Dünya şöhrətli müğənni Rəşid Behbudovun anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd olunub - FOTO
Dekabrın 14-də Heydər Əliyev Sarayında SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı, ölməz korifey sənətkarımız Rəşid Behbudovun anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd olunub.
1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, tədbir Prezident İlham Əliyevin sənətkarın 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunub.
Əvvəlcə tədbir iştirakçıları sarayın foyesində sənətkarın ömür yolundan və yaradıcılığından bəhs edən fotosərgi ilə tanış olublar.
Yubiley gecəsində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sənətkarın ömür yolundan və Azərbaycan musiqisinin təbliğindəki xidmətlərindən danışıb.
Bildirilib ki, əsl müğənni və sənətkar ömrü yaşamış, yaradıcılığı ilə mədəniyyət tariximizdə parlaq şəxsiyyətlərdən biri olan görkəmli sənətkar və ictimai xadim Rəşid Behbudov öz həyatı və yaradıcılığı ilə adını musiqi mədəniyyəti tariximizə əbədi həkk edib.
Diqqətə çatdırılıb ki, 1915-ci ildə Tbilisidə xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açan R.Behbudov uşaq yaşlarından məktəb xorunda oxuyub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Rəşid Behbudov 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alıb. 1945-ci ildə efirə çıxan film çox tez bir zamanda nəinki Azərbaycanda, bütün SSRİ məkanında böyük populyarlıq qazanıb.
R.Behbudov uzun illər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. Hazırda bu teatr dahi sənətkarın adını daşıyır.
İfaçılıqda xalq yaradıcılığını, vokal sənətini, estrada janrını sintez edən Rəşid Behbudov təkraredilməz məlahətli səsi, xarici görünüşü və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlayan ifaçılardandır. Musiqi xəzinəmizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda populyarlıq qazanması məhz Rəşid Behbudovun bənzərsiz ifası, möcüzəli səs çalarları ilə mümkün olub. Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Qara Qarayev, Arif Məlikov və digər dünya şöhrətli bəstəkarlarımızın yaradıcılığını onsuz təsəvvür etmək mümkün deyildir.
Xalqını sonsuz bir məhəbbətlə sevən sənətkar sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş konsert proqramları ilə Azərbaycan xalq mahnılarının və bəstəkar əsərlərinin populyarlaşmasında çox böyük rol oynayıb. Yaradıcılığı sərhəd tanımayan Rəşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilmiş sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına layiq görülüb.
Mədəniyyət və turizm naziri deyib ki, ulu öndər Heydər Əliyev Rəşid Behbudov sənətinə hər zaman yüksək qiymət verib və sənətkarın 85 illik yubiley tədbirində unudulmaz nitq söyləyib.
Bildirilib ki, ölümündən sonra da bu böyük sənətkara sevgi azalmayıb, əksinə daha da artıb. Məhz bu sevginin bariz nümunəsidir ki, hər il sənətkarın doğum günü ölkəmizdə silsilə tədbirlərlə qeyd olunur. Rəşid Behbudovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı isə ölkəmizdə bütövlükdə əsl sənət fədailərinə verilən qiymətin bariz nümunəsi kimi dəyərləndirilməlidir. Sərəncama əsasən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan tədbirlər planına uyğun olaraq il ərzində ölkənin bütün musiqi məktəblərində, böyük konsert salonlarında tədbirlər təşkil olunub. Rəşid Behbudovun anadan olmasının 100 illiyi həm də onun adını daşıyan küçədə, yaratdığı teatrın qarşısında abidəsinin açılışı ilə yadda qalıb. Heykəlin müəllifi Xalq Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevdir. Heykəlin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev deyib: “Rəşid Behbudov öz həyatını musiqiyə həsr etmişdir. Onun təkrarolunmaz səsi bizim milli sərvətimizdir. Rəşid Behbudov doğma xalqına, millətinə çox bağlı insan idi. Bir çox ölkələrdə Azərbaycanı Rəşid Behbudova görə tanıyırdılar”.
Rəşid Behbudov sənətinin unudulmaz əbədi olduğunu söyləyən Ə.Qarayev vurğulayıb ki, bütün yaradıcı ömrünü xalqına bağışlayan sənətkar mənsub olduğu xalqın da qəlbində əbədi yaşayacaqdır.
Tədbirin bədii hissəsi Rəşid Behbudovun öz ifasında “Azərbaycan” mahnısının videolentinin nümayişi ilə başlayıb.
Gecədə tanınmış musiqiçilər Rəşid Behbudovun repertuarından “Tələsin insanlar”, “Sevgilim”, “Alagöz”, “Bahar sənsiz”, “Əziz dost”, “Sənə də qalmaz”, “Gözəlim sənsən”, “Qızıl üzük” və digər mahnıları ifa ediblər.
Həmçinin Rəşid Behbudovun öz ifasında lentə alınmış mahnılar yenidən təqdim olunub və alqışlarla qarşılanıb.
Sonda bütün musiqiçi iştirakçılar birlikdə “Azərbaycan” mahnısını səsləndiriblər.
1news.az