Azərbaycan-Belarus sənədləri imzalanıb
Prezident İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.
Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla xəbər verir.
Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko imzaladılar.
“Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq Proqramının icrası üzrə Tədbirlər Planı”nı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Belarusun Baş nazirinin müavini Vladimir Semaşko imzaladılar.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Belarus Respublikasının Milli Dövlət Teleradio Kompaniyası arasında əməkdaşlıq haqqında Saziş”i “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov və “Belteleradiokompaniya”nın sədri Gennadi Davıdko imzaladılar.
“Qəbələ Rayon İcra Hakimiyyəti (Azərbaycan Respublikası) və Qrodno şəhəri (Belarus Respublikası) arasında regionlararası əlaqələrin qurulması haqqında Saziş”i Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev və Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviç imzaladılar.
“Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Belarus Respublikasının Dövlət Əmlak Komitəsi arasında əməkdaşlığa dair Saziş”i Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov və Belarusun Dövlət Əmlak Komitəsinin sədri Andrey Qayev imzaladılar.
“2025-ci ilədək Azərbaycan və Belarus arasında aqrosənaye kompleksi sahəsində əməkdaşlıq üzrə Kompleks Proqramı”nı Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Belarusun kənd təsərrüfatı və qida naziri Leonid Zayats imzaladılar.
“Azərbaycan Respublikası və Belarus Respublikası arasında təhsil sahəsində 2016-2020-ci illər üzrə əməkdaşlığın inkişafı Proqramı”nı Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov və Belarusun təhsil naziri Mixail Juravkov imzaladılar.
“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Belarus Respublikasının Dövlət Gömrük Komitəsi arasında malların hava nəqliyyatı ilə daşınmasında gömrük hüquq pozuntuları ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol”u Azərbaycanın Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Belarusun xarici işlər naziri Vladimir Makey imzaladılar.
“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Belarus Respublikasının İnformasiya Nazirliyi arasında nəşriyyat və informasiya sahəsində əməkdaşlıq haqqında Sazişin həyata keçirilməsinə dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nı Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Belarusun xarici işlər naziri Vladimir Makey imzaladılar.
“Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında 2013-cü il 21 noyabr tarixli Sazişin tətbiqinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında Saziş”i Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Belarusun xarici işlər naziri Vladimir Makey imzaladılar.
“Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Belarus Respublikası İdman və Turizm Nazirliyi arasında bədən tərbiyəsi və idman sahəsində 2017-2018-ci illər üçün əməkdaşlıq Proqramı”nı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Belarusun xarici işlər naziri Vladimir Makey imzaladılar.
1news.az