“Nə qədər ki, “qara bazar” fəaliyyətini genişləndirəcək, manat da dəyər itirəcək” - Ekspert
“Valyuta bazarımızda bu gün də dollar bahalaşdı. Deməli, “valyuta artıqlığı” olan banklar yenidən dollar alaraq tələb yaratdılar”.
1news.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, bu o deməkdir ki, dünən yazdığım kimi, “valyuta artıqlığı” sadəcə termindir, əslində alqı-satqı inzibati yolla məhdudlaşdırılır:
“Maraqlıdır ki, bankların əksəriyyəti vətəndaşlara dollar satmır, onlardan bəziləri hətta dollar da almır, amma hər hərraca gedib dollar alıb manatın kursunu aşağı salıb ofislərinə qayıdırlar. İnanmaq istərdim ki, banklar dollarları süvener kimi saxlamırlar. Çünki əslində, süvener kimi saxlasaydılar o zaman “qara bazar”da da dollar qıtlığı olardı.
Mərkəzi Bank deyir ki, banklar “qara bazar”a dollar vermilər. Belə anlaşılmırmı ki, “qara bazar” artıq dolları birbaşa hərraclardan alır? Çünki dollar emissiya hüququ ABŞ-ın Federal Ehtiyatlar Sistemindədir, “qara bazarımızın” hələlik elə hüququ yoxdur. Onsuz da hərraclar da qapalı keçirilir, orada kimlərin dollar aldığını Mərkəzi Bank ictimaiyyətə açıqlamır:
Ekspert sözlərinə əlavə edib ki, hamı “qara bazar”dan danışır, amma nə Mərkəzi Bank, nə də Maliyyə Bazarlarına Nəzarət Palatası həmin bazara pulun haradan və necə daxil olduğunu müəyyənləşdirmir:
“Müəyyənləşdirsələr də real addımlar atmaq istəmir. Amma nə qədər ki, “qara bazar” fəaliyyətini genişləndirəcək o qədər hərraclarda dollara tələb yüksək olaraq qalacaq və manat dəyər itirəcək”.
1news.az