Mübariz Əhmədoğlu: Ceyms Uorlik ABŞ-ın milli maraqlarına deyil, ermənilərə xidmət etdiyini sübut etdi
Amerikalı həmsədr, səfir C.Uorlikin tvitter hesabında yazdığından bəlli olur ki, o özünə yeni iş tapıb, ATƏT MQ-də həmsədr vəzifəsindən və 30 il xidmət etdiyi ABŞ Dövlət Departamentindən uzaqlaşır.
1news.az-ın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu Ceyms Uorlikin ATƏT Minsk Qrupunda həmsədr vəzifəsindən getməsi ilə bağlı xəbəri şərh edərkən bildirib:
"Səfir işləmiş Amerika diplomatının iş yerini Rusiya şirkətinə dəyişməsi Amerikanın Dövlət Departamentində eləcə də Amerika dövlət məmurlarında hökm sürən ab-havanı başa düşməyə müəyyən qədər əsas yaradır.
Amerikalı həmsədr, səfir C.Uorlikin tvitter hesabında yazdığından bəlli olur ki, o özünə yeni iş tapıb, ATƏT MQ-də həmsədr vəzifəsindən və 30 il xidmət etdiyi ABŞ Dövlət Departamentindən uzaqlaşır. Səfir işləmiş Amerika diplomatının iş yerini Rusiya şirkətinə dəyişməsi Amerikanın Dövlət Departamentində eləcə də Amerika dövlət məmurlarında hökm sürən ab-havanı başa düşməyə müəyyən qədər əsas yaradır.
C.Uorlikin atdığı addım onun həmsədr olduğu dövrdə fəaliyyətinin məntiqi nəticəsidir. Uorlik kifayət qədər qalmaqallı, aktiv və ermənipərəstliyini gizlətməyən həmsədr idi. Uorlikin həmsədrliyi dövründə bəzi baş verənləri diqqətinizə çatdıraq:
C.Uorlik Dağliq Qarabağ tənzimlənməsi üçün “amerikan variantı”nı təklif etdi. C.Uorlik müəllifi olduğu “amerikan variantı”nı Yenilənmiş Madrid Prinsiplərinin mahiyyətini 180 dərəcə dəyişməklə yaratdı. 2009-cu ildə həmsədr ölkə prezidentləri İtaliyanın Akvil şəhərində Yenilənmiş Madrid Prinsipləri adlı sənəd imzaladılar. Bu sənədi ABŞ prezidentinin mətbuat xidməti yaydı. Həmin sənəddə Dağlıq Qarabağ münaqişəsinin mərhələli variantla həlli təsbit edilirdi. Eləcə də 1-ci addım və ya 1-ci mərhələ kimi Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Ermənilər Yenilənmiş Madrid Prinsiplərini yalnız beynəlxalq ictimaiyyətin təzyiqi ilə qəbul etdiklərini bildirdilər. Amma bütün fəaliyyətləri Yenilənmiş Madrid Prinsiplərini neytrallaşdırmağa yönəldi. 2011-ci ilin Kazan, eləcə də 2012-ci ildə Soçi və Sankt-Peterburq görüşləri məhz buna xidmət edirdi. Kazan görüşünün məqsədi 2009-ci ildə qəbul edilmiş Yenilənmiş Madrid Prinsipləri ilə 2007- ci ilin Madrid prinsipləri arasında ortaq variant yaratmaq idi. 2012-ci ilin yanvarında Soçidə RF status-kvonu möhkəmləndirmək üçün atəşkəs rejimində insidentlərin tətbiqi mexanizmi ideyasını ortalığa sürdü. Bu da qəbul olunmayanda 2012-ci ilin iyununda prezidentlərin Sankt-Peterburq görüşündə Rusiya bu vaxtadək razılaşdırılan və razılaşdırılmayan məqamları sistemləşdirmək və bunlara dair sənəd imzalamaq təklifini ortalığa qoydu. Məqsəd Dağlıq Qarabağ tənzimlənməsinə dair hər hansı bir sənədi imzalamaq idi. Sənədi imzalamaqda məqsəd isə dinc tənzimlənməsində irəliləyiş görüntüsü yaramaqla Ermənistana investisiya cəlb etmək idi. Azərbaycan buna da imkan vermədi. 2013-cü ildə Uorlik həmsədrliyə gəldikdən sonra ermənilərin arzularına çatması istiqamətində böyük işlər gördü. 2014-cü ilin mayın 9-da o “amerikan variantı”nı ortalığa qoydu.
“Amerikan variantı”nda artıq 1-ci maddə Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması deyildi. 1-ci maddə Dağlıq Qarabağın statusunun müəyyənləşməsi prinsiplərinin razılaşdırılması idi.
Uorlikin fikrincə, statusu Dağlıq Qarabağ erməniləri müəyyənləşdirməli idi.
S.Sərkisyanın bu yaxınlarda “MİA-Novosti”yə verdiyi açıqlamada S.Sərkisyan etiraf etdi ki, 2011-ci ildə hələ Kazan görüşü zamanı Ermənistan ətraf əraziləri Azərbaycana qaytarmağa razı olub. Amma 1-ci maddə kimi Dağlıq Qarabağa statusunun verilməsinin yazılmasını tələb edib. Həmin tələbi S.Sərkisyan Kazan görüşündə, sonra Soçi və Sankt-Peterburq görüşlərində əldə edə bilmədi. Amma 2014-cü ildə Uorlik bu nəticəni əldə etdi.
C.Uorlik “işğal olunmuş ərazilər” terminini işlədib. Məcbur idi. Çünki həmsədrlər amerikan variantından 3 gün sonra atəşkəs rejiminin 20 illiyinə dair yaydıqları bəyanatda “işğal olunmuş ərazilər” terminini işlətmişdilər. Uorlik “işğal olunmuş ərazilər” terminini işlətməklə ermənilərə yalnız emosional ağrı verib. Əslində onun “işğal olunmuş ərazilər” termini işlətməsi də Dağlıq Qarabağ ermənilərinin statusunu müəyyənləşdirməsini yada salmaq üçün edilib. Çünki o ərazilərin qaytarılmasını ermənilər üçün statusun müəyyən olunmasına bağlamışdı.
C.Uorlikin koordinatorluğu ilə ATƏT MQ “Fitch” beynəlxalq təşkilatına və digər beynəlxalq maliyyə qurumlarına zəmanət məktubu verildi ki, Dağlıq Qarabağ tənzimlənməsi gedir, müharibə olmayacaq, Ermənistana kredit verə bilərsiniz.
Uorlik RF ilə ABŞ arasında gərgin dövr olmasına baxmayaraq RF Xarici İşlər Nazirliyində dəfələrlə olmuş Amerika diplomatı idi. Bu, Amerika diplomatiyası üçün bəlkə də yenilik idi. Bəlkə də bu məsələdə o yeganə diplomat idi. Amma həmin dövrdə onun addımı Amerikanın milli maraqlarına xəyanət kimi başa düşülsə daha düzgün ola bilər.
Amerikalı həmsədrin məsləhətçiləri də amerikalılar deyil, ruslar idi. Uorlik dəfələrlə ATƏT MQ-nin rusiyalı sədri olmuş V.Kazimirovla görüşüb ondan məsləhət almışdı. Regionu daha yaxşı tanıyan ABŞ-ın iki diplomatı Uorlikin iş yoldaşları idi. Bunun biri amerikalı həmsədr Stiv Mənn, digəri isə Metyu Brayzadır. S.Mənn Ermənistanda ABŞ-ın səfiri işləmişdi. Sonra ABŞ onu ATƏT MQ-yə həmsədr təyin elədi. Daha sonra o ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə nümayəndəsi vəzifəsini daşıdı.
M.Brayzanın Qafqazı bilməsinə isə heç kəsin bu vaxta qədər şübhəsi olmayıb. Ona görə Uorlikin belə təcrübəli ABŞ diplomatlarını qoyaraq V.Kazimirovla məsləhətləşməsi görünür, təsadüfi olmayıb və nəticədə o tanınmış Rusiya şirkətində özü üçün iş tapdı. Rusiyanın əksər aparıcı şirkətlərində ermənilərin rolu şəksizdir. Bu anlamda onun bu vəzifəni əldə etməsində ermənilərin rolunu inkar etmirik. Hər halda Uorlik etiraf etdi ki, o doğrudan da Amerikanın milli maraqlarına xidmət etməyib ermənilərin maraqlarına xidmət edib.
Uorlikin həmsədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsi regionu müharibəyə sürükləndi. Dağlıq Qarabağ münaqişəsi regionunda artıq tətbiq olunan silahların çapı artdı. Dörd günlük aprel müharibəsi Uorlikin dövrünə düşdü. Bunlar təsadüfi deyil, bunlar Uorlik başda olmaqla həmsədrlərin fəaliyyətinin məntiqi nəticəsi idi.
ABŞ yeni həmsədr təyin edərkən Amerikanın milli maraqlarını nəzərə alan, təqaüdçü yaşında olmayan və maddi imkanları təmin olunmuş diplomat təyin etsə özü üçün də faydalı olar. C.Uorlik parametrli diplomat vəziyyəti daha da gərginləşdirə bilər".
1news.az