Yeni təyyarə turistləri kosmos hüdudlarına aparacaq
“SolarStratos” şirkəti günəş enerjisi ilə işləyən və kosmik turistləri kosmos hüdudlarına çatdıracaq yeni təyyarəni rəsmən təqdim edib.
1news.az ICTnews-a istinadən xəbər verir ki, 7 dekabr 2016-cı ildə rəsmən buraxılan “SolarStratos” təyyarəsi ümumi ərazisi 22 kvadratmetr təşkil edən günəş panellərinin enerjisi ilə işləyir.
25 min metr hündürlüyə qalxa bilir ki, bu da alternativ enerji ilə işləyən yeni texnologiyaların əla nümayişi hesab olunur.
Layihə müəllifi Rafael Domyanın sözlərinə görə, mütəxəssislər qrupunun məqsədi mədən yanacaq növlərindən istifadə edən texnologiyalardan dəfələrlə üstün olan yeni texnologiyaların imkanlarının nümayişi olub. Beləliklə, mütəxəssislər kosmos hüdudlarına çata bilən yeni təyyarə ilə hamını təəccübləndirə biliblər. Təyyarənin uzunluğu 8,5 m, qanadlarının uzunluğu 24,8 m, çəkisi 450 kq təşkil edir.
Günəş panelləri massivi akkumulyatoru 20 kilovat-saat enerji ilə doldurur, öz növbəsində akkumulyator 32 kilovat-saat gücündə elektromotoru enerji ilə təmin edir ki, bu da 2,2 m diametrli propelleri fırlatmağa imkan verir. Layihə yaradıcılarının sözlərinə görə, təyyarə 24 saat fasiləsiz uça bilir və bu, kosmos hüdudlarına çatmağa kifayət edir.
Bildirilir ki, təyyarənin hazırlanmasına 2014-cü ildə başlanılıb və indiyədək davam edir. Sınaqlara 2017-ci ilin yanvarında başlamaq, ilk uçuşun isə 2018-ci ildə həyata keçirilməsi planlaşdırılır.
“SolarStratos” İsveçrədə keçirilən tədbirdə rəsmən təqdim edilib.
1news.az