Separatizm, terror və ikili standartlar: bəşəriyyət uçurum qarşısında – Newtimes.az
Bütün dünya Yaxın Şərqdə cərəyan edən hadisələri həyəcanla izləməkdədir. Mütəxəssislər də prosesləri analiz edir və proqnozlar verirlər. Son dövrlərdə meydana o qədər fərqli fikirlər atılır ki, müəyyən mənada milyonlarla insanın faciəvi durumu adi hal kimi qəbul edilir. Sanki insanlığın faciələrə laqeydliyi artır.
Bununla yanaşı, yüksək səviyyəli mütəxəssislərin söylədiyi fikirlərdə çox maraqlı, həm də ziddiyyətli məqamlara rast gəlinir. Bu kontekstdə Rusiya təhlükəsizlik orqanlarında uzun müddət yüksək vəzifə tutmuş, hazırda analitik-strateji təhlil və proqnozlarla məşğul olan Leonid Reşetnikovun fikirləri diqqətimizi çəkdi. Hazırda o, Rusiya Prezidentinin təsis etdiyi Rusiya Strateji Tədqiqatlar İnstitutunun (RSTİ) direktoru, tarix elmləri namizədidir. Bugünlərdə L.Reşetnikov Türkiyə mediasına da maraqlı müsahibə verib.
Ərazi bütövlüyü: əsas faktor kimi
Əvvəlcə onu vurğulayaq ki, hələ bu ilin avqust ayında Leonid Reşetnikov rusiyalı jurnalistə verdiyi müsahibədə Türkiyədə daxili vəziyyətin çox ağır olduğunu ifadə edib. Həmin kontekstdə Prezident Rəcəb Tayyib Ərdoğanın da vəziyyətinin çətin olmasını qeyd edib. RSTİ direktorunun məntiqinə görə, belə bir vəziyyət ABŞ başda olmaqla Qərb dövlətlərinin Türkiyəyə qarşı yeritdiyi siyasətdən qaynaqlanır. Rəsmi Ankara eyni zamanda Qərb, Rusiya, Suriya və kürd məsələsi arasında qalıb. Bu durumdan necə xilas olacağı məlum deyil (bax: Леонид Решетников: Эрдоган – в крайне сложном положении / "Царьград", 24 avqust 2016).
Bu fikirlərini ümumən türkiyəli jurnalistə verdiyi müsahibədə inkişaf etdirən L.Reşetnikov, həm də bir qədər fərqli, daha nikbin tezislər irəli sürüb (bax: RISS Başkanı Leonid Reşetnikov: Düşürenler öncelikle Erdoğan düşmanıydı, ABD'li askerler de katıldı / "Hürriyet", 7 noyabr 2016). Bizi daha çox maraqlandıran L.Reşetnikovun Türkiyə və Rusiyanın dövlət olaraq ərazi bütünlüyü haqqında söylədikləridir.
Rusiyalı mütəxəssis vurğulayır ki, Moskva Yaxın Şərqdə kürd dövlətinin yaradılmasını arzulamır. Kremlin həmin regionla bağlı siyasətində bu, əsas prinsipidir. Bu səbəbdən rəsmi Moskva Suriyanın və İraqın parçalanmasının tam əleyhinədir. O cümlədən Türkiyənin də bölünməsini qətiyyən qəbul etmir. Onun fikrinə görə, kürdlərə Türkiyədə ən yüksək mədəni muxtariyyət verilə bilər (bax: əvvəlki mənbəyə). Bundan o tərəfə keçilsə, nəinki Yaxın Şərqdə, hətta dünyada belə qarşısıalınmaz parçalanma prosesinə təkan verilə bilər. Bu baxımdan, rusiyalı mütəxəssisin fikrinə görə, İraqın şimalında kürd muxtariyyətinin yaradılması faktiki olaraq bu ölkənin parçalanması yolunda təsirli addımdır.
L.Reşetnikov bu tezisləri ifadə etməklə yanaşı, sual edir: necə olsun, Türkiyə, Rusiya və İran da parçalansın? Hətta Ermənistanda da kürdlər yaşayır, onlara da dövlət qurmağa imkan yaradılsın? Maraqlıdır, deyilmi? Əslində, L.Reşetnikov çox sağlam düşünür və praqmatik suallar qoyur. Çünki doğrudan da, Rusiyada bir neçə muxtar respublika var və onlar da analoji olaraq müstəqillik tələb edə bilərlər. Yaxın Şərqdə silah gücünə hansısa etnos dövlət qurmaq istəyirsə, nəyə görə Rusiyada daha çox özünüidarəetmə imkanı olan bir neçə muxtar qurum tam müstəqil olmasın?
Deməli, L.Reşetnikov kifayət qədər rasional və məntiqi düşünür. Onun verdiyi proqnozlar da rasionaldır. Qərbin reallaşdırmaq istədiyi ssenari Yaxın Şərqdə baş tutsa, dünyanın müxtəlif regionlarında dövlətlərin başı ağrıyacaq. Parçalanma prosesi zəncirvarı olaraq dünyanın bütün regionlarına yayıla bilər. Bu, arzuolunan hal deyil və RSTİ direktoru hesab edir ki, bəzi xalqlar öz talelərinə, tarixin reallıqlarına küssünlər. Vəziyyət belə gətirib. İndi dünya xəritəsini yenidən çəkmək bütövlükdə bəşəriyyəti fəlakətə apara bilər.
Ayrı-seçkilik: ziddiyyətlərdən xilas yolunda əsas maneə
Bütün bunlar qəbulediləndir. Ancaq... nəyə görəsə L.Reşetnikov bir sıra faktları unudur. Onları xatırlatmaq yerinə düşərdi. Birincisi, Rusiya Gürcüstan ərazisində olan Abxaziyanı və Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyıb. L.Reşetnikovun məntiqinə görə isə Moskva hər şeydən əvvəl Gürcüstanın ərazi bütövlüyünə üstünlük verməli idi.
İkincisi, uzun illərdir ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır və rəsmi İrəvan orada qondarılmış "DQR"in müstəqilliyinin tanınmasında israr edir. İndi onlar bir qədər də irəli gedərək, Dağlıq Qarabağın adını "Artsax"a dəyişdirmək istəyirlər. Bəs bunlara ABŞ, Fransa və Rusiya necə reaksiya verirlər?
Sözdə onlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər. Reallıqda isə bunun təmin edilməsi üçün Ermənistana qarşı heç bir addım atmırlar. Əksinə, faktlar göstərir ki, həmin dövlətlərin hər biri təcavüzkara yardım edirlər. Buraya maliyyə, iqtisadi, mənəvi və hərbi dəstək daxildir. Ermənistan silahlandırılır, bağlı qapılar arxasında təlimatlandırılır, diplomatik yardımlar edilir. Nəticə olaraq bütün gücləri ilə çalışırlar ki, erməni işğalçı ordusu Azərbaycan torpaqlarında qalsın və uyğun zamanda "DQR"in müstəqilliyini tanısınlar.
Təsadüfi deyil ki, bağlı qapılar arxasında ermənilərin separatçı, qondarma qurumunu tanıtmaq üçün Azərbaycana təzyiq göstərməyə cəhdlər edirlər. Özü də bunu münaqişəni həll etməli olan vasitəçilər edir. Belə çıxır ki, həmin vasitəçilər sözdə ölkələrin ərazi bütövlüyünün toxunulmazlığından bəhs edir, reallıqda isə başqa cür davranırlar. L.Reşetnikovun Türkiyə, Rusiya, İran, İraq və Suriyanın ərazi bütövlüyü haqqında dediyi, kürdlərə müstəqil dövlət qurmağa imkan verməyin yolverilməz olduğunu nəzərdə tutan fikirləri ilə Dağlıq Qarabağ münaqişəsində böyük dövlətlərin tutduğu mövqe arasında ziddiyyət mövcud deyilmi?
Bizcə, burada çox ciddi və düşündürücü uyğunsuzluq və səbatsızlıq vardır. Təsəvvür edin, hətta Ermənistanda az miqdarda olan yezidi kürdlərin erməni dövlətçiliyinə təhlükə ola biləcəyindən ehtiyatlanır, ancaq Azərbaycan ərazisində 25 ildən çoxdur ki, qanunsuz erməni rejiminin varlığına əngəl olmaq istəmirlər. Hanı burada obyektivlik və ədalət? Daha önəmlisi, bu cür təzadlı mövqedə qalmaqla bütövlükdə dünyada yeni geosiyasi nizama nail olmaq mümkündürmü? Əsla mümkün deyil. Çünki biriləri öz ərazisində separatizmi arzulamayıb, ona qarşı sərt tədbirlər görürsə, Azərbaycana heç kəs eyni cür hərəkət etməməsinə göstəriş verə bilməz.
Bu bağlılıqda ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri də rəsmi Bakını hansısa əməldə ittiham edə bilməz. Baxın, Vaşinqton Moskvanı onun prezident seçkisi prosesinə qarışmaqda ittiham edir və əks zərbələr vuracağından danışır. Lakin elə məhz ABŞ rəhbərliyi başqa ölkələrdə seçkilərə müdaxilə edir və hətta təzyiqlər göstərməyə çalışır. Bununla kifayətlənməyərək, ayrı-ayrı regionlarda kimin hansı dövlət qurmalı olduğuna hökm verməyə cəhdlər göstərirlər. İndi Yaxın Şərqdə tökülən qanların arxasında məhz bu məqam dayanır.
Avropa İttifaqının Türkiyədəki etnik separatizmi və terroru dəstəkləməsi də həmin faktordan qaynaqlanır. Rəsmi Ankaradan terrorçuları və onlara dəstək verənləri zərərsizləşdirməməyi tələb edirlər. Bunu utanmadan "qırmızı xətt" adlandırırlar. Özləri isə dinc miqrantlara qarşı belə qeyri-insani münasibət sərgiləyirlər, islamofobiyanın sərhədlərini daha da genişləndirməyə səy göstərirlər.
İllərdir ki, Azərbaycan bu kimi faktları dünyaya anlatmağa çalışır, Ermənistanın təcavüzkarlığının nəticələri aradan qaldırılmadıqca, meydana daha qorxulu və daha miqyaslı problemlərin çıxa biləcəyi barədə xəbərdar edirdi. Budur, artıq Yaxın Şərqin bütün dövlətləri, İran, Rusiya və başqaları da özləri analoji təhlükələrdən bəhs edirlər. Bəlkə gec qalıblar? Daha doğrusu, əvvəlcə Ermənistana "dur" deyilməsi lazım deyildimi? Bundan sonra kürd məsələsinə, yaxud başqa məsələlərə keçmək olar. Çünki ermənilərə rəva bilinən şeylərə başqa etnik qruplar da can atacaqlar. Nəyə görə də bunu etməsinlər? Dünyanın varlığının məntiqi belədir. Tarixin hökmü bu cürdür! Anlayın artıq – bəşəriyyət uçuruma yuvarlanır!
Elsevər Abdullayev