FHN mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsində “Fövqəladə hadisələrın nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib.
1news.az xəbər verir ki, məşqin keçirilməsində məqsəd obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Məşqə FHN-in Aran Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidməti Yevlax rayon Yanğından Mühafizə Hissəsinin, Dövlət Miqrasiya Xidməti Yevlax Regional Miqrasiya İdarəsinin, “Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi” Publik Hüquqi Şəxsin Yevlax Təcili və Təxirəsalınmaz Tibbi Yardım bölməsinin şəxsi heyəti cəlb edilib.
Məşq zamanı hərbiləşdirilməmiş obyekt mülki müdafiə dəstələrinin Yevlax Regional Miqrasiya İdarəsinin ərazisində baş vermiş şərti fövqəladə hadisə ilə əlaqədar fəaliyyətləri simulyasiya edilib, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Məşqdə ümumilikdə 3 ədəd texnika və 70 nəfərdən ibarət şəxsi heyət iştirak edib.