DİN: Son iki gündə 91 cinayətin üstü açılıb
Daxili İşlər Nazirliyi son iki gün ərzində ölkə ərazisində qeydə alınan cinayət və hüquq pozuntuları ilə bağlı məlumat yayıb.
1news.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, mayın 9-u və 10-da qeydə alınan 91 cinayətin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 67 nəfər saxlanılıb. Onlardan 47-si borclu şəxs qismində axtarışda olan şəxslərdir və aidiyyəti üzrə təhvil veriliblər.
Eyni zamanda, narkotiklərlə əlaqəli 48 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 7 fakt müəyyən edilib.
Məlumata əsasən, cinayət törətməkdə şübhəli bilinən 83 nəfər saxlanılıb.












