Cəlilabadda azyaşlı baldızını qaçıran şəxsə cinayət işi açıldı
Bu il sentyabrın 23-də Cəlilabadın Məmmədrzalı kənd sakini 15 yaşlı Aynurə Nağıyevanı qaçıran rayon sakini Ələmdar Məmmədov barədə cinayət işi başlanıb.
1news.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Cəlilabad rayon Polis Şöbəsindən məlumat verilib.
Məlumata görə, azyaşlı A.Nağıyeva tapılandan bir müddət sonra polisə ifadə verib və bacısının həyat yoldaşı, 1990-cı il təvəllüdlü Məmmədov Ələmdar Əli oğlu tərəfindən qaçırılaraq Bakı şəhərinə aparıldığını bildirib. Azyaşlının ifadəsindən sonra Cəlilabad rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsilə cinayət işi başlanıb və təqsirləndirilən şəxs barəsində axtarış elan edilib.
Qeyd edək ki, A.Nağıyeva bu il sentyabrın 23-də Cəlilabad rayonunun Mikayıllı kənd sakini, 1990-cı il təvəllüdlü Ə.Məmmədov tərəfindən Bakının Qaradağ rayonunun Puta qəsəbəsinə qaçırılıb. Azyaşlı oktyabrın 31-də evlərinə qayıdıb və bacısının həyat yoldaşı tərəfindən qaçırıldığını bildirib.
1news.az