Müstəqil Azərbaycanda ordu quruculuğu – FOTO
Sabiq korpus komandiri, ehtiyatda olan general-polkovnik Yaşar Aydəmirovun müstəqillik dövründə aparılan ordu quruculuğu prosesi, hərbi sahədə həyata keçirilən islahatlar və qazanılan nailiyyətlərlə bağlı qeydlərini təqdim edirik.
Ordu quruculuğunun Heydər Əliyev dövrü: Monolit təməl, uğurlu başlanğıc
1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan edildi. Beləliklə Şərqdə ilk demokratik respublika quruldu. Dövlətçilik tariximizdə mühüm rol oynayan respublika çox keçmədən süquta uğradı və SSRİ-nin tərkibinə daxil edildi. Xalqın müstəqillik arzusu, istəyi imperiya zəncirlərini qırıb parçaladı və 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa olundu.
Müstəqilliyinin ilk illərində ölkədəki mürəkkəb sosial-iqtisadi, ictimai-siyasi vəziyyətin mənfi təsiri ordu quruculuğundan da yan keçmədi. Könüllülərdən yaradılan ordu istər struktur, istərsə də güc baxımından mövcud şəraitin tələblərinə cavab vermir, yerli özünümüdafiə batalyonları məhəlli xarakter daşıyırdı. Vahid komandanlığın olmaması nəticəsində silahlı dəstələr müxtəlif şəxslərin əlində cəmlənmişdi və onların əmrlərini yerinə yetirirdi. Digər tərəfdən, Azərbaycana xarici müdaxilə, Ermənistanın ərazi iddiaları ordu quruculuğunun normal, elmi əsaslarla aparılmasına mane olurdu. Məhz bu vəziyyəti yaradan səriştəsizlik ucbatından, müstəqilliyini yenicə bərpa etmiş respublikada ordu quruculuğu arzulanan səviyyədə getmirdi. Ordu əsas vəzifəsini yerinə yetirmək əvəzinə, bəzi fərdlərin ambisiyalarının icraçısına çevrilmişdi. Yaranmış vəziyyət dövlət çevrilişi həddinə çatmışdı.
Böyük tarixi şəxsiyyət, siyasət elminin mahir bilicisi Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı respublikanı labüd süqutdan xilas etdi və bununla da Azərbaycanda ordu quruculuğunun yeni mərhələsi başlandı Silahlı Qüvvələrin formalaşması prosesi geniş vüsət aldı. Çox keçmədən Ordumuz cəbhədə bir neçə uğurlu əməliyyat həyata keçirdi, bir sıra yaşayış məntəqələrimizin düşməndən azad edilməsinə nail oldu.
Nəhayət, 1994-cü il mayın 12-də atəşkəs barədə sazişin imzalanması ordu quruculuğunda köklü islahatlar aparılmasına şərait yaratdı. Orduya çağırışla bağlı bütün problemlər həllini tapdı, fərarilik halları aradan qalxdı. Dövlətçiliyi və hərbçi şərəfini uca tutan zabitlər rəhbər vəzifələrə irəli çəkildi. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik işi gücləndirildi. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı digər zəruri addımlar atıldı.
Silahlı Qüvvələrin döyüş hazırlığının səviyyəsi təkcə hərbi texnikadan deyil, bu texnikanı idarə edə biləcək savadlı, ixtisaslı kadrlardan, zabit korpusundan əhəmiyyətli dərəcədə asılı idi. Bu istiqamətdə də mühüm zəruri məsələlər həllini tapdı.
1993-cü il noyabrın 1-də Prezidentin müvafiq Fərmanı ilə Dövlət Müdafiə Şurası yaradıldı. Həmin gün keçirilən ilk iclasda ordu quruculuğu, müdafiə məsələləri geniş müzakirə olundu, müvafiq qərarlar qəbul edildi. Səfərbərliyin təşkili, döyüş hazırlığının, qoşun hissələrinin, şəxsi heyətin təlim-tərbiyəsinin təkmilləşdirilməsinə, sosial şəraitin yaxşılaşdırılmasına istiqamətləndirilmiş tədbirlər müəyyən olundu. Bu, olduqca vacib amillər idi və Ümummilli Liderimiz ordu quruculuğuna məhz bu məsələləri həll etməklə başladı. Nəticə etibarilə bu proses dünya təcrübəsinə və milli dəyərlər sisteminə əsaslanmaqla uğurla davam etdirildi. Qısa müddətdə atılan düşünülmüş addımlar öz bəhrəsini verdi - nizami ordu yaradıldı və formalaşmağa başladı.
Prezident Heydər Əliyev noyabrın 2-də televiziya və radio ilə xalqa müraciət edərək hamını ölkənin azadlığı uğrunda birləşib düşmənə qarşı mübarizəyə qalxmağa səslədi. Prezidentin çağırışı ilə minlərlə könüllü gənc torpaqlarımız uğrunda gedən döyüşlərə atılmaq üçün ordu sıralarına gəldi. Tezliklə könüllülərdən, Əfqanıstan müharibəsi iştirakçısı olmuş yüzlərlə zabit və əsgərdən ibarət hərbi hissələr və taborlar yaradılaraq cəbhəyə göndərildi.
Bütün bunların nəticəsi olaraq, Azərbaycan ordusu erməni silahlı birləşmələrinin respublikanın içərilərinə doğru irəliləməsini dayandırdı, hətta əks-hücuma keçdi. 1994-cü il yanvarın 5-də aparılan uğurlu əməliyyatlar nəticəsində Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsi, 22 kənd işğaldan azad edildi. Həmçinin düşmən ordumuzun Kəlbəcər-Ağdərə, Goranboy-Tərtər istiqamətlərində əks-hücumlarına tab gətirməyərək ağır itkilər verdi və geri çəkilməyə məcbur oldu.
1993-cü il noyabrın 23-də Milli Şurada “Müdafiə haqqında” Qanun qəbul edildi. Qanunda ordu quruculuğunda məsul vəzifəli şəxslərin və orqanların fəaliyyəti sistemləşdirilərək məsuliyyət sahələri dəqiqləşdirilirdi. Noyabr-dekabr aylarında 40 ehtiyat taboru təşkil edildi. Az sonra ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan kimi şəxsən cəbhə bölgələrində ordunun, əsgərlərin vəziyyəti ilə yaxından tanış oldu, konkret tədbirlər müəyyənləşdirdi. Bu, ordunun şəxsi heyətinin mənəvi hazırlığını əhəmiyyətli dərəcədə yüksəltdi. Bununla yanaşı, Prezident vəziyyətə uyğun çevik qərarlar da qəbul edirdi.
Nəhayət, ümummilli lider Heydər Əliyevin 1998-ci il mayın 28-də imzaladığı Fərmanla 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu. Bu Fərman ordumuzun quruculuğunda varislik ənənələrinin bərpası və tarixilik baxımından böyük əhəmiyyətə malikdir.
Ulu Öndər deyirdi: “Azərbaycanın hər bir vətəndaşı mənim üçün əzizdir, amma Azərbaycan əsgəri, zabiti mənə hər bir vətəndaşdan daha əzizdir, daha yaxındır”. Bu sözlər dahi şəxsiyyətin əsgərə, onun timsalında orduya verdiyi qiymətin daha bir təsdiqidir.
Ordu quruculuğu Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən inamla, uğurla davam etdirilir. Hərbi sahədə əsaslı islahatlar aparılması ilə yanaşı, ordumuz yeni silah və texnika ilə təchiz edilir. Təminatı yaxşılaşdırmaq üçün Müdafiə Sənayesi Nazirliyi tərəfindən müxtəlif təyinatlı silah növləri istehsal edilir. “İstiqlal” snayper tüfəngi bu qəbildəndir. Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 90-cı və 95-ci ildönümlərində keçirilən paradlarda ordumuzun qüdrəti bir daha dünyaya nümayiş etdirildi.
Bu gün təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Milli Ordumuz müstəqilliyimizin, dövlətçiliyimizin qarantıdır. Yeni inkişaf mərhələsinə qədəm qoyan Silahlı Qüvvələrimiz regionun ən güclü ordusu və xalqımızın güvənc yeridir.
Silahlı Qüvvələrdə aparılan struktur dəyişiklikləri, döyüş əməliyyatlarının vahid rəhbərlik altında planlaşdırılması, hissələrin hərb elminin tələblərinə uyğun idarə edilməsi, kadrların saflaşdırılması Azərbaycan ordusunu keyfiyyətcə yeniləşdirib. 1990-cı illərin ortalarından başlayaraq Azərbaycan ilə NATO arasında sıx və səmərəli əməkdaşlıq yaradılıb. Bu əməkdaşlıq ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxarıb. İndi hər il iki mindən çox hərbçimiz NATO proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsəyirlər. 1997-ci ildən Azərbaycanın xüsusi təyinatlı təhsil müəssisələri NATO standartlarına keçib, Silahlı Qüvvələrimizin tərkibində yaradılan sülhməramlı tabor Şimali Atlantika Alyansının xətti ilə keçirilən hərbi-humanitar aksiyalarda fəal iştirak edir, münaqişə ocaqlarında təhlükəsizliyin, sülhün təminatına dəstək verir. Azərbaycanın Silahlı Qüvvələri bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən ordularından biridir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu prosesi davamlı sürətdə təkmilləşdirilir, hərbi hissələr ən müasir hərbi texnika ilə təchiz olunur, yüksək şəraitə malik hərbi şəhərciklər, döyüş poliqonları yaradılır. Bütün bunların nəticəsidir ki, hazırda torpaqlarımızı düşməndən azad etməyə qadir, yüksək döyüş ruhuna malik ordumuz formalaşıb. Bu, özünü uğurlu aprel döyüşləri zamanı əyani şəkildə təsdiqlədi.
Zaman qarşıya yeni hədəflər qoyur. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun qeyd etdiyi kimi, iqtisadi layihələrin, bölgədə təhlükəsizliyin təmin edilməsi üçün Türkiyə, Gürcüstan və Azərbaycan arasında hərbi əməkdaşlıq günün tələbidir. Bu ilin mayında hər üç ölkənin müdafiə nazirlərinin görüşündə əldə edilmiş razılığa əsasən, Silahlı Qüvvələrin birgə təlimləri, təhsil sistemlərinin inteqrasiyası, hərbi-texniki əməkdaşlıq, “İntema” adlı komanda qərargah təlimləri genişlənməkdədir.
Hazırda Silahlı Qüvvələrimizin təhsil sistemində müasir standartlara uyğun yeni proqram tətbiq edilir ki, bu da yüksək hazırlığa malik zabit kadrlarının hazırlanmasına imkan verir. Xüsusi təyinatlı təhsil müəssisələrinin professor-müəllim heyəti Türkiyənin, ABŞ-ın, Litvanın, Pakistanın, İordaniyanın, eləcə də NATO-nun hərbi təhsil müəssisələrinin nümayəndələri ilə vaxtaşırı təcrübə mübadiləsində iştirak edir. Azərbaycan-NATO Birgə Təlim və Tədris Fəaliyyət Planına müvafiq olaraq, Silahlı Qüvvələrin xüsusi təyinatlı təhsil müəssisələrinin tədris proqramlarının təkmilləşdirilməsi məqsədi ilə Hərbi Akademiyada tədris proqramına “Müdafiə strategiyası və planlaşdırılması” kimi yeni fənn daxil edilib.
Cəbhə bölgəsində yerləşən birləşmələrin döyüş texnikası ilə silahlandırılması hərbi hissələrin atəş gücünü və manevr qabiliyyətini artırıb. Qoşunların sərəncamına daha müasir minaatan, tank əleyhinə idarə olunan raket, daşınan zenit-raket kompleksləri və müxtəlif qumbara-atanlar verilib. Bu proses indi də davam etdirilir.
Təlimlərdə hərbi hissələrin döyüş hazırlığının səviyyəsi yoxlanılır, döyüş texnikalarının, müasir silahların tətbiqi imkanları öyrənilir, tapşırıqların daha operativ və səmərəli yerinə yetirilməsi, qərargahlar tərəfindən əməliyyatların hazırlanması, qarşılıqlı fəaliyyətin və təminatın təşkili səviyyəsi yoxlanılır.
Bakıda keçirilən Beynəlxalq müdafiə sənayesi sərgilərində ölkəmizin müdafiə sənayesinin istehsal etdiyi məhsullar, ordu quruculuğunda qazanılmış nailiyyətlər nümayiş olunur. Bu sərgi, digər tərəfdaş dövlətlərlə əməkdaşlıq əlaqələri qurmaq baxımından da olduqca faydalıdır.
Hazırda Silahlı Qüvvələrimizin qarşısında dayanan bir nömrəli vəzifə torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsidir. Ordumuzun gün-gündən gücləndirilməsi, döyüş qabiliyyətinin daim artırılması, aparılan məqsədyönlü islahatlar məhz bu vəzifənin uğurla yerinə yetirilməsinə yönəlib.
AZƏRTAC