Azərbaycanın boyaqçılıq tarixinin öyrənilməsinə başlanılıb – FOTO
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunda sektor müdiri, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovun rəhbərliyi ilə Azərbaycanın boyaqçılıq tarixinin öyrənilməsinə başlanılmışdır.
AMEA-dan 1news.az-a verilən məlumata əsasən, həm praktiki çöl materialları, həm eksperimental rekonstruksiya, həm də bu sahə üzrə milli və dünya elmi ədəbiyyatları əsasında aparılan araşdırmalarda sektorun əməkdaşları və AMEA-nın müvafiq sahə institununun mütəxəssisləri iştirak edirlər.
Professor Vidadi Muradov tədqiqatlar haqqında məlumat verərək bildirmişdir: “Bütün xalq tətbiqi sənət sahələrində, incəsənətin əksər sahələrində, həmçinin, qida sənayesində istifadə olunsa da, boyaqçılıq daha çox xalçaçılıqla bağlı olmuşdur. Azərbaycanın xalçaçılıq və boyaqçılıq tarixini bir-birindən ayrı təsəvvür etmək mümkün deyildir. Bu sahənin Azərbaycanda inkişaf perspektivləri hələ çar Rusiyasının da diqqətindən kənarda qalmamışdı. XIX əsrin ortalarında burada istehsal olunan təbii boyaq maddələri daxili ehtiyacları ödəməklə yanaşı, həm də xaricə ixrac olunub. Azərbaycanda təbii boyaqçılıq XX əsrin sonlarınadək xüsusilə, meşə örtüyü zəngin, bağçılıq təsərrüfatlarının geniş olduğu ərazilərdə təbii ehtiyatlar zəminində öz mövqeyini qoruyub saxlaya bilmişdir. Bu, birbaşa həmin bölgələrdə əl ilə xalça toxuma ənənələri ilə bağlı olmuşdur. Çünki təbii boyaq və əl əməyi xalq xalçasının orijinallığını şərtləndirən əsas amilərdir. Məqsədimiz tarixi boyaqçılıq ənənələri ilə yanaşı, respublikamızda xalq boyaqçılığının inkişaf perspektivlərini araşdırmaq və praktiki nəticələr əldə etməkdir”.
Boyaqçılıq Azərbaycanda peşəkar səviyyədə formalaşan, praktik cəhətdən get-gedə öz miqyasını genişləndirən, bir nəsil, ailə məşğuliyyətinə, atadan ogula, keçərək təkmilləşən və yaşadılan bir sahədir. Hətta orta əsrlərdə Gəncə, Beyləqan, Bərdə, Qəbələ, Təbriz, Ərdəbil, Urmiya, Xoy kimi inkişaf etmiş şəhərlərində ayrı-ayrı sahələrlə məşğul olan sənətkarların yaşadıqları və fəaliyyət göstərdikləri ayrıca məhəllələr də olmuşdur.
Vurğulayaq ki, 2016-cı il noyabrın 14-də dünya mədəniyyətinin nailiyyətlərindən biri olan, UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmiş Azərbaycanın qədim xalça sənət ənənələrinin qorunub yaşadılmasında, gələcək nəsillərə çatdırılmasında, eləcə də geniş miqyasda tanıdılmasında əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun Bakı şəhərində yüksək səviyyədə təşkilinin təmin olunması məqsədi ilə xüsusi sərəncm imzaladı.Sərəncama əsasən 2017-ci ilin oktyabr ayında Bakı şəhərində V Beynəlxalq Azərbaycan xalçası simpoziumunun təşkilinə dair tədbirlər planını hazırlayıb həyata keçirilməsi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə, Azərbaycan Milli Elmlər Akademiyasına və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə həvalə edilmişdir.
1news.az