Elmar Məmmədyarov: “Azərbaycan Qətiyyətli Dəstək Missiyasına töhfə verməyə davam edəcək”
“Azərbaycan NATO-nun etibarlı tərəfdaşı və qardaş Əfqanıstan xalqının dostu kimi 2016-cı ildən sonra da sülhməramlı hərbi birləşmə, çoxşaxəli nəqliyyat, təlim və maliyyə yardımını təmin etməklə, Qətiyyətli Dəstək Missiyasına öz əhəmiyyətli töhfəsini verməyə davam edəcək”.
1news.az-a XİN-in mətbuat xidmətindən verilən məlumata görə, bunu nazir Elmar Məmmədyarov NATO Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin Xarici İşlər Nazirlərinin iclasında çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan bir neçə dəfə Əfqanıstan Milli Ordusunun Etimad Fonduna əhəmiyyətli miqdarda ianə edib: “Götürdüyümüz öhdəliklərə uyğun olaraq bu fonda maliyyə dəstəyini davam etdirəcəyik. Bundan əlavə, Qətiyyətli Dəstək Missiyası başa çatdıqdan sonra gücləndirilmiş Davamlı Tərəfdaşlıq vasitəsi ilə töhfə verməyi nəzərdə tuturuq.
Eyni zamanda, Azərbaycan ikitərəfli əməkdaşlıq, habelə müvafiq çoxtərəfli və regional formatlar vasitəsilə Əfqanıstanla uzunmüddətli siyasi tərəfdaşlıq və praktik əməkdaşlığa sadiqdir. Bu ilin sentyabr ayında Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə əsasən təhlükəsizlik sahəsində Əfqanıstana yardımı nəzərdə tutan ikitərəfli saziş təsdiq edilib və hazırda fəal şəkildə həyata keçirilməkdədir. Bundan başqa, Qətiyyətli Dəstək Missiyasının arzuedilən nəticələrinə uyğun olaraq ikitərəfli əməkdaşlıq çərçivəsində əfqan müdavimlərinə Azərbaycanın hərbi təhsil müəssisələrində təlim keçməyə hazırıq”.
Nazir qeyd edib ki, bir neçə gün öncə mənim ölkəm Asiyanın Ürəyi – İstanbul Prosesinin 2017-ci il üzrə həmsədrliyini öz üzərinə götürüb: “Bu işdə biz bütün maraqlı tərəflər, xüsusən NATO ilə beynəlxalq ictimaiyyətin Əfqanıstana hərtərəfli və ardıcıl dəstəyinin asanlaşdırılması məqsədilə sıx koordinasiya və məsləhətləşmə şəraitində çalışacağıq.
Biz regional və qlobal iqtisadiyyata inteqrasiya istiqamətində Əfqanıstanın islahatlar kursunu dəstəkləyirik. Yeni İpək Yolunun mühüm tərkib hissəsi olan Azərbaycan Əfqanıstanın davamlı gələcəyini dəstəkləmək məqsədilə bu ölkə və Avropanı birləşdirəcək. Əfqanıstan və ondan kənarda davamlı sülh və inkişafı təmin etməyə kömək edən Bakı-Tiflis-Qars dəmir yolu və Azərbaycandakı yeni Ələt dəniz limanı Asiyanı Avropaya daha da bağlayacaq”.
XİN başçısı sonda NATO-nun Aparıcı Mülki Nümayəndəsi statusunda fədakar və səmərəli fəaliyyətinə görə səfir Aramaza təşəkkür edib və Almaniyadan olan səfir Zimmermana gələcək fəaliyyətində uğurlar arzulayıb.
1news.az