İlham Əliyev “BakuTel-2016” sərgisi ilə tanış olub - FOTO
Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi - “Bakutel-2016” ilə tanış olublar.
1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dövlətimizin başçısına və xanımına sərgi barədə məlumat verdi.
Bildirildi ki, sərgidə dünyanın 18 ölkəsindən 200 şirkət iştirak edir. Builki sərgidə 9 ölkə - Avstriya, Belarus, İran, İtaliya, Fransa, Niderland, Sloveniya, Türkiyə və Xorvatiya milli stendlərdə öz ölkələrinin aparıcı şirkətləri ilə yanaşı, həm Azərbaycan, həm də bütün Xəzəryanı region üçün innovativ layihələr, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edir. Sərgidə bu il debütantların sayı iştirakçıların ümumi sayının 30 faizini təşkil edir.
Dövlətimizin başçısına Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki qurumların və müəssisələrin stendlərinin cəmləşdiyi ümumi pavilyon barədə məlumat verildi. Qeyd edildi ki, 2012-ci ildən fəaliyyətə başlayan “Elektron hökumət” portalı artıq özündə 89 qurumun elektron xidmətlərini birləşdirir. Hazırda portal vasitəsilə 418 növ elektron xidmət göstərilir. İndiyə qədər “Elektron hökumət” portalı vasitəsilə müraciət edənlərin sayı 34 milyonu ötüb. Ümumi xidmətlərə müraciət sayının 46 faizi bu ilin 11 ayında qeydə alınıb. Gündəlik müraciətlərin sayı isə 50 mindən çoxdur. Artıq mobil telefon vasitəsilə də portalda olan xidmətlərdən istifadə etmək mümkündür. Portalın elektron ödəmə sistemi də yaradılıb. Bu günədək 100 mindən artıq “elektron imza” istifadəyə verilib və yaxın müddətdə hər bir vətəndaşa təqdim ediləcək yeni nəsil şəxsiyyət vəsiqəsi elektron imza sertifikatı ilə təmin olunacaq.
Sonra Prezident İlham Əliyevə ölkəmizə məxsus ilk regional Data Mərkəzi barədə məlumat verildi.
Bildirildi ki, TIER III beynəlxalq sertifikatlı müasir dünya standartlarına cavab verən yeni yaradılmış “bulud” texnologiyası əsasında regionda ilk olan Data Mərkəzi artıq istismara tam hazırdır. Mərkəzin istifadəyə verilməsini şərtləndirən sertifikatlaşdırma prosesi uğurla tamamlanıb. Data Mərkəzi Azərbaycanda İKT sahəsinin inkişafını, həm də ölkənin informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyasını sürətləndirəcək, innovasiyaya şərait yaradacaq və dövrümüzün ən müasir texnologiyası hesab olunan bulud texnologiyalarının dövlət və özəl sektora inteqrasiyasına təkan verəcək.
Burada rabitə və telekommunikasiya sahəsində həyata keçirilən işlər barədə də geniş məlumat verilir.
Qeyd olundu ki, respublika üzrə magistral və lokal şəbəkənin müasir standartlarla yenidən qurulması üçün “Milli genişzolaqlı şəbəkə” layihəsinin icrasına başlanıb. Layihə çərçivəsində 8 min 150 kilometr magistral və 70 min kilometrə qədər abunə xətlərinin çəkilməsi və nəticədə 1600-dək yaşayış məntəqəsinin yeni nəsil İP şəbəkəsinə qoşulması planlaşdırılır ki, bu da hər kəsin genişzolaqlı internet xidmətlərindən istifadə edə bilməsinə və xidmət keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.
Yeni yaradılan “Şəbəkə” xidmət mərkəzlərinin stendində məlumat verildi ki, rabitə xidmətlərinin bir mərkəzdən göstərilməsi məqsədilə ilk olaraq Bakı şəhərində çoxfunksiyalı xidmət mərkəzlərinin qurulması üzrə işlərə başlanılıb. Bu şəbəkə vasitəsilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən bütün xidmətlərin vahid mərkəzdən göstərilməsi planlaşdırılır ki, bununla da əhalinin telekommunikasiya, internet, poçt və digər rabitə xidmətlərindən istifadəsinə geniş imkanlar yaradılacaq, həmin xidmətlərdən istifadə zamanı vaxt itkisinin qarşısı alınacaq.
Sonra dövlətimizin başçısına innovativ ideyalara, intellektual sahibkarlıq subyektlərinə və startapçılara göstərilən dəstək və yaradılan şərait barədə məlumat verildi. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun keçirdiyi qrant müsabiqələrinə ümumilikdə 600-ə yaxın innovativ və tətbiqi elmi-texniki layihə təqdim olunub ki, onlardan da 100-nə qrant ayrılıb. Qrant alan startapçıların bir çoxu sərgidə öz məhsul və xidmətlərini təqdim edirlər.
“Azerkosmos” ASC-nin stendi ilə tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, ölkəmizin ilk telekommunikasiya peyki olan “Azerspace-1” üzərindən 44 televiziya və 14 radio kanalı yayımlanır. 2013-cü ilin iyunundan etibarən kommersiya fəaliyyətinə başlayan “Azerspace-1” vasitəsilə dünyanın 18 ölkəsindəki müştəri bazası ilə peykin tutumlarının 75 faizinin ödənişli əsaslarla satışına nail olunub. Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın yerüstü avadanlığı Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində quraşdırılıb. Yeni yerüstü stansiya peykdən təsvirlərin daha sürətli və etibarlı şəkildə birbaşa alınmasını mümkün edib. Bu ilin sentyabrından “Azerspace-1” peyki ilə yanaşı, “Azersky” peyki də tamamilə yerli mütəxəssislər tərəfindən idarə olunur. Artıq ölkəmizdəki bir sıra dövlət orqanları və özəl qurumlar ilə peyk təsvirlərinin satışına dair müqavilələr imzalanıb, yerli bazarla yanaşı, xaricdə satışların artırılması məqsədilə intensiv danışıqlar aparılır. Bildirildi ki, ikinci telekommunikasiya peyki “Azerspace-2”nin SSL şirkəti tərəfindən istehsalı və “Ariannespace” şirkəti tərəfindən orbitə çıxarılması üzrə müqavilələr imzalanıb.
Prezident İlham Əliyev “Azərpoçt”un stendinə də baxdı. Bu qurumun 2 ofisi “Şəbəkə” üçün rekonstruksiya edilib və bu mərkəzlərdə istifadə olunan bütün proqram təminatı yerli mütəxəssislər tərəfindən hazırlanıb. Telekommunikasiya və poçt xidmətlərindən başqa, aviabiletlərin satışının təşkilinin də nəzərdə tutulduğu bu mərkəzlərdə vətəndaşlara yüksək xidmət göstərilir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzi ilə tanışlıq zamanı dövlətimizin başçısına daxili və xarici işıqlanma üçün texnologiya əsasında LED lampalarının yandırılması, pilot layihələrin həyata keçirilməsi, işıq parametrlərinin, həmçinin marketinq parametrlərinin təyin edilməsi, ayda 1500-2000 LED lampası hazırlamağa imkan verən istehsal sahəsinin yaradılması, Azərbaycanda və xüsusən Bakı şəhərində işıqlanma sistemlərində istifadə olunan mövcud lampaların işıq korpuslarını dəyişmədən daha qənaətcil və ekoloji təmiz LED işıqlanma sistemləri ilə əvəzlənməsi istiqamətində görüləcək işlər barədə məlumat verildi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva yerli startapçılar tərəfindən hazırlanan məhsullara da baxdılar. “Made in Azerbaijan” brendi altında İnformasiya Texnologiyaları İnkişafı Dövlət Fondundan qrant almış, Yüksək Texnologiyalar Parkının İnkubasiya Mərkəzində fəaliyyət göstərən startapçıların yaratdıqları oyunlar ölkəmizdə və xaricdə uğur qazanan, yüksək keyfiyyətli qrafik oyunlardır. Bu məhsullar arasında Bakı Treki və müxtəlif səviyyəli innovativ oyunlar maraqla qarşılanır.
Dövlətimizin başçısı sərgidə İranın stendi ilə də tanış oldu. İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Prezident İlham Əliyevə sərgidə iştirak edən şirkətlər və onların məhsulları barədə məlumat verdi. Bildirildi ki, burada İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə 8 şirkət iştirak edir. Bu şirkətlər mobil və stasionar telefonlar, internet xidmətləri, həmçinin İKT avadanlıqları üçün müxtəlif qurğular təqdim edirlər. Stenddə, həmçinin İKT ilə bağlı digər məhsullar da nümayiş olunur.
Sərginin iştirakçıları arasında Fransa da var. Fransanın stendində üç şirkətlə yanaşı, Bakı-Fransız Liseyi, Azərbaycanda Fransız İnstitutu, UFAZ Azərbaycan-Fransız Universiteti təmsil olunur. Fransanın şirkətləri əsasən bir çox sahələrdə, o cümlədən biznes sahəsində kompleks təhlükəsizlik həlləri təklif edirlər. Bundan başqa, burada Wi-Fi modem və rouminq aparatları, bu qurğularda tətbiq edilən zənglərin şifrələnməsi sistemi nümayiş olunur. Fransız şirkətləri arasında dünya miqyasında enerjinin idarəolunması üzrə ixtisaslaşan şirkətlər də var.
Türkiyə “Bakutel-2016”da da geniş təmsil olunur. Türkiyə Respublikasının Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin dəstəyi ilə burada ümumilikdə dörd şirkət öz məhsullarını təqdim edir. Onların arasında mobil rabitə sahəsində ixtisaslaşmış Türkcell və Vodofon, sabit şəbəkə və fiberoptik sahədə ixtisaslaşmış Türk Telecom və peyk xidmətləri sahəsində ixtisaslaşmış TürkSat var. Qardaş ölkənin şirkətlərinin təqdim etdiyi məhsullar və xidmətlər beynəlxalq tələblər səviyyəsində olmaqla, həmçinin İKT təhlükəsizliyinə də cavab verir. Sərgidə iştirak etməklə Türkiyənin şirkətləri əldə olunan nailiyyətləri də geniş auditoriyaya çatdırmaq imkanı qazanırlar.
Belarusun Rabitə və İnformasiyalaşdırma Nazirliyinin dəstəyi ilə bu ölkədən yeddi şirkət sərgiyə qatılıb. Belarusun rabitə və informasiyalaşdırma naziri Sergey Popkov bildirib ki, bu şirkətlər ölkəsinin telekommunikasiya bazarında lider olmaqla telekommunikasiya avadanlıqlarının istehsalı, rabitə şəbəkələrinin layihələndirilməsi, poçt, elektron rabitə və informasiya texnologiyalarını təqdim etməklə məşğuldurlar. Belarus bu sərgiyə böyük maraq göstərir.
Niderland sərgidə beş şirkətlə təmsil olunur. Burada kənd təsərrüfatının idarəedilməsi sistemləri, “ASAN xidmət” və digər Azərbaycan şirkətləri ilə həyata keçirilən elektron sağlamlıq layihəsi, texnopark, nəqliyyat, daşımalar, logistika xidmətləri nümayiş olunur. Bundan başqa, Krallığın stendində Azərbaycan-Niderland Biznes Şəbəkəsi də təqdim edilir.
Dövlətimizin başçısı sərgidə İtaliyanın stendinə də baxdı. Burada “İT Azercom” Azərbaycan-İtaliya Ticarət Palatasının dəstəyi ilə 3 şirkət iştirak edir. Onlar İKT sahəsində innovativ məhsullarını və xidmətlərini təklif edirlər. Onların arasında İT, memarlıq, dizayn, işıqlandırma, lazer kartric xidmətləri var. İtaliyanın sərgidə iştirak edən şirkətləri öz sahələrində tam ixtisaslaşmış nüfuzlu qurumlardır.
Sloveniya isə sərgidə iki şirkətlə təmsil olunur. Burada İKT vasitələri, ölçmə avadanlıqları, o cümlədən “İskratel” şirkətinin təqdim etdiyi proqram təminatı, optik genişzolaqlı kabel, şəhərlərarası və şəhərdaxili kommutasiya xidmətləri nümayiş olunur.
“Bakutel-2016”da Avstriyanın dörd şirkəti iştirak edir. Bu ölkənin stendində şirkətlərin müxtəlif məhsulları və xidmətləri, o cümlədən avtodayanacaq avadanlıqları, avtonəqliyyat vasitələrinin qeydiyyat nömrələrini oxuyan sistemlər, habelə rabitə texnologiyaları nümayiş etdirilir.
Sərgiyə maraq göstərən ölkələrdən biri də Xorvatiyadır. Bu ölkə sərgiyə 5 şirkətlə qatılıb. Şirkətlər burada öz innovativ məhsullarını təqdim edirlər. Onların arasında İKT təhlükəsizliyi ilə bağlı həllər, həmçinin korporativ xidmətlərin yaradılması və dəstəklənməsi var.
Dövlətimizin başçısı Çinin “Huawei” şirkətinin stendinə də baxdı. Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Zin Şubo dövlətimizin başçısına şirkətin fəaliyyəti və məhsulları barədə məlumat verdi. “Huawei” hər il olduğu kimi, budəfəki sərgidə də geniş təmsil olunur. Yüksək texnoloji məhsullar istehsal edən “Huawei” dünyanın ən böyük 100 şirkətindən biridir. Şirkətin bir çox ölkələrdə, o cümlədən Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərir. “Huawei” artıq 15 ildir ki, Azərbaycanda öz xidmətlərini təklif edir. Onlar əsasən internet operatoru və korporativ xidmətlərdir. Şirkət ölkəmizin aparıcı mobil operatorları ilə əməkdaşlıq edir. “Huawei”nin məhsulları arasında planşet, mobil telefon, şəbəkə, informasiya-kommunikasiya texnologiyaları avadanlığı və stasionar kameralar da sərgilənir. Ölkəmizdə “Huawei-Azərbaycan” adı ilə fəaliyyət göstərən şirkət sərgidə “Mənim gözəl Azərbaycanım” layihəsini də təqdim edir.
Sərgidə “Microsoft”un Azərbaycan üzrə Milli Planı da təqdim olunur. Şirkətin burada iştirakının əsas məqsədi də korporasiyanın “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırladığı Azərbaycan üzrə Milli Planını geniş kütləyə nümayiş etdirməkdən ibarətdir. “Microsoft”un Milli Planının əsas komponentlərinə ölkədə innovasiya sahəsinin inkişafı, müəssisələrin iqtisadi səmərəliliyinin artırılması və təhsil sisteminin transformasiyası daxildir.
Sərgidə ilk dəfə iştirak edənlər arasında Rusiyanın Baltik Enerji Şirkəti də var. Şirkətin stendində baza stansiyalarının elektrik təminatı üçün qurğular, akkumulyatorlar, dizel-generator avadanlıqları nümayiş olunur. Şirkətin məhsulları arasında, həmçinin neft-qaz və metallurgiya sənayelərində istifadə olunan qurğular, alternativ və bərpaolunan enerji əldə edilməsi üçün panellər var.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Baku Ekspo Mərkəzi”nin foyesində ölkədə rabitə və poçt sahəsinin ayrı-ayrı dövrlərini əks etdirən fotoqalereyaya baxdılar. Builki sərgi Azərbaycanda telefon rabitəsinin yaradılmasının 135 illik yubileyi ilə eyni vaxta təsadüf edir. Sərgidə Azərbaycanın rabitə və poçt işçilərinin fəaliyyətini əks etdirən fotolar maraqla qarşılanır.
1news.az