Bu ilin 11 ayında 3 560 nəfər şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib
İşçi qüvvəsinin daim inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması dövlət məşğulluq siyasətinin əsas istiqamətlərindən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq, cari ilin yanvar-noyabr aylarında əlavə olaraq 3560 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.
1news.az-a Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin vətəndaşlara dərzi, elektrik montyoru, kompyuter istifadəçisi, mebel quraşdırıcısı, əməliyyatçı mühasib, xalçaçılıq, avtomobil təmiri üzrə çilingər, elektrik qaynaqçısı, qənnadıçı, bərbər və s. peşələr öyrədilib. Kursları uğurla başa çatdıran şəxslərə peşə sertifikatları verilib. Onların yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin edilməsi üçün nazirliyin aidiyyəti rayon (şəhər) Məşğulluq mərkəzləri tərəfindən müvafiq işlər aparılıb.
Qeyd edilən şəxslərdən 3 240 nəfəri (o cümlədən 130 nəfər əlilliyi olan şəxs) üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib. 320 nəfər isə nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində seçdikləri peşələr üzrə kurslara qəbul olunublar. Həmin gənclər mərkəzdə peşə bacarıqlarına yiyələndikləri müddətdə onların burada dövlət hesabına tibbi xidmətlərlə, yataqxana və yeməklə təminatı həyata keçirilib. Onlar cəmiyyətə fəal inteqrasiya imkanlarına malik olmaları üçün sosial reabilitasiya yönümlü tədbirlərə də cəlb ediliblər.
Əmək bazarının tələbləri əsasında gənclərin düzgün peşə və ixtisaslara istiqamətləndirilməsi üçün yanvar-noyabr aylarında valideynlərin də iştirakı ilə keçirilən peşəyönümü tədbirlərində əlavə olaraq 102 337 nəfər gəncə peşəyönümü məsləhətləri verilib. Onların böyük əksəriyyətini orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri təşkil edib.
1news.az