında islamofobiyanın və ksenofobiyanın artması, radikal millətçi əhval-ruhiyyənin güclənməsi davam edir. Buna sübut kimi, son illərin prezident və parlament seçkilərində sağçı millətçilərin hakimiyyətə gəlməsi göstərilir. Üstündən bir il keçməsinə baxmayaraq Moldova və Bolqarıstandakı seçkilər Avropada baş verən mədəni, ideoloji çatların davam etməsini sübüt etdi.
Polşanı çıxmaq şərtiylə, Çexiya, Serbiya, Bolqarıstanda Rusiyanın mövqelərinin güclənməsinin şahidiyik. Rusiyanın Şərqi Avropada yeni müttəfiqlər tapması iqtisadi sanksiyalar ilə üzləşmiş Moskvanın vəziyyətinə müsbət təsir edəcək amillərdən olacaqdır. Bolqarıstan və Moldovada baş tutmuş seçkilərin digər xüsusiyyəti kimi, Şərqi Avropa dövlətlərində baş vermiş milli oyanışı, milliyətçilik tendensiyalarını göstərmək olar. Beləliklə, qütblər arasında dünyanın hər bir nöqtəsi uğrunda davam edən mübarizənin şahidiyik.
Politoloq Zaur Məmmədov