SAM-ın nümayəndə heyəti İrana səfər edib – FOTO
25-28 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) nümayəndə heyəti İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin dəvəti ilə qonşu ölkədə səfərdə olub.
1news.az-a Mərkəzin mətbuat xidmətindən verilən xəbərə görə, SAM-ın direktoru Fərhad Məmmədovun başçılıq etdiyi və SAM əməkdaşları Məsiağa Məhəmmədi, Gülmira Rzayeva, Fuad Çıraqov və Kamal Qasımovun daxil olduğu nümayəndə heyəti iki gün ərzində İranın bir sıra beyin mərkəzlərində müzakirələr aparmış, dövlət rəsmiləri ilə görüşlər keçirib.
Noyabrın 26-da İran XİN Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzində (SBAM) “İran İslam Respublikası və Azərbaycan Respublikası: qlobal, regional baxışlar və ikitərəfli əlaqələr” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə giriş sözü ilə çıxış edən SBAM-ın direktoru Məhəmməd Kazım Səccadpur və SAM-ın direktoru Fərhad Məmmədov bu cür müzakirələrin əhəmiyyətini vurğulayıb və iki mərkəz arasında əməkdaşlığın genişlənməsindən məmnunluqlarını ifadə ediblər.
Daha sonra SAM-ın baş elmi işçisi Məsiağa Məhəmmədi “İran-Azərbaycan münasibətləri 25 ildə: uğurlar və imkanlar”, aparıcı elmi işçi Gülmira Rzayeva “Azərbaycan Respublikasının enerji siyasəti”, elmi işçi Fuad Çıraqov “Cənubi Qafqazın regional inkişaf perspektivləri” mövzularında məruzələri dinlənilib. Dəyirmi masada həmçinin İran XİN Türkyə və Azərbaycan departamentinin direktoru Qulamrza Qılıcxan, Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Bünyad Hüseynov, İranın Azərbaycandakı sabiq səfiri, SBAM-ın baş məsləhətçisi Möhsün Pakayin, İran Məsləhət Şurası nəzdində Strateji Tədqiqatlar Mərkəzinin eksperti Kuzegər Kaleci çıxış etmişlər. Daha sonra sual-cavab sessiyası olub.
Günün ikinci yarısında SAM-ın nümayəndə heyətini İran Xarici İşlər nazirinin Asiya-Sakit okean hövzəsi və MDB ölkələri üzrə müavini İbrahim Rəhimpur qəbul etmişdir. İki ölkə arasında əlaqələrin bütün sahələr üzrə genişlənməsindən danışan İ.Rəhimpur beyin mərkəzlərinin də əməkdaşlığının vacib olduğunu bildirib.
Noyabrın 27-də Qafqaz Araşdırmaları İnstitutunda (QAİ) SAM-ın direktoru Fərhad Məmmədov “Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri” mövzusunda geniş məruzə etmiş, tədbirdə iştirak edən yerli ekspertlərin və media təmsilçilərinin suallarını cavablandırmışdır. QAİ-nin direktoru Mehdi Hüseyni maraqlı məruzəyə görə F.Məmmədova təşəkkürünü bildirmiş, rəhbərlik etdiyi qurumun SAM-la əməkdaşlıqda maraqlı olduğunu söyləyib.
SAM nümayəndə heyətinin iştirakı ilə növbəti müzakirə İranın aparıcı beyin mərkəzlərindən biri olan "İran və Avrasiya" Araşdırmaları İnstitutunda keçirilib. İnstitutun icraçı direktoru Davud Kiyani qonaqları salamlayıb və SAM ekspertlərinin regional məsələlərə, ikitərəfli münasibətlərə dair fikirlərinin onlar üçün əhəmiyyətli olduğunu vurğulayıb.
SAM-ın direktoru Fərhad Məmmədovun Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ətrafında hazırkı vəziyyətə dair çıxışı iranlı ekspertlər tərəfindən böyük maraqla qarşılanıb. Müzakirələrdə İran tərəfdən professor Bəhram Əmir Əhmədian, doktor Həmidrza Əzizi, SAM əməkdaşları Məsiağa Məhəmmədi və Gülmira Rzayeva çıxış etmiş, tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.
1news.az