Azərbaycan və əsas yəhudi təşkilatları Vaşinqtonda tolerantlıq və müxtəliflik bayramı keçirib – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və əsas yəhudi təşkilatları Vaşinqtonda tolerantlıq və müxtəliflik bayramı keçirib – FOTO

16:43 - 15 / 12 / 2016
Azərbaycan və əsas yəhudi təşkilatları Vaşinqtonda tolerantlıq və müxtəliflik bayramı keçirib – FOTO

Dekabrın 14-də Vaşinqton şəhərində Azərbaycanın ABŞ-dakı səfirliyi və yəhudi icmasının çox nüfuzlu Amerikanın Əsas Yəhudi Təşkilatları Prezidentlərinin Konfransının (AƏYTPK) həmsahibliyi ilə dini azadlıq və müxtəliflik rəmzi hesab edilən Hanukkah bayramına həsr olunmuş tədbir keçirilib.

1news.az-ın məlumatına görə, tədbirin məqsədi müxtəlif dini inancları olan xalqların həmrəyliyinin birgə qeyd edilməsi olub.

Tədbirdə ABŞ Konqresi üzvləri, tanınmış ictimai xadimlər, Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusunun çoxsaylı üzvləri, tanınmış yəhudi təşkilatlarının rəhbərləri, eləcə də Azərbaycan və yəhudi icmasının nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov iştirak edən bütün qonaqları, o cümlədən Türkiyə, Rusiya, İsrail və xüsusilə Fələstin Azadlıq Təşkilatının səfirlərini salamlayıb. O, Azərbaycan Səfirliyinin yəhudi təşkilatı ilə birgə keçirdiyi tədbirdə Fələstin səfirinin ilk dəfə iştirakını irəliyə atılmış müsbət addım kimi qiymətləndirib, fələstin və yəhudi xalqlarının tezliklə sülh şəraitində ləyaqətlə yaşamasına ümidini ifadə edib.

Səfir Süleymanov ölkəmizdə tolerantlıq və multikulturalizm, habelə müxtəlif xalqların və dini icmaların dinc və birgə yaşayış ənənələri barədə danışıb. E.Süleymanov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fikirlərinə istinadən ölkəmizin Qərblə Şərq arasında həm coğrafi, həm də mənəvi körpü rolu oynadığını xüsusi vurğulayıb.

Səfir Süleymanov bu günlərdə İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərinə toxunaraq, Azərbaycan Prezidenti İlham Əliyevin onunla uğurlu görüşünü, iki dövlət arasında çoxsaylı sənədlərin imzalandığını, B.Netanyahunun Bakıda yəhudi məktəbində şagirdlərlə görüşdüyünü və həmin görüşdə onun Azərbaycanı sevdiyinə dair bəyanat səsləndirdiyini xatırladıb. Bunların bir daha praktikada Azərbaycanın tolerantlıq və multikulturalizm dəyərlərinə sadiqliyinin təcəssümü olduğu vurğulayıb.

Tədbirdə daha sonra çıxış edən AƏYTPK-ın sədr müavini, yəhudi icmasının ən tanınmış liderlərindən biri Malkolm Hoenlein Azərbaycandakı zəngin tolerantlıq və multikulturalizm ənənələrindən danışıb, Azərbaycanın bu tədbirə həmsahiblik etməsinin bunun göstəricisi olduğunu, yəhudi icması nümayəndəsi kimi Azərbaycanda olarkən hər zaman yaxınlıq hiss etdiyini və Azərbaycanla İsrail arasında sıx münasibətlərin olduğunu vurğulayıb.

İsrailin ABŞ-dakı səfiri Ron Dermer öz çıxışında dini azadlığın və müxtəlifliyin qorunmasının vacibliyini qeyd edib, Azərbaycanın bu xüsusda nümunəvi rolunu vurğulayıb və Azərbaycan tərəfinə bu tədbirə  birgə təşkilatçılıq etməsini bunun bariz misalı kimi qeyd edib. O, bu günlərdə İsrailin baş nazirinin Azərbaycana uğurlu səfər etdiyini xatırladaraq, bunun yəhudi və müsəlman ölkələri arasında uğurlu əməkdaşlığın nümunəsi adlandırıb.

Tədbirdə AƏYTPK sədri Stefen Qrinberq və sədr müavini Malkolm Hoenlein bu yaxınlarda İsraildə baş vermiş geniş miqyaslı yanğınların söndürülməsində Fələstin Azadlıq Təşkilatı, Rusiya, Türkiyə də daxil olmaqla iştirak etmiş ölkələrin səfirlərini mükafatlandırıb.

Tədbirdə müxtəlif xalqların həmrəyliyinin təcəssümü olaraq xarici dövlət səfirliklərinin nümayəndələri, o cümlədən Azərbaycan, İsrail, Türkiyə, Rusiya, Bolqarıstan, Çexiya, Tacikistan, Fələstin Azadlıq Təşkilatının səfirləri həmrəylik cərgəsinə qoşulub.  Öz növbələrində, bu cərgədə yanaşı durmaqla İsrail və Fələstin Azadlıq Təşkilatının səfirləri bu həmrəyliyin təcəssümü olub.

Tədbirin rəsmi hissəsindən sonra qonaqlara dünya mətbəxi nümunələrindən ibarət ziyafət verilib. Həmrəylik və bərabərlik mesajını gücləndirmək üçün sözügedən tədbir Vaşinqtondakı “Trump İnternational Hotel”inin quldarlığı ləğv etmiş ABŞ prezidenti Linkolnun adına zalda keçirilib.

Əlamətdardır ki, Azərbaycan tərəfinin həmsahiblik etdiyi tədbirə AƏYTPK İsraildə baş vermiş yanğınların söndürülməsində iştirak etmiş xarici dövlət nümayəndələrini mükafatlandırıb, habelə İsrail və Fələstin səfirləri həmrəylik nümayiş etdirib ki, bu da Azərbaycanın dünyada tolerant, multikulturalizm ənənələrinə sadiqliyinin dünyada daha da çox tanınmasının göstəricisidir.

1news.az

Paylaş:
467

Son xəbərlər

Bütün xəbərlər