Mübariz Əhmədoğlu: Birləşmiş qoşun qrupunun məqsədi Rusiya ilə Türkiyə arasında Ermənistanın hərbi avantürasının qarşısını almaqdır
Birləşmiş hərbi qüvvələr yaratmaqda Rusiyanın ən birinci məqsədi Ermənistanın hərbi gücünü cilovlamaq, özü tərəfindən idarə olunan hala salmaqdır. Ermənistanın hərbi gücü ermənilərin heç bir problemini həll etməyə çatmır, amma hərbi avantüra törətməyə çatan gücü var.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Rusiyanın Ermənistanda birləşmiş hərbi qüvvələri yaratmaqla bağlı xəbəri şərh edərkən bildirib:
“Ermənistan hərbi gərginlik yaratmağa çalışır. Rusiya-Türkiyə münasibətləri ermənilərin hərbi avantürasının ən əsas subyektidir. Ermənistan bütün parametrlər üzrə geriləyib, özünün heç bir iqtisadi, siyasi problemini həll etmək gücündə deyil. S.Sərkisyan əhalini qorxutmaq üçün hər hansı hərbi avantüraya gedə bilər. Bu Azərbaycan istiqamətində də ola bilər. Amma daha çox Türkiyə istiqamətində gözlənilir.
Naxçıvan məsələsi Ermənistanda tez-tez hallanır və Naxçıvana hücum təşkil etməklə S.Sərkisyan dünya erməniliyinin maliyyə resurslarını özünə doğru yönəldə bilər. Çünki bu halda Türkiyənin hərbi əməliyyatlara qoşulması şəksiz olacaq”.
Politoloq qeyd edib ki, Rusiyanın Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşması istiqamətində mövqeyi müsbətdir.
“Rusiya Xarici İşlər naziri S.Lavrov Ermənistana Türkiyə ilə münasibətlərin yaxşılaşdırmağı təklif etdi və bunun açarının Dağlıq Qarabağ münaqişəsinin həlli olduğunu göstərdi. Lavrov bu bəyanatı KTMT-nin Ermənistanda keçirilən iclası zamanı verdi. ABŞ səfirliyi ABŞ-dan dəvət olunan bir sıra rəsmilərin iştirakı ilə Yerevanda Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırmasını ciddi müzakirə obyektinə çevirdi. Tədbirdə ABŞ rəsmilərinin dilindən səslənən bəzi fikirlər hətta Ermənistan üçün az qala ultimatum idi. ABŞ rəsmiləri də tələb edirlər ki, nəyin bahasına başa gəlirsə gəlsin Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmalıdır.
NATO PA-nın İstanbul iclasında Ermənistan parlamentariləri tarixdə görünməmiş hədsiz antiTürkiyə aktivlik nümayiş etdirdilər. Erməni deputatları dəqiq bilirdilər ki, onların bu addımı həm RF, həm də ABŞ üçün lazım deyil. Bu aktivliyin avantüraya şərait yaratmaqdan başqa təyinatı yoxdur”.
Politoloq qeyd edib ki, paradoks olsa da, indiki zaman kəsiyində Ermənistanın Türkiyə ilə münasibətlərinin normallaşmasında həm Rusiya, həm də ABŞ maraqlıdır. Ermənistanın miflərdən uydurulmuş tarixi üçün təhlükədir.
“Ən azı Rusiya hal-hazırda Ermənistan-Türkiyə münasibətlərinin gərginləşməsində maraqlı deyil. Konfliktogenlik resursunu işə salmaqla Ermənistan elə vəziyyət yarada bilər ki, Rusiya ilə Türkiyə Naxçıvan üzərində toqquşa bilərlər. Əgər Ermənistan Naxçıvan istiqamətində hərbi vəziyyəti gərginləşdirsə təbii ki, Azərbaycanın atdığı hərbi addımları, verdiyi cavabı Türkiyə dəstəkləyəcək. Türkiyə tərəfinin Ermənistana qarşı atdığı hərbi addımları Rusiya tərəfi cavabsız qoymayacaq. Rusiya Ermənistanı müdafiə etməyəcəksə, deməli müqavilə öhdəliyini yerinə yetirməyəcək, qeyri-ciddi müttəfiq qismində görünəcək. Ermənistanı hərbi cəhətdən müdafiə edəcəksə, Türkiyə ilə müharibəyə başlayacaq. Bu çox böyük avantüradır. Suriyada vəziyyətin indiki dövründə Türkiyə ilə Rusiya arasında hərbi toqquşma hər iki tərəfə xüsusilə Rusiya üçün çox ciddi ziyan gətirə bilər. Qərbdə bəzi qüvvələr hadisələrin belə inkişafına çalışır. Ermənistan Qərbi ssenarisi əsasında hərbi təxribata getmək ərəfəsindədir. Rusiya bunu əvvəlcədən görür və ona görə də Ermənistanın təxribat imkanında olan qoşun birləşmələrini özünə birləşdirir. Bunlar IV və V korpuslardır. IV korpus Ermənistanın Naxçıvan, V korpus isə Ermənistanın Türkiyə və Gürcüstan istiqamətində yerləşir. Hər iki korpusu və xüsusi xidmət orqanlarının qoşunlarını Rusiya özünə birləşdirməklə həm Ermənistanın təhlükəsizliyini möhkəmləndirir, həm də Ermənistanın digər dövlətlərə qarşı hərbi təxribat potensialını azaldır”.
1news.az