Xaricdən gətirilən meyvələrin üzərindəki kodların sirri: hansı təhlükəlidir? - VİDEO
Bazardan aldığımız xarici məhsulların üzərindəki kodlar əslində məhsulun tərkibinin şifrəsi imiş.
1news.az-ın “Xəzər Xəbər”ə istinadən məlumatına görə, xaricdən gətirilmiş meyvələrin üzərində etiketlərə rast gəlmək mümkündür.
Təbii ki, bir çoxlarımız buna diqqət yetirmirik.
Maraqlısı burasındadır ki, bazarda nəinki alıcılar, heç satıcılar da bu kodların mənasını bilmir.
Əgər etiket üzərində 4 şifr yer alırsa, demək meyvəni maksimum aqrotexnologiyalardan istifadə ilə yetişdiriblər. Yəni tez yetişməsi üçün normadan artıq gübrə verilib.
Dövlət Fitosanitar Nəzarət Xidmətinin Karantin Ekspertiza Mərkəzinin direktor əvəzi Taleh Şəmiyev bu kodların istehsalçılar tərəfindən vurulduğunu bildirib.
Onun sözlərinə görə, qablaşdırılan məhsullardan fərqli olaraq açıq məhsullarda bu kodlar alıcını məlumatlandırmaq məqsədi daşıyır.
Aldığınız meyvənin üzərindəki kod 5 rəqəmlidirsə və 8-lə başlayırsa çalışın belə məhsullardan uzaq olun.Çünki bu meyvələr geni dəyişdirilərək yetişdirilib və tərkibində zərərli gübrələr çoxdur. Bir çox ölkələrdə bu cür məhsulların satışı qadağandır.
Xaricdən idxal olunan meyvə və tərəvəzlərin üzərində etiket yer almalıdır. Əgər yoxdursa, çox güman ki, onları çıxarıblar, ya da daha aşağı keyfiyyətli üsullarla yetişdirilib. Məhsulun sizə faydalı olmasını istəyirsinizsə, yerli meyvələrə üstünlük verin və unutmayın ki, bütün meyvələr mövsümündə yeyilsə yaxşıdır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
1news.az