İlham Əliyev Latviyanın prezidentini təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev latviyalı həmkarı Raymonds Veyonisi ölkənin milli bayramı münasibəti ilə təbrik edib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi məlumatına əsasən, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.
İnanıram ki, Azərbaycan-Latviya münasibətlərinin inkişafı, ənənəvi dostluq əlaqələrimizin möhkəmlənməsi, əməkdaşlığımızın bütün sahələrdə genişlənməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
1news.az