Mübariz Əhmədoğlu: Sərkisyanın “MİA-Novosti”-yə verdiyi müsahibədə səsləndirdiyi fikirlərin səmimiliyinin testinə ehtiyac var
Prezident S.Sərkisyan “MİA-Novosti”-nin direktoru Dmitri Kiselyova müsahibəsində Ermənistanın Dağlıq Qarabağ məsələsində bu vaxtadək apardığı siyasətinin iflasa uğradığını etiraf etmiş oldu.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ermənistan prezident S.Sərkisyanın “MİA-Novosti”-yə verdiyi müsahibəni şərh edərkən bildirib:
S.Sərkisyanın bu müsahibəsinə Azərbaycan Prezidentinin bir az öncə həmin agentliyə verdiyi müsahibədə səsləndirdiyi fikirlərin yaratdığı cavab reaksiyası kimi də baxmaq olar. Azərbaycan Prezidenti həmin platformadakı müsahibəsində Dağlıq Qarabağa muxtar respublika statusunu verilməsinin mümkünlüyünü bildirmişdi. Bu, ATƏT MQ həmsədrlərinə və Ermənistana təzyiq kimi başa düşüldü. S.Sərkisyanın müsahibəsi göstərir ki, təzyiq öz işini görüb.
S.Sərkisyanın həmin müsahibədə Dağlıq Qarabağ məsələsi ilə bağlı səsləndirdiyi fikirlər ziddiyyətlidir və özünün əvvəllər verdiyi bəyanatları təkzib edir. Bir sıra parametrlərə diqqət yönəldək.
Bu müsahibədə Dağlıq Qarabağ tənzimlənməsi barədə səsləndirilən fikirlər ilk növbədə Ermənistanda ictimai rəyi formalaşdırmaq üçün nəzərdə tutulub. Mətbuatın, prezident administrasiyasının bundan sonra gördüyü işdən asılı olmayaraq verilmiş bəyanatlar erməni ictimaiyyətinə öz təsirini göstərəcək. Görünür, müsahibəni verərkən S.Sərkisyanın “ağlı özündə olmayıb”. Sonradan müsahibənin mətni ilə tanış olan əməkdaşları onun adından 2-ci müsahibə də uydurublar: “Qolos Armeniya”ya verdiyi müsahibədə elə S.Sərkisyan bizim tanıdığımız S.Sərkisyan kimi görünür- “Azərbaycan əgər daha da pis vəziyyətə düşmək istəyirsə, yeni müharibəyə başlaya bilər”. S.Sərkisyan daxili auditoriyaya 4 günlük aprel döyüşlərinin təsiri altından çıxdığını sübut etmək istəyir.
Erməni ictimaiyyəti, ictimai-siyasi mühit S.Sərkisyandan çoxdan şübhələnir ki, o Dağlıq Qarabağ ətrafındakı əraziləri Azərbaycana qaytarmaq niyyətindədir. S.Sərkisyan faktiki bu şübhəni təsdiqlədi. S.Sərkisyanın bəyanatları Azərbaycanla yanaşı, ATƏT MQ-yə ünvanlanıb. Belə başa düşülür ki, S.Sərkisyan Dağlıq Qarabağ münaqişəsini tənzimləməyə hazır imiş, amma həmsədrlər buna imkan verməyiblər. Prezident S.Sərkisyan Rusiyanın Ermənistan istiqamətindəki siyasətini dövlətin müstəqilliyinə və Dağlıq Qarabağ məsələsinə təhlükə kimi dəyərləndirir. S.Sərkisyanın anlamına görə, Rusiya Dağlıq Qarabağı Ermənistandan ayırır. Rusiyanın Ermənistan üzrə siyasəti irəlilədikcə Ermənistan Dağlıq Qarabağı itirəcək. Dağlıq Qarabağ məsələsinin sahibi Rusiya olacaq. Rusiya Dağlıq Qarabağ məsələsini Azərbaycanla sövdələşmə predmetinə çevirə bilər. Görünür, S.Sərkisyanın fikrincə, Dağlıq Qarabağı Azərbaycana Rusiya deyil, o özü satmalıdır. Kazan görüşü ilə bağlı S.Sərkisyan ən azı iki dəfə özü şəxsən məlumat verib və ikisində də deyib ki, o beş rayonu qaytarmağa hazır imiş, amma Prezident İ.Əliyev bunu qəbul etməyib; Azərbaycan maksimalistdir- həm 7 rayonu, həm də Dağlıq Qarabağın özünü qaytarmaq istəyir. S.Sərkisyan bu müsahibədə özünün əvvəl dediklərini təkzib edərək bildirdi ki, Ermənistan Dağlıq Qarabağ ətrafındakı bütün ərazilərin Azərbaycana qaytarmasına razılıq verib. Amma müqavilənin 1-ci maddəsində Dağlıq Qarabağ əhalisinin öz statusunu müəyyən etməsinin qaydası yazılmalıdır. S.Sərkisyan Dağlıq Qarabağ ətrafındakı əraziləri Dağlıq Qarabağın statusunun müəyyən olunması barədə qeyri-müəyyən referendumla dəyişməyə hazır olduğunu bəyan etdi.
S.Sərkisyan Dağlıq Qarabağın əhalisi terminini işlətməsini xüsusi olaraq vurğulamaq istəyirik. “Xalq” və “millət” termini işlətmir, yalnız “əhali” termini işlədir. Dağlıq Qarabağın əhalisi Dağlıq Qarabağ azərbaycanlıları ilə Dağlıq Qarabağ ermənilərin məcmusudur. S.Sərkisyan Dağlıq Qarabağın statusuna dair referendumun iştirakçılarının tərkibi və gündəliyi mövzusunu müzakirəyə çıxarır. S.Sərkisyan belə təqdim edir ki, Dağlıq Qarabağda referendum təkcə ermənilər arasında keçirilməyəcək. Referendumda Dağlıq Qarabağ erməniləri ilə yanaşı Dağlıq Qarabağdan deportasiya olunmuş azərbaycanlılar da iştirak edəcək. Referendumla əlaqəli gündəlik məsələsi əslində isə bu da çox diqqət çəkən məsələdir. Gündəlik dedikdə 3 məsələ başa düşülə bilər:
a) Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları hansı müddətə birgə yaşayışdan sonra Dağlıq Qarabağın statusunu müəyyən etməyə hazır olmalıdır.
b) Referenduma çıxarılacaq suallar.
c) Təkrar referendumları şərtləndirən şərait və vaxt.
S.Sərkisyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün nəzərdə tutulan üç prinsipin ardıcıllığını ATƏT-in sənədlərində göstərildiyi kimi çəkməsi də çox vacib maraqlıdır. Çünki xarici işlər naziri və digər rəsmilər, hətta S.Sərkisyan özü də üç prinsipi sadalayarkən həmişə ərazi bütövlüyü prinsipini millətlərin öz müqəddəratını təyin etmə prinsipindən sonra, axırıncı sadalayırdılar. S.Sərkisyan “Millətlərin öz müqəddəratını təyinetmə” terminindən istifadə etmir, Helsinki Yekun Aktında yazıldığı kimi “Xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə” terminindən istifadə edir. Helsinki Yekun Aktının 3 prinsipinin təsbit olunduğu sənədlərin ortalığa qoyulduğu tarixlə bağlı saxtakarlığa yol verir. Ermənistanla Azərbaycan arasında əsas mübahisəyə çevirmək istədiyi məsələlərdən biri ortalıqda olan sənədin Madrid prinsipləri, yoxsa Yenilənmiş Madrid Prinsiplərinin olmasıdır. 2007-ci ildə ortalığa qoyulmuş sənəd Madrid prinsipləri idi. Azərbaycan bunu qəbul etmədi. 2009-cu ildə İtaliyanın Akvil şəhərində qəbul edilən, müəllifi RF-in o zamankı prezidenti Dmitri Medvedev olan sənəd isə Yenilənmiş Madrid Prinsipləridir və bunu Azərbaycan qəbul etdi. Ermənistan isə ATƏT-in Minsk Qrupunun təsiri altında sonradan bu sənədi qəbul etdiyini bildirdi.
S.Sərkisyan Ərazi bütövlüyü prinsipi ilə Xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinin müqayisəsində siyasi səhvə yol verir. Bu iki prinsip həqiqətən bir-birinin ziddinə deyil. Çünki S.Sərkisyanın istinad elədiyi Helsinki Yekun Aktının bu prinsiplərində ərazi bütövlüyü prinsipi ilə xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyin etmə prinsipinin qarşılıqlı münasibətləri məsələsi aydın şəkildə göstərilib: Xalqların bərabərliyi və öz müqəddəratını təyin etmə prinsipi reallaşarkən beynəlxalq hüququn digər prinsiplərini, yəni bizim indiki misalda ərazi bütövlüyü prinsipini pozmamalıdır. Başqa sözlə Dağlıq Qarabağ əhalisi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində özünün statusunu müəyyən etməlidir. Bu Helsinki Yekun Aktının tələbidir. Görünür, S.Sərkisyan Helsinki Yekun Aktının üç prinsipləri barədə bəzi məsələləri oxuyub. Arzu edərdik ki, Helsinki Yekun Aktının üç prinsipini erməni dilinə tərcümə edib S.Sərkisyana versinlər və yaxud S.Sərkisyan həmin prinsiplərin Azərbaycan versiyasını oxusun.
S.Sərkisyan Azərbaycanın iqtisadi, siyasi və hərbi gücünü yenidən etiraf etdi.
S.Sərkisyan birbaşa telefon əlaqəsindən danışır. Bu qayıtmağa ehtiyac olmayan keçmiş mərhələdir. Daha sanballı ideyaların işlənməsi və reallaşmasının vaxtıdır. Tənzimlənmə prosesinə konkretlik və substansivlik gətirən, vasitəçilərin rolunu minimuma endirən danışıqlar mexanizmini təklif etməklə S.Sərkisyan səmimiliyini sübut etmiş olur. Müsahibənin dərc olunmasından bir neçə gün keçməsinə baxmayaraq heç bir etiraz yaratmayıb. Hətta Qrant Melik-Şahnazaryan və Aleksandr Kananyan etiraz etmədilər. Ermənistan ictimaiyyətini Dağlıq Qarabağ problemi bezdirib.
Cənubi Qafqaz regionunda təhlükəsizliyin və iqtisadi inkişafının davamlılığının təmin olunmasında mühüm addım atılmış olar. Cənubi Qafqaz təhlükəsiz və iqtisadi cəhətdən inkişaf edəcəksə bunda ən çox qazanan Ermənistanın müstəqilliyi olacaq. Ermənistanın investisiyalardan daha ciddi ehtiyacı var. Dağlıq Qarabağ məsələsi həll olunmayanadək Ermənistana heç kim ciddi investisiya qoymayacaq. Ermənistanın yalnız hissə-hissə satın alınmasından söhbət gedə bilər. Başqa variant mümkün deyil.
Müsahibədə səsləndirdiyi fikirlərin səmimiliyinin test olunmasına ehtiyac var. Çünki müəllifi Ermənistan prezidenti S.Sərkisyandır. Müəllif bunu nəzərə alsın.
1news.az