Azərbaycan-Cənubi Afrika Respublikası əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov CAR-ın beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabane ilə görüşüb.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabane ilə görüşüb.
Görüşdə nazirlər Azərbaycan və CAR arasında münasibətlərin hazırki vəziyyətini nəzərdən keçiriblər. Söhbət zamanı iki ölkənin xarici siyasət orqanları arasında mütəmadi məsləhətləşmələrin aparılmasının və yüksək səviyyəli səfərlərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verdiyi vurğulanıb.
Tərəflər beynəlxalq təşkilatlar, o cümlədən BMT, Afrika İttifaqı və Qoşulmamaq Hərəkatı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı dəstəyin göstərilməsinin əhəmiyyətini qeyd ediblər.
Nazir Elmar Məmmədyarov iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi və əməkdaşlıq üçün hüquqi əsasın formalaşdırılmasının əhəmiyyətindən danışıb.
Maite Nkoana-Maşabane nazirlər səviyyəsində mütəmadi olaraq siyasi məsləhətləşmələrin keçirilməsini və bu mexanizmin birgə komissiya səviyyəsinə çatdırılmasını təklif edib. O deyib ki, gənc demokratik ölkələr kimi biz təcrübə mübadiləsi aparmalı və bir-birimizdən öyrənməliyik.
Görüşdə Azərbaycan və CAR arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, ticarət dövriyyəsinin həcminin artırılması üçün sərgi və yarmarkalar, eləcə də biznes səfərlərinin təşkili, həmçinin kənd təsərrüfatı və enerji sahəsində birgə layihələrin həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılması yolları ətrafında fikir mübadiləsi aparılıb. Nazirlər, həmçinin təhsil sahəsində əməkdaşlıq, xüsusən ADA Universiteti ilə CAR-ın Diplomatiya Akademiyası arasında qarşılıqlı müəllim-tələbə mübadiləsi imkanlarını nəzərdən keçiriblər. Mədəni sahədə əməkdaşlığı genişləndirmək üçün hər iki ölkədə mədəniyyət günlərinin keçirilməsi, sərgilərin təşkil olunması perspektivlərini müzakirə ediblər.
Tərəflər Azərbaycan və CAR-ın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə həyata keçirilmiş əməkdaşlığı və Azərbaycanın Afrika qitəsinin problemlərinə xüsusi diqqət yetirməsini təqdir ediblər.
Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) Afrika və digər qitələrdə həyata keçirdiyi layihə və proqramlar, habelə humanitar yardım sahəsində gördüyü işlər barədə həmkarına məlumat verib və bunun beynəlxalq əməkdaşlıq və sülhün möhkəmləndirilməsinə xidmət etdiyini bildirib. Nazir, eyni zamanda, ASAN xidmətin fəaliyyəti haqqında danışıb və bu xidmətin Afrika İttifaqında təqdimatının keçiriləcəyini bildirib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində son vəziyyətlə bağlı həmkarına məlumat verən Elmar Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməli olduğunu vurğulayıb. Münaqişə ilə bağlı BMT TŞ-nin məlum qətnamələrini xatırladan E.Məmmədyarov təəssüflə qeyd edib ki, adıçəkilən qətnamələr hələ də icra olunmayıb. O, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları səviyyəsində dəfələrlə mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olmasını bəyan etdiklərini bildirib. Elmar Məmmədyarov əlavə edib ki, güc tətbiqi yolu ilə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması qəbuledilməzdir.
E.Məmmədyarov bildirib ki, biz Qoşulmamaq Hərəkatının son Sammitində ifadə olunduğu kimi, münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi əsasında həllinə dair CAR-ın mövqeyini yüksək qiymətləndirik.
Maite Nkoana-Maşabane ölkəsinin Azərbaycanda diplomatik nümayəndəliyinin təsis olunacağını bildirib.
Görüşdə, həmçinin parlament diplomatiyasının və insanlararası təmasların artırılmasının əhəmiyyətindən danışılıb, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
1news.az